fbpx
Skip links

Litium – enerji keçidinin açar resursu kimin əlinə keçəcək?

Son bir neçə ildir ki, dünya sözün əsl mənasında litium hərisliyinə şahidlik edir. Gah “ağ qızıl”, gah da “ağ neft” adlandırılan metal hər keçən gün dünyanın ən böyük iqtisadiyyatları üçün daha mühüm məna kəsb edir. Onlar da bu resursa sahib olmaq uğrunda amansız mübarizə aparmağa məcbur olurlar. Hal-hazırda litium bazarında ötən 10 ilə nisbətən dəfələrlə qiymət artımı müşahidə edilir. Proqnozlara görə, qərbdə və Çində enerji keçidi ilə bağlı yaranan ehtiyaclar səbəbilə gələn bir neçə ildə litium bazarında qıtlıq yaranacaq. Yaranmış gərgin vəziyyət dünyada hökm sürən geosiyasi qarşıdurmanın təsiri altında daha da ağırlaşmış olacaq: kim özünü ən mühüm xammal ilə təmin edə bilməsə məğlubiyyətə məhkumdur. Litium üstündə gedən müharibənin əsas döyüş meydanı isə bir çox minerallarla zəngin Afrikadır.

Uğura köklənmiş metal

2010-cu ildə dünyada litiumun əsas istehlakçısı şüşə və keramika istehsalçıları idilər. Onlar da litiuma olan ümumi tələbatın 31%-ni ödəyirdilər ki, bu göstərici də öz-özlüyündə böyük deyildir. Ancaq 2020-ci ilin əvvəlində hər şey dəyişir. Sözügedən metalın 70%-i notbuklardan tutmuş fotoaparatlara kimi bütün müasir cihazların tərkibində yer alan litium batareyalarının istehsalında istifadə olunmağa başlayır.

Akkumulyatorunun birinə orta hesabla 8 kiloqram litium sərf olunan elektrik avtomobillərinin meydana çıxması və sürətlə populyarlıq qazanması da bu dəyişimə güclü təkan verdi. Günümüzdə bu cür avtomobillərin həftəlik satış göstəricisi 10 il öncə 1 ilə qeydə alınırdı. Ötən il dünyada 10,5 milyon elektrik mühərikkinə malik avtomobil satılıb ki, bu da 2021-ci ilin göstəricisindən 50% çoxdur. Bu il bu göstəricinin 40 milyona qədər yüksələcəyi gözlənilir.

Foto: Julian Stratenschulte / Picture Alliance / Getty Images
Foto: Julian Stratenschulte / Picture Alliance / Getty Images

 

Elektromobil satışında müşahidə olunan “partlayış”a paralel olaraq litium istehsalı da yüksək sürətlə artmaqdadır. 2010-2021-ci illər aralığında metalın istehsal həcmi 4 dəfə artmış və 546 min ton litium karbonatı ekvivalentinə (lithium carbonate equivalent, LCE – müxtəlif litium birləşmələri üçün istifadə olunan standart ölçü vahidi) bərabər olmuşdur. Keçən il bu göstərici təxminən 680 min ton LCE-ə çatmışdır.

40 mln

2023-cü ildə dünyada məhz bu qədər elektrik avtomobili olacaq

 

Son iki ildə qiymətlərin istehsal həcminə nisbətən daha sürətlə artımı qeydə alınmışdır. 2021-ci ilə aid göstəricilərdə qiymət artımı 400 faizə qalxmış, artım tempi 2022-ci ildə də davam etmiş və həmin ilin noyabr ayında 2021-ci ilin əvvəli ilə müqayisədə qiymət fərqi 10 dəfəyə qədər qalxmaqla rekord göstərici qeydə alınmışdır. Bu zaman litium ilin ən qiymətli metalı elan olunmuş, “Tesla” şirkətinin başçısı İlon Mask isə litium emalı müəssisələrini şəxsi pul çap edən maşınla müqayisə etmişdir.

Hal-hazırda bu, prinsipcə, pul çap etməklə eynidir. Mən sahibkarlara bir daha tövsiyyə edərdim ki, litium emalı biznesinə qoşulsunlar: uduzmazsınız

İlon Mask

Bu cür sürətli qiymət artımının səbəbini bütün bu müddət ərzində bazarın defisitli qalmasında axtarmaq lazımdır. Belə ki, təklif tələblə ayaqlaşa bilmir. Baxmayaraq ki, planetimiz kifayət qədər litium ehtiyatına sahibdir və mövcud qıtlıq problemi hasilat layihələrinin inkişafı və yetərli yatırımlarla həll edilə bilər. Problem ancaq hasilat gücünü gec olmadan artırmaqdır. Proqnozlara görə tələbat 2025-ci ilə qədər 1,5 milyon ton LCE-ə qalxacaq, onilliyin sonuna isə 3 milyonu tonu ötəcək.

owl wide 1200 68a1e30a275be66c5e09ae2d58ae6013
Foto: Agustin Marcarian / Reuters

 

Qanunvericiliklə dəstəklənən elektromobil sektorunun aktiv inkişafı da tələbin artmasına əsas təkanverici faktor olacaq. 2023-cü ilin mart ayında Avropa İttifaqı 2035-ci ilə qədər ənənəvi yanacaqla işləyən avtomobillərin satışına qoyulan qadağa ilə bağlı razılığa gəlmişdir. Buna baxmayaraq, İttifaqa daxil olan ölkələr nəzərdə tutulduğu kimi ənənəvi avtomobillərə qoyulan qadağa ilə bağlı yekdil mövqe ortaya qoymayıblar: Almaniya adi daxili yanma mühərriklərinə (DYM) də uyğun gələn xüsusi CO2 neytral yanacağı ilə (e-fuel) işləyən avtomobillərin istismarının davam etdirilməsi təklifi ilə çıxış etmişdir.

Bu cür yanacaq elektrik enerjisi, su və havadan əldə edilmiş CO2-dən istifadə edən mürəkkəb proses nəticəsində sintez olunur. Lakin proses hələlik tammiqyaslı deyil, ilk kommersiya məqsədli zavod isə bir neçə ay əvvəl öz işinə başlamışdır. Müəssisə Porsche və onun tərəfdaşlarına məxsus olsa da, şirkət qeyd edir ki, e-fuel-ə göstərdiyi marağa rəğmən, əvvəlki kimi əsas gücü “adi” avtomobillərin istehsalına yönəltməkdə israrlıdır. Avtomobil sənayesi məhz bu yönümlüdür, çünki gərəkli texnologiyalar və sahələr artıq geniş miqyasda ələ alınmışdır.

Beləliklə, Avropa İttifaqının irəli sürdüyü islahatlar hətta kompromis əldə olunacağı halda belə Avropa avtoparkının elektrikləşdirilməsini və bunun nəticəsi kimi litiuma olan tələbatın kəskin şəkildə artacağını nəzərdə tutur.

owl wide 1200 c67392d7419e2a5cd3362dbe66497561
Foto: Albert Gea / Reuters

 

Qiymətləndirmə agentliyi olan “Benchmark Mineral Intelligence”-in hesablamalarına əsasən, 2035-ci ilə kimi Avropa İttifaqına hasil etdiyindən 2,5 dəfə artıq litium lazım olacaq. Hal-hazırda qlobal həcmin təxminən yarısını qarşılayan ən böyük litium hasilatçısı Avstraliyadır. Emal sektorunda dominant mövqe isə bazarın təxminən 60%-ə sahib Çinə məxsusdur. Məhz emal sənayesi batareya hazırlanması üçün gərəkli olan litium karbonatı və hidroksidini əldə etməyə imkan verərək akkumulyator sektoru üçün xammal təchizatı zəncirində mühüm rol oynayır.

60%

Çinin dünya üzrə litium emalındakı payı məhz bu qədərdir

 

Dünya litium təchizatının təxminən 13 faizini təkbaşına təmin edən ÇXR son illər 2010-cu ilə kimi hasilat sahəsində lider hesab edilən Avstraliya və Çilidə də aktivlər əldə etmişdir.

Müstəqilliyə çatana qədər qazmaq

Avropada isə litium sektorunda problemlər yaşanır. Regionda işləməyə hazırlaşan azsaylı şirkətlər arasında Avstraliyanın “Vulcan energy Resources” şirkəti hasilata 2025-ci ildə, Fransaya məxsus “Imerys” şirkəti isə Normandiyada yerləşən yataqlarda litium hidroksidi istehsalına 2028-ci ildə başlayacaq.

owl wide 1200 643121c4cc7e7c2306c7adb74d8f89c7
Foto: Balint Porneczi / Bloomberg / Getty Images

 

Onların ümumi gücü il ərzində təxminən 1,2 milyon kiçik tutumlu elektromobil istehsalına yetəcək ki, bu göstərici gözlənilən tələbatdan qat-qat aşağıdır. Keçən il Avropada 11 milyondan çox müxtəlif növ avtomobil satılmışdır.

Üstəlik, “Vulcan” və “Imerys” müəssisələrinin mütləq uğur qazanacağı da sual altındadır. “Imerys” şirkətinin başçısı Alessandro Datsanın sözlərinə görə: – “Layihələr özlərində müəyyən risklər də daşıyır: Biz əvvəl heç kəsin məşğul olmadığı istehsalat prosesləri ilə məşğul olmaq qərarı almışıq”. O həmçinin əlavə etmişdir ki, sektor dövlət dəstəyinə ehtiyac duyur.

Hakim dairələr artıq  sözügedən sənaye sahəsinə yardımların vacibliyini anlayır, lakin söhbət hələki qərarlaşdırılmış hərəkət planından yox, hədəflərin müəyyən edilməsindən gedir. Martın ortasında Avropa Komissiyası İttifaqın  gərəkli mallarla özünütəminat səviyyəsinin artırılmasına yönəlmiş “Mühüm xammal materialları haqqında” adlı qanun layihəsi təqdim etmişdir. Hal-hazırda Avropa özünə lazım olan metalların 75-100 faizini idxal edir. Lakin Brüssel Rusiya qazının təcili əvəzedilməsi təcrübəsindən sonra anlayır ki, bu asıllığı da aradan qaldırmaq labüddür.

owl wide 1200 a8e646efb2f99a746122444af08cd976
Foto: Johanna Geron/ / Reuters

 

Sənəd hasilatda və xammal emalında Avropanın malik olduğu hissə ilə bağlı müəyyən istiqamətlər verir. Biznes nümayəndələri isə qeyd edirlər ki, onlara hökümətlərin maliyyə yardımları əvəzolunmaz olacaq. Onlar həmçinin hasilat üçün icazələrin alınması zamanı qarşılaşdıqları bürokratik əngəllərdən də şikayətçidirlər. Bu problemi Aİ sənədləşmə üçün dəqiqləşdirilmiş son tarixlərin qoyulması ilə həll etməyi planlayır. Lakin analitiklər ehtiyat edirlər ki, bu tədbir problemin birdəfəlik həlli olmayacaq.

Avropadakı hasilat sektoru eyni zamanda iki şeydən əziyyət çəkir: işlərin ilkin mərhələsində maliyyə çatışmazlığı və sənəd əldə edilməsinin daha mürəkkəb sistemi, nəinki  Afrika, Avstraliya və Kanadada.

Kevin Mörfi

“S&P Global Commodities” şirkətində analitik

 

Ötən il hakim dairələrin qərarı ilə Avropada daha bir litium hasilatı layihəsinin gələcəyi sual altına düşdü. Avstraliyanın “Rio Tinto” şirkəti Serbiyada litium mədəninin işlədilməsi icazəsindən məhrum edildi. Serbiya prezidenti Ana Brnabiç ekoaktivistlərin etirazlarından sonra elan etdi ki, layihəyə “nöqtə qoyulub”.

owl wide 1200 5ec2079937a9b004fca57406e2e2a8c0
Foto: Jessica Rinaldi / The Boston Globe / Getty Images

 

Yerli KİV-lərdə yayılan fikrə görə isə, nöqtə mərhələli şəkildə vergülə çevrilməkdədir. Belə ki, “Rio Tinto” 2022-2023-cü illərdə mədənin ətrafında torpaq sahələri almağa davam edib. Bu da layihənin sadəcə dondurulduğunu deməyə əsas verir. Avstraliya şirkəti də etiraf edir ki, mədənin işlədilməsinə olan maraq heç yerə itməyib.

Mütəxəssislərin rəyinə görə, görülən tədbirlərə baxmayaraq yaxın gələcəkdə Avropanın litium idxalından ciddi asıllığı davam edəcək. Almaniyada hasilat aparmağa hazırlaşan “Vulcan energy Resources” şirkətinin başçısı Frensis Vedin hesab edir ki, Çin ilk növbədə öz sanayesinin təchizatı ilə məşğul olacaq.

Bu Asiya ölkəsi artıq elektromobillərə keçid göstəricilərinə görə dünya lideridir. Ökədə bu növ avtomobillərin yüzlərlə modeli təqdim edilib. Ötən il hibrid və elektromobillərin satış göstəricisi 6 milyon ətrafında qərarlaşıb. Çində satılan avtomobillərin əksəriyyəti yerli istehsal olmaqla yanaşı, hər dördündən biri elektrik mühərriki ilə təchiz edilib.

owl wide 1200 ad8ac19c6581406b075e4ec57016e3b2
Şəkil: JAC

 

Çin maşınqayırma sənayesi bugün çətin dövr keçirən Rusiya bazarının əsas tərəfdaşına çevrilib. Bir müddət əvvəl satışa buraxılan “Moskviç” elektrokarı Çinin JAC şirkəti tərəfindən buraxılan avtomobilin bir variantıdır. Rusiya da elektrik avtomibili sektorunun inkişafı ilə bağlı planlara malikdir. Hələ böhrandan əvvəl 2021-ci ildə qəbul edilmiş konsepsiyaya əsasən 2030-cu ilə qədər 220 min ədəd elektrik mühərriki ilə təchiz edilmiş avtomobil istehsal edilməsi planlaşdırılırdı.

Litiuma gəlincə isə, Rusiyanın vəziyyəti qismən Avropa ilə müqayisə oluna bilər. 1997-ci ildə Krasnoyarsk vilayətində yerləşən mədənin yarım əsr işlədikdən sonra fəaliyyətini dayandırması ölkəni xammal idxalından təmamilə asılı vəziyyətə gətirmişdir. Ölkədə heç bir hasilat işləri aparılmırdı. Ötən il Argentina və Çilinin Rusiyaya xammal ixracından imtina etməsindən sonra isə Rusiya Federasiyasının Sənaye və Ticarət Nazirliyinin nümayəndəsinin sözlərinə görə ölkədə litiumla bağlı “nəhəng problem” yaranmışdır.

Problemi aradan qaldırmaq üçün hasilatla məşğul olan şirkətlərin qeydiyyatı prosesini sürətləndirmək qərara alınmışdır. Yaxın illərdə Murmansk bölgəsində yerləşən ən böyük yerli litium yataqlarında işlərin başlanması nəzərdə tutulmuşdur. Ehtimallara görə bizim onilliyin sonuna qədər mümkün hasilat həcmi Rusiyaya dünya bazarının 10%-nə yiyələnməsinə imkan verə bilər.

Rusiya paralel olaraq digər ölkələrdə də resurs yarışına qoşulmağa ümid edir. Bu məqsədlə Boliviyada yerləşən dünyanın ən böyük yataqlarının işlənməsi ilə bağlı danışıqları davam etdirir. Hələki Cənubi Amerika ölkəsi Çinin CBC şirkəti ilə bağlanan müqaviləni davam etdirməkdə maraqlıdır.

Afrika üstündə mübarizə

Litium üstündə gedən beynəlxalq müharibənin ən əsas döyüş meydanı isə digər bir materik – Afrikadır. Onu səmimi olaraq sektorun yeni doğan ulduzu adlandırmaq olar. “Trafigura” treydinq nəhənginin qiymətləndirməsinə əsasən 2030-cu il üçün dünya litium ixracının 5/1 hissəsi bu materikin payına düşəcək. Zimbabve, Namibiya, Qana, Konqo Demokratik Respublikası və Mali böyük litium ehtiyatına malikdirlər.

20%

2030-cu ildə Afrikanın dünya litium hasilatındakı payı məhz bu qədər olacaqdır

 

Qərb oyunçuları da bu bölgədə rəqabətə qoşulmaq niyyətindədirlər. Namibiyada Uis adlı yaşayış məntəqəsində “Andrada” şirkətinə məxsus litium zavodunun istifadəyə buraxılması planlaşdırılır. Müəssisənin başçısı Entoni Filyunun sözlərinə görə, tezliklə Afrika yalnız öz litium ehtiyatlarına görə deyil, həm də enerji keçidində mühüm rol oynayacaq digər minerallar, qalay və tantal, səbəbindən də böyük əhəmiyyətə malik olacaq.

owl wide 1200 34674fa3e2363a091b64e37d3de81ca7
Zimbabvedə “Arkadia” litium mədəni. Foto: Tafadzwa Ufumeli / Getty Images

 

“Andrada” şirkəti Gernsidə qeydiyyatdan keçmişdir, aksionerləri isə əsasən Britaniya və Amerikadan olan idarəçilər və investisiya şirkətləridir. İyun ayında Namibiyada ona məxsus sahədə yerli filizdən əldə edilmiş ilk litium konsentratı partiyası istehsal ediləcək.

Yanvar ayının sonu İttifaqın mühüm xammalla təminat strategiyasına cavabdeh Avropa Komissarı Tyerri Breton Uis yaşayış məntəqəsinə baş çəkmişdir. O öz Twitter hesabında mədənin xüsusi potensiala malik olduğunu qeyd etmişdir. “Avropa İttifaqı” kritik dərəcədə mühüm xammalın qlobal səviyyədə sabit təminatını təşkil etmək və bununla Namibiyanın iqtisadi inkişafına dəstək nümayiş etdirmək üçün möhkəm bərabərhüquqlu tərəfdaşlıq qurmağa çalışır” – məmur yazmışdır.

Bu yaxınlarda ABŞ prezidentinin enerji təhlükəsizliyi üzrə xüsusi nümayəndəsi Amos Xoxştayn da Afrikaya səyahət etmişdir. Onun sözlərinə görə, Vaşinqton materikin faydalı qazıntılarına sərmayə qoyuluşu üzrə strategiya qəbul etmək niyyətindədir. “Hasilat çox sayda ölkələr və şirkətlər tərəfindən aparılmalıdır, rəqabət gərəklidir” – Xoxştayn qeyd etmişdir.

Amos Xoxştayn
Amos Xoxştayn, ABŞ prezidentinin enerji təhlükəsizliyi üzrə xüsusi nümayəndəsi Foto: Dalati Nohra / Reuters

 

ABŞ da böyük litium ehtiyatlarına sahibdir və hələ 1990-cı illərdə dünyanın ən böyük litium istehsalçısı idi. Ancaq son illər ekoaktivistlərin müqaviməti və həmçinin yerli xalqların öz müqəddəs torpaqlarında metallurgiya zavodlarını görmək istəməməsi ABŞ-da hasilatın inkişafını ləngidən faktorlardandır. Bunun fonunda rəsmi Vaşinqton resurslara çıxış əldə etmək üçün Afrika ölkələri ilə əlaqə qurmaq cəhdlərindən əl çəkmir.

“Andrada” şirkətinin başçısı Entoni Filyun hesab edir ki, Qərb biznesi Afrikada özü üçün xoş olmayan kəşflə üz-üzədir: Çin sərmayəçiləri materikə daha əvvəl gəliblər və artıq oraya böyük miqdarda sərməyə yatırıblar. ÇXR şirkətləri Afrikada hələ litiumun qiyməti ucuz olan dövrdən fəaliyyət göstərirlər.

Biz çinlilərin oraya birinci çatmasından elə də çox qorxmuruq. Onlar artıq oradadırlar, bu artıq baş verib.

Rassel Frayer

Afrikanın hasilat sənayesinə yatırımlar edən Britaniyanın “Critical Metals” şirkətinin icraçı direktoru

Artq ilk il deyil ki, ÇXR Afrika ölkələri üçün əsas iqtisadi tərəfdaş rolunu oynayır. 2021-ci ildə Çinin Afrika ölkələri ilə ümumi ticarət dövriyyəsi 254 milyard dollara çatmışdır ki, bu da ABŞ-ın göstəricisindən (64 milyard dollar) 4 dəfə çoxdur.

owl wide 1200 c87a787d73d9ac6ba55aa4a92a258bec
Foto: Christopher Herwig / Reuters

 

“Çinlilər ciddi oynayırlar. ABŞ ilə əlaqələrimiz müntəzəm deyil, Çin isə bu mənada daha ardıcıldır”, – Vaşinqtonda yerləşən Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin Afrika proqramı üzrə idarəçisi Mvemba Dizolele bu fikirlə çıxış etmişdir.

Çin şirkətlərinin litium sektorunda ən aktiv olduğu ölkə Zimbabvedir. Bu ölkənin kəşf edilmiş litium ehtiyatları patensial olaraq dünya tələbatının 5/1 hissəsini ödəmək gücündədir. Keçən ay Zimbabvedə Çinin “Huayou Cobalt” şirkətinə məxsus litium konsentratı istehsal edən zavod öz işinə başlayıb.

O, 2021-ci ildə sözügedən ölkədə 422 milyon dollar dəyəri olan litium yatağı əldə etmiş, son ildə daha üç Çin şirkəti də litium layihələrinə ümumilikdə 700 milyon dollar sərmayə qoyuluşu həyata keçirmişlər. Zimbabvenin ən böyük litium mədəni Bikita da Çin şirkətlərinə məxsusdur.

“Huayou Cobalt” Namibiyaya da məxsus aktivlərə maraq göstərir. Keçən ay o Uisdə fəaliyyət göstərən Avstraliya şirkətinə də sərmayə yatırmışdır. Artıq həcmi 10 min tonla ölçülən litium filizi hasil etmiş və Çinə göndərmiş “Xinfeng” şirkəti də o bölgədə fəaliyyət göstərir.

Yaxşı unudulmuş köhnə

Günümüzdə Afrikada fəaliyyət göstərən hər kəsə aydındır ki, hələ ki döyüş meydanında üstünlük Çinə məxsusdur. ÇXR-in üstünlüyü ondadır ki, o filiz emalı üzrə artıq nəhəng imkanlara malikdir və bununla da əksər hallarda hasil edilən xammalın son təyinat məntəqəsi olur. “Sirr deyil ki, Afrika Avropaya daha yaxındır və oraya məhsul göndərmək iqtisadi cəhətdən daha məqsədəuyğundur. Lakin Çin artıq inkişaf etmiş infrastruktura malikdir” – Londonda qeydiyyatdan keçmiş, Malidə litium hasilatı ilə məşğul olan və bu yaxınlarda şirkətə Çin yatırımları cəlb etmiş “Kodal Minerals” şirkətinin icraçı direktoru Bernard Eyluord bu fikirdədir.

owl wide 1200 44fb910455948fb0f792dcd73040c0d6
Foto: Christian Ender / Getty Images

 

Qərb sərmayəçiləri və bankları çinlilərdən fərqli olaraq Afrikadakı layihələrə ehtiyatla yanaşırlar və onları kifayət qədər riskli hesab edirlər. Yerli siyasətçilərin dəyişkənliyi və korrupsiya Qara Materikdə biznesin fəaliyyətini çətinləşdirir. Bundan əlavə, litiumun qiyməti də qeyri-sabitdir və 2023-cü ilin yazına olan göstərici keçən ilin sonu qeydə alınmış maksimum göstərici ilə müqayisədə əhəmiyyətli dərəcədə azdır. Hazırki qiymətlərin əvvəlki illərin orta göstəricisindən yüksək olmasına və gözlənildiyi kimi bazarın 2026-cı ilə kimi defisitli qalmasına baxmayaraq, qiymətlərin enməsi qərb sərmayəçilərini hasilatçı şirkətlərə tələbi azaltmaları üçün təzyiq göstərməyə məcbur edir.

Bəzi analitiklər hesab edirlər ki, litium qıtlığına verilə biləcək ən məntiqli cavab hasilatı artırmaq əvəzinə, yeni tip natrium-ion akkumulyatorlarının hazırlanması ola bilər. Bu tip batareyaların kommersiya nümunələri artıq mövcuddur, lakin kütləvi istifadəyə buraxılmayıb və litium əsaslı batareyalarla müqayisədə müəyyən çatışmazlıqlara malikdir. İstənilən halda natrium-ion batareyalarının işlənib hazırlanması əhəmiyyətli hesab edilir. Üstəlik, planetin litium ehtiyatı da sonsuz deyil.

Əslinə qalarsa, gələcəkdə dünya elektrik avtomobilləri üçün daha bir etibarlı litium mənbəsi tapmalıdır. Yenidən emala buraxılan işlənmiş akkumulyator belə bir çıxış yolu ola bilər. Önümüzə gələn onillikdə indiyə kimi istismara buraxılmış bir çox elektrik avtomobili batareyalarının istifadə müddəti bitəcək. Yenidən emal sayəsində onlar da ikinci həyat qazana bilərlər.

owl wide 1200 41512c40116f2862ff3ef88f7c27786d
Foto: Christinne Muschi / Bloomberg / Getty Images

 

Batareyaların yenidən emalı onların tərkibindəki metalları, həmçinin kobalt, nikel, mis və alüminium, əldə etməyə imkan verir. Digər metallarla müqayisədə akkumulyatorlardan daha az litium əldə etmək olur, lakin onun yüksək qiyməti istənilən halda emal prosesini kifayət qədər sərfəli edir.

Bugün Avropada 50 min ton ətrafında istifadə müddəti bitmiş batereya yenidən emal olunur və bu həcmin 2030-cu ildə 420 min tona çatacağı, 2040-cı ildə isə 2 milyon tonu ötəcəyi gözlənilir. Artıq bir neçə ildən sonra Avropa İttifaqı batareyaların yenidən emalı bazarının yarısına yiyələnmiş olacaq. Təkcə köhnə batareyalarla litium təminatı problemini həll etmək mümkün deyil. Ancaq uzaq vədədə tələbatın 15%-i təmin realdır. Yenidən emalla şəxsi hasilata birlikdə sərmayə qoyuluşu müasir iqtisadi müharibədə Avropa üçün hətta Afrikada məğlub olacağı təqdirdə belə yaxşı şans kimi görünür.

Paylaş

Digər yazılar

Geotermal enerji nədir?

Geotermal enerji yerin dərinliklərindən gələn istilikdir. Geo yer deməkdir, termal isə isti. Bu istilik sonsuz bərpaolunan enerji mənbəyi ola bilər, çünki tükənməzdir. Yerin altından qalxan