fbpx
Skip links

İsti havalar dünya iqtisadiyyatını necə məhv edir?

detail a5cb9c0476027cc1d82c942fef53492f
Foto: Brian van der Brug / Los Angeles Times / Getty Images

BMT-in baş katibi Antoniu Qutteriş iyul ayının sonunda qeyd edib, – “Qlobal istiləşmə dövrü bitdi, “qlobal qaynama” dövrü başladı”. Keçən ayın əvvəli planetimizdə meteoroloji müşahidələr tarixində ən isti gün qeydə alınıb. Bəzi mütəxəssislərin qiymətləndirmələrinə əsasən, 2023-cü ilin iyul ayı da ən az son 100.000 ilin istilik rekordunu vurub. Temperaturun daim yüksək olduğu ölkələrin sakinləri ötən ayları cəhənnəmlə müqayisə edirlər, bəzi hallarda isə isti hava insan ölümlərinə də səbəb olub. Eyni zamanda hava şəraiti iqtisadiyyat üçün də ciddi problemə çevrilir: kənd təsərrüfatı məhsul qıtlığı ilə, enerji sistemi artan yüklənmə halları və enerji hasilatında fasilələrlə üzləşir. Bütün fəaliyyət sahələrində işçilər vəzifə öhdəlikləri yerinə yetirməkdə çətinlik çəkir, infrastruktur isə ekstremal şaraitə tab gətirə bilmir. Son onilliklər ərzində istilər dünya əhalisinə trilyonlarla dollara başa gəlib. Ekspertlərə inansaq, gələcəkdə vəziyyət daha da pis olacaq.

Yanıb külə çevrilən ÜDM

Amerikanın Dartmund kollecinin mütəxəssislərinin hesablamalarına görə, ancaq 1992-ci ildən 2013-cü ilə qədər olan müddət ərzində planetimizdə hökm sürən ekstremal isti hava şəraiti dünya iqtisadiyyatında 16 trilyon dollar itkiyə səbəb olub. Alimlərin bu araşdırması daşqınlar və fırtınalar kimi digər iqlim dəyişikliklərinin yox, məhz yüksək temperaturun hansı fəsadlara gətirib çıxara biləcəyini əyani şəkildə göstərən azsaylı tədqiqatlardandır.

Mütəxəssislər dünyanın müxtəlif regionlarında hava şaraiti haqqında məlumatları öyrənmiş və onları müvafiq ölkələrin həmin illərə aid iqtisadi göstəriciləri ilə müqayisə etmişlər. Aşkar edilmişdir ki, ekstremal yüksək temperaturlar statistik olaraq ÜDM-un artımındakı dəyişikliklərlə üst-üstə düşür. Qlobal Cənuba aid inkişafda olan ölkələrlə müqayisədə nisbətən inkişaf etmiş ölkələrin itkiləri daha azdır. Birinci qrupa aid ölkələrdə havaların isti keçməsi səbəbindən adambaşına düşən gəlir 6,7% azaldığı halda, ikinci qrupa aid ölkələrdə bu göstərici 1,5% təşkil edir. Onların fikrincə, bu ədalətsizdir, çünki böyük iqtisadiyyatlar qlobal istiləşməyə çox daha böyük töhfə verir.

owl wide 1200 fc513d1ea555e62b1ce7f6a667882c27
Malinin paytaxtı Bamako şəhərinin küçələrində
Foto: Michael Kappeler / dpa / Globallookpress.com

Mütəxəssislər tərəfindən tədqiq edilən dövr ərzində yüksək temperatur daha çox tropik regiona zərər yetirmişdir. Misal üçün, Braziliya, Venesuela və Malidə adambaşına düşən illik ÜDM göstəricisi normal şəraitlə müqayisədə 5% azalmış, Kanada və Finlandiyada isə bu göstərici 1% olmuşdur. Nəticədə isti hava ucbatından, demək olar ki, hər kəs itirir. Bunun səbəbi həm dünya iqtisadiyyatlarının qarşılıqlı əlaqəsi, həm də hələlik heç bir ölkənin hava şəraitinin dəyişməsinə adaptasiya olmamasıdır.

Üstəlik, alimlər təkid edirlər ki, vəziyyət getdikcə ancaq pisləşəcək. Heç kəs bundan yan keçə bilməyəcək. Bu yay hər yerdə rekord temperatur qeydə alınıb: Amerikada, Avropada, Asiyada. Bu cür hava şəraiti sözün əsl mənasında iqtisadi artımı məhv edir.

16 trilyon dollar

1992-2013-cü illər aralığında ekstremal istilər dünya iqtisadiyyatına məhz bu qədər ziyan vurub

Ayrı-ayrı ABŞ ştatlarının göstəricilərindəki qanunauyğunluq onu deməyə əsas verir ki, yayı isti keçən illərdə bu ştatların iqtisadiyyatları məhsuldarlığını itirir: orta temperaturdan artıq olan hər 1 dərəcəyə uyğun olaraq artım göstəricisi 0,15-2,5 faiz azalır. Avropada isti keçən 2003,2010,2105 və 2018-ci illər bu regiona ÜDM-in 0,3-0,5 faizi miqdarında ziyan vurmuşdur, onun cənub hissəsində isə bu göstərici 2%-ə çatmışdır.

owl wide 1200 953372f1d68b5b152a2616b7d1f3c880
Foto: Andy Wong / AP

Aparılan tədqiqatlar sübut etdi ki, həddən artıq isti hava işçilərin məhsuldarlığına da ziyan vurur. Yüksək temperatur həm fiziki, həm də koqnitiv bacarıqlara mənfi təsir göstərir, informasiyanı qiymətləndirmək və qərar qəbul etmək bacarıqlarına güclü zərbə endirmiş olur. İnsanların iş görərək keçirə biləcəkləri saatların sayı azalır.

“35 dərəcədən yüksək temperaturda işçilər ödənişli istirahət günü verilməlidir”

Beynəlxalq Əmək Təşkilatının istilik yükünün əmək məhsuldarlığına təsiri barəsində xüsusi hesabatına görə, işçilərin məhsuldarlığı artıq 26 dərəcə temperaturdan sonra azalmağa başlayır.

330C-340C temperaturdan sonra orta intensiv işlə məşğul insanların əmək məhsuldarlığı 50% azalır.

Beynəlxalq Əmək Təşkilatının hesabatından

İstənilən sahənin işçiləri bənzər problemlərlə üzləşirlər, hətta ofis işçiləri belə. Lakin fiziki işlə məşğul olanlar üçün risklər daha çoxdur. Bu qanunauyğunluqlar eyni zamanda həm açıq hava altında işləyənlərə aid edilir, məsələn kənd təsərrüfatında, tikintidə, nəqliyyat sektorunda, turizmdə və həm də əgər temperatur tənzimlənmirsə, qapalı məkanlarda işləyənlərə, məsələn zavolarda yaxud fabriklərdə.

Bu cür hallarda insanlar əlavə olaraq günvurma təhlükəsinə məruz qalırlar, ölümlə nəticələnən halların meydana gəlmə ehtimalı da artır. Misal üçün, 1992-2016-cı illər aralığında ABŞ-da ölümlə nəticələnən günvurma hallarının 36%-i tikinti sahəsinin işçilərinin payına düşüb. Baxmayaraq ki, bu səhəsinin mütəxəssisləri ölkədəki ümumi işçi qüvvəsinin 5%-ni təşkil edir.

owl wide 1200 682691b18c386bfc2376ec1dbc49ec62
Foto: Vincent West / Reuters

Bu tendensiyanı ilin iyul ayında İtaliyada baş vermiş bədbəxt hadisə də təsdiq edir. İstiyə tab gətirməyən insanlar elə yerindəcə artıq ölü halada tapılırdılar. Onlar ya açıq havada, ya da kondisioner nəzərdə tutulmamış qapalı məkanlarda işləyirdilər. İndi ən həssas sektorlarda çalışan italyanlar iş şəraiti dözülməz olarsa, kütləvi tətillərə çıxacaqları ilə hədələyir, həmkarlar ittifaqları isə istirahət günlərinin verilməsini tələb edir.

350C temperaturdan başlayaraq insanlara ödənişli istirahət günü verilməlidir. Onlar həmçinin günün ən qızmar saatlarında işləməməlidirlər. Onların fasilə verməsi və su içə bilmələri üçün kölgəli yerlər də təşkil etmək lazımdır.

Salvatore Kutayya. İtaliyanın tikinti işçilərinin həmkarlar ittifaqının Milan bölməsinin baş katibi.

Keçən il Böyük Britaniyada da işçilərin həmkarlar ittifaqı oxşar çağırışlarla çıxış etmişdir. Birliklər iş üçün icazə verilən maksimum temperatur həddi ilə bağlı qanun qəbul edilməsini tələb edirdi. Lakin hələlik bu istiqamətdə heç bir qərar qəbul edilməyib, hərçənd, məqbul sayıla biləcək minimum haqqında tövsiyyələr mövcuddur.

owl wide 1200 46d3e35246b203189cf9dccf841c2fec
Foto: Brian van der Brug / Los Angeles Times / Getty Images

Buna baxmayaraq, dünya praktikasında maksimum temperatur bərəsində müəyyən yazılı tələblər var. Lakin əksər ölkələr əvvəllərdə də olduğu kimi problemin qanunvericilikdə təsbit edilmiş normalar səviyyəsində həllini gözləyir. Bu məsələnin aktualllığı isə getdikcə artacaq: Yeni iqlim reallığına adaptasiya olmaq məcburiyyəti artıq qaçılmaz hal alıb.

Beynəlxalq Əmək Təşkilatının hesablamalarına görə, 2030-cu ilin sonuna kimi qızmar hava, hətta orta səviyyəli istiləşmə ssenarisində belə, dünya üzrə ümumi iş saatının 2,2% azalmasına sabıb olacaqdır. Söhbət qlobal iqtisadiyyat üçün 2,4 trilyon dollar itkilə eyni sayıla biləcək 80 milyon tam iş yerinin itirilməsinə bərabər həcmlərdən gedir.

Nə əkərsən, o da məhv olar

Beynəlxalq Əmək Təşkilatı hesab edir ki, isti havadan ən çox zərər çəkən sahə kənd təsərrüfatıdır. Bu sahədə isə 1 milyarda yaxın insan işləyir. Bu onilliyin sonuna kimi istilik yükü səbəbindən itirilən iş saatının 60%-i bu sahənin payına düşəcək.

Aqrar təsərrüfatlar üçün iqlim dəyişikliyinin iqtisadi nəticələri ancaq əmək məhsuldarlığının azalması ilə çərçivələnməyəcək. Temperatur artımı ilə əlaqədar təbiət hadisələri artıq bu gün mal-qara saxlanması və xüsusilə də kənd təsərrüfatı bitkilərinin yetişdirilməsi üçün ciddi təhlükə mənbəyinə çevrilib. Avropada toplanmış məlumatlar göstərdi ki, 1964-1990-cı illərdə isti hava səbəbindən tələf olan məhsul 2,2% təşkil edirdisə, 1991-2015-ci illərdə artıq 7,3%-ə çatmışdır. Ən çox zərər görən isə region üçün mühüm əhəmiyyət daşıyan dənli bitkilərdir.

owl wide 1200 493ee956687b983dcdc6f6dd7619f374
Foto: Jan Woitas / dpa / Globallookpress.com

Hindistandan da XX əsrin ikinci yarısından başlayaraq eyni dövr ərzində toplanmış məlumatlar onu deməyə əsas verir ki, orta temperatur göstəricisinin artçsaına paralel olaraq torpağın da orta məhsuldarlığı azalır. Proqnozlara görə, hətta iqlimin orta dəyişkənliyi şəraitində belə bu ölkədə kənd təsərrüfatının məhsuldarlığı cari yüzilliyin ortasına 6%-ə kimi, 2060-2080-ci illər aralığında isə 7,2-23,6 faiz diapazonuna kimi enəcək

Məhsuldarlıqla əlaqədar problemərin fonunda bu sahənin gəlirləri də gözlənildiyi kimi azalmağa başlayır. Bu itkilər iqtisadiyyatlarının ümumi strukturunda kənd təsərrüfatının mümhüm rol oynadığı dövlətlərdə xüsusuilə hiss ediləcəkdir. Bir qayda olaraq, bu ölkələrin gəlirləri onsuz da qismən aşağı olur. Bu cür hallarda fermerlərin problemi dövlətin ümumi probleminə çevrilir: ixrac olunan məhsulun miqdarı azaldıqca ölkəyə valyuta daxilolmaları da zəifləyir, bu isə dövlət büdcəsinə vergi daxilolmalarının da nəzərəçarpacaq dərəcədə azalmasına gətirib çıxarır.

Misal üçün, son illər baş verən quraqlıqlar ixracatının ¼-ni soya bitkisinin təşkil etdiyi Argentinada iqtisadi böhranın ciddi şəkildə dərinləşməsin və inflyasiyanın görünməmiş dərəcədə artmasına səbəb oldu. İyun ayına olan göstəricilərdə ölkədəki illik qiymət artımı 115% olaraq qeyd edilib.

owl wide 1200 c444e1243a998ef4a9c6459b481ebf1a
Foto: Jose Luis Gonzalez / Reuters

Bundan başqa, kənd təsərrüfarı məhsullarının istehsalçısı və ixracatçısı olan böyük dövlətlərdə temperaturun yüksəlməsi həm lokal, həm də qlobal miqyasda qida təhlükəsizliyinə ciddi təhdid yaradır. Bu ölkələrdə məhsuldarlıq düşərsə, onlar ixracata dünyada qiymətlərin qalxmasına səbəb ola biləcək müvəqqəti qadağa qoya bilərlər.

Dünyanın dənli bitkilər bazarında əsas oyunçulardan biri Rusiyadır. 2010-cu ildə o dövr üçün misli görünməmiş istilər zamanı daxili bazarda qıtlıqdan ehtiyat edərək ixracata qadağa qoymuşdur. O vaxt avqust ayının əvvəli artıq ölkədəki əkin sahlərinin 20%-i 10 milyon hektar kənd təsərrüfatı məhsulu tələf olmuşdur. Bu ölkədə becərilən dənli bitkilərin 40%-i idi. Digər amillərlə birgə rəsmi Moskvanın tətbiq etdiyi qadağa dünyada qiymətlərin birdən-birə qalxmasında mühüm rol oynadı. 2010-cu ildə qiymətlər, təxminən, 50% qalxmışdı və ekspertlərin fikrincə, Yaxın Şərqdə sosial iğtişaşlara, nəticədə isə “Ərəb baharına” gətirib çıxardı.

Qaynar nöqtələrdə

Üzərində artan temperaturun nəticələrini hiss edən daha bir iqtisadiyyat sahəsi energetikadır. Kondisioner və ventilyatorların istifadəsinin kəskin surətdə artması elektrik şəbəkəsində ciddi yüklənmə yaradır, qəzalara gətirib çıxarır və hökümətləri idarəolunan elektrik kəsilmələrinə əl atmağa məcbur edir. İstinin özü də və təbii amillərlə şərtlənən təbiət yanğınları da enerji infrastrukturuna birbaşa zərər yetirə bilər.

owl wide 1200 ccdea901dabbbea11accbcc246cdf6db
Foto: Ying Tang / NurPhoto / Getty Images

Enerji hasilatının həcmi də azalır. Hidroelektrik stansiyaları risk zonasındadırlar, çünki onları qidalandıran çaylar quruyur. Keçən il Avropadakı son 500 ilin ən güclü quraqlığı HES-in enerji hasilatını əsrin ən aşağı həddinə salıb. Həmin vaxt Yanszı çayının üzərində Çinə məxsus dünyanın ən böyük hidroelektrik stansiyası fəaliyyətini dayandırmışdır. Adi halda o Filippinlə müqayisə oluna biləcək bir ölkənin enerji ehtiyatını təkbaşına ödəyə bilər, onun quraşdırılmış 22,5 giqavatt həcmində olan gücünün cəmi onda bir hissəsi isə Rusiyanın bütün enerji sisteminə bərabərdir.

Bu hadisəyə paralel olaraq, ölkənin böyük enerji mərkəzlərindən olan və hidroelektrik stansiyalarının tələbatın 80%-ni qarşılayan, hətta qonşu bölgələrə də enerji ixrac edən Sıçuan vilayətində enerji hasilatı ciddi şəkildə azaldılmışdır. İstifadəçilərə elekrik verilişi məhdudlaşdırıldığından bir çox zavodlar fəaliyyətlərini dayandırmalı olmuşlar.

Uzaq perspektivdə Tibet və Himalay dağlarında buzlaqların əriməsi və  nəticəsində Çinin düşdüyü vəziyyət daha da ağırlaşacaq. Elektrik hasilatının asılı olduğu çaylardakı suyun səviyyəsi isə düşəcək.

Filip Endryus-Spid. Sinqapur Milli Universitetinin Energetika İnstitutunda elmi işçi.

İstinin doğurduğu problemlər HES-lərdən əlavə atom energetikasın da təsir edir. Yüksək temperatur səbəbindən son illər Fransada dəfələrlə baş verdiyi kimi reaktorların fəaliyyətini dayandırmaq lazım gəlir. Enerji bloklarının soyudulması üçün sudan istifadə edilir, sonra isə həmin su çaylara axıdılır. Ekosistemə zərər yetirməməsi üçün onun temperaturu müəyyən həddi keçməməlidir.

owl wide 1200 760b90644c526c123a48e268c82bcbd2
Reyn çayı
Фото: Nicolas Economou / NurPhoto / Getty Images

Bundan əlavə, enerji sektoru çayların dayazlaşması problemindən də əziyyət çəkir. Misalçün, son illər Almaniyada Reyn çayının səviyyəsi sürətlə azalır, kömür və neft məhsulları da daxil olmaqla yük daşımalarında çətinliklər yaranır. Gəmiçilikdəki problemlər ümumilikdə iqtisadiyyata da ciddi təsirsiz ötüşmür. Çünki ölkə üzrə yükdaşımaların təxminən 80%-i çaylar vasitəsilə yerinə yetirilir. 2022-ci ildə Almaniyada su ilə daşınan yüklərin illik həcmi 6% azalaraq 182 milyon tonda qərarlaşmış və Almaniyanın müasir tarixində ən aşağı göstərici olmuşdur. Hökümətin proqnozlarına görə, 2023-cü ildə yeni rekord minimumu gözlənilir.

Son nəticədə istilər bu və ya digər formada iqtisadiyyatın bütün sahələrinə dolayı yolla yaxud birbaşa fiziki zərər yetirməklə, məsələn, infrastrukturun istifadə müddətini qısaltmaqla ya da onu həqiqi mənada məhv etməklə ciddi problemə çevrilir. Mütəxəssislərin sözlərinə görə, gələcəkdə müxtəlif infrastruktur obyektlərinin, o cümlədən yaşayış binalarının tikintisində indikindən əsaslı şəkildə fərqli materiallardan istifadə etməyə məcbur olacağıq və bu gün tətbiq etdiyimiz yanaşmaları dəyişəcəyik.

İqtisadiyyatın, demək olar ki, hər bir sahəsini yeni reallığa adaptasiya etmək zərurəti yaranacaq. “Biz iqtisadiyyatımızı və praktikalarımızı keçmiş iqlim şərtlərinə uyğun qurmuşuq, günümüzdə formalaşan iqlimə deyil”, – bu sözləri Dartmund Kollecinin alimi və isti havanın dövlətlərin ÜDM-nə mənfi təsiri barədə tədqiqatın müəlliflərindən biri Castin Mankin deyib. İnsanın havaya böyük miqdarda istixana qazlarının buraxılması ilə müşayiət olunan kənd təsərrüfatı fəaliyyəti iqlimi dəyişməyə məcbur edib. İndi isə artıq o özü  bu fəaliyyətin yaxın gələcəkdə necə görünəcəyini müəyyən edir.

Paylaş

Digər yazılar

“BERC Group” yeni əməkdaşlığa başladı

Dövlət Məşğulluq Agentliyi və “BERC Group” şirkəti ixtisaslaşma yönümlü layihəyə başlamışdır. Layihənin məqsədi mühasibat və insan resursları sahəsində ixtisaslaşmaq istəyən şəxslərə nəzəri və praktik biliklərin