fbpx
Skip links

Yeni Enerji iqtisadiyyatı

Dünya enerji böhranı yaşıl mənbələrə keçidi sürətləndirdi. Məsələ artıq iqlimdə də deyil. Enerji təhlükəsizliyinin labüdlüyü ölkələri “təmiz” enerji resurslarını inkişaf etdirməyə məcbur etdi. Bu sahə o qədər sərmayə tələb edir ki, dövlətlər bir-birilə rəqabətə girir.

Beynəlxalq Enerji Agentliyi (BEA) xəbər verir ki, bərpa olunan enerji mənbələri hələ heç vaxt keçən ilki templə inkişaf etməyib. Ukraynada baş verən hərbi konflikt hökümətləri energetikanın 3 əsas aspektinə diqqət yetirməyə vadar etdi: təhlükəsizlik, əlçatanlıq və stabil təchizat. Bu təsirlər altında enerji keçidi sürətlənə bilər, çünki ölkələr milli bazarlarda enerji istehsalını artırmağa səy göstərirlər. Onun da mühüm hissəsi bərpaolunan mənbələrdən və digər qeyri-mədən yanacaqlarından əldə edilir.

1970-ci illərin böyük enerji şoku göstərdi ki, enerji təhlükəsizliyi ilə bağlı narahatlığın ciddi şəkildə artması enerji resursları bazarına əhəmiyyətli dərəcədə sabit təsir göstərə bilər. Həqiqətən də, 1973-cü ildə neft hasilatı ilə məşğul olan ərəb ölkələrinin ABŞ və Avropaya neft ixracına embarqo qoyması qərb ölkələrində qıtlığa və qiymətlərin artmasına səbəb olmaqla yanaşı, onları neftdən və Fars körfəzi ixracatçılarından asıllığı aradan qaldırmağın vacibliyi ilə qarşı-qarşıya qoydu.

Bunun nəticəsi kimi Şimal dənizində qaz hasilatına, neft məhsullarından qaz və elektrik enerjisinə keçid başlanıldı, nəqliyyatın və sənayenin enerji effektivliyi sahəsində geniş miqyaslı tədbirlər görüldü və yeni qənaətli enerji sərfiyyatı etikası yarandı. O zamankı ABŞ prezidenti Riçard Nikson Ağ Evin damında günəş batareyaları quraşdırmaq əmri belə verdi.

Onu da demək lazımdır ki, keçən əsr bu texnologiya daha baha başa gəlirdi. Günümüzdə günəş və külək ən ucuz enerji resursuna çevriliblər. Bu səbəbdən dünya üzrə elektrik enerjisinin istehsalı, demək olar, ancaq bərpa olunan enerji mənbələri hesabına artır. BEA-ın məlumatına əsasən, istismara verilən güclərin 90%-i onların payına düşür.

Səmtlərin dəyişməsi

Yanvar ayında Davosda keçirilən Ümumdünya İqtisadi Forumunda BEA-ın icraçı direktoru Fatih Birolun xatırlatmasına görə, bu yaxınlara kimi mədən yanacağından bərpa olunan enerjiyə (BOE) keçidi şərtləndirən əsas amil iqlim idi. Lakin indi vəziyyət dəyişib, yaşıl keçid enerji təhükəsizliyi məsələsinə çevrilib. Birolun sözlərinə görə məhz bu, təmiz texnologiyalara sərmayə yatırımını hər şeydən daha yaxşı stimullaşdırır.

“Bərpa olunan enerji dünyanın enerjisidir. Keçən il onun gücü 25% artmışdır. Heç vaxt belə bir şey olmayıb”, – deyə Birol bildirib.

Almaniyanın kansleri Olaf Şolts 2023-cü ilin yanvarında idxal olunan mayeləşdirilmiş təbii qazı yenidən qaz halına gətirməli olan terminalın açılışında çıxış edərkən bildirib ki, Almaniya təcili olaraq Rusiya qazının əvəzedicisi barədə düşünməli və enerji keçidini sürətləndirməlidir. Almaniyanın məqsədi hər gün 3-4 külək turbini quraşdırmaq olmalıdır. Ətraf Aləmin Müdafiəsi üzrə milli agentliyin hesabatına əsasən, 2022-ci ildə Almaniyanın enerji sərfiyyatının 41%-ni BOE təşkil edirdisə, bu il həmin göstərici artıq 46%-ə çatıb. Lakin qarşıya qoyulan 2030-cu ilə kimi 80% elektrik enerjisi istehsalı və 2045-ci ilə kimi karbon neytrallığı məqsədlərinə çatmaq üçün bu artım tempi yetərli deyil.

Aİ ölkələrində enerji sərfiyyatının 22%-i bərpa olunan enerjinin payına düşür. Ukraynada konflikt başlayandan sonra ittifaq 2030-cu ilə kimi bu göstəricini 45%-ə çatdırmağı planlayır.

Keçən il Avropa üçün çox mühüm olub: Ember analitik mərkəzinin məlumatına görə, günəş və külək ilk dəfə elektrik istehsalında qazı qabaqlayıb. BEA-ın məlumatına görə, 2021-ci ildə dünya üzrə elektrik enerjisi istehsalının 28%-i bərpa olunan enerji mənbələrinin payına düşüb. Lakin agentliyin 2022-2027-ci illər üçün əsas proqnozuna inansaq, bu illər ərzində istismara verilən müəssisələrin sayı ötən 20 ilin müvafiq göstəricisinə, 2016-2021-ci illər aralığında əldə olunan göstəricinin isə 85%-nə bərabər olacaq.

Hökümətlər və biznes karbohidrogen əvəzlənməsinə elə həvəslə yanaşırlar ki, BEA bərpa olunan enerji mənbələrinin inkişaf proqnozunu bir il əvvəlki göstərici ilə müqayisədə 30% artırıb. “Bu, tariximizdə artım proqnozunda edilən ən böyük dəyişiklikdir”, – BEA qeyd edir. Bu artım ilk növbədə Çin, Avropa İttifaqı, ABŞ və Hindistanın davranışları ilə izah edilir. Onlar artıq qəbul edilmiş strategiyalar üzrə siyasət yürüdür, həmçinin enerji böhranına cavab olaraq gözləniləndən daha tez tənzimləyici və bazar islahatları keçirirlər.

“Yaşıl sərmayələr üçün qırmızı xalça”

2022-ci ilin avqustunda ABŞ-da inflyasiya ilə mübarizə haqqında Qanun (Inflation Reduction Act – IRA) qəbul edildi. O, həm də Birolun “2015-ci il Paris razılaşmasından sonra iqlim dəyişikliyi ilə mübarizədə ən mühüm addım” adlandırdığı ekoloji təmiz energetikaya keçidi nəzərdə tutur. Qanun aktında hidrogen yanacağından tutmuş enerjinin saxlanma sistemlərinə kimi bütün sahələrə, karbon qazının tutulması və az tullantıya malik sənaye istehsalı sahəsinə sərmayə yatırımı, federal səviyyədə dəstək və fəaliyyət stimulu (əsasən, vergi güzəştləri formasında) yer alır.

Bu ABŞ tarixində iqlim dəyişikliyi ilə mübarizəyə və təmiz enerji sektoruna ayrılmış ən böyük, 369 milyard dollarlıq, sərmayə paketidir. “Energy Innovation &Technology” analitik mərkəzinin hesablamasına görə, IRA proyektinin reallaşdırılması ABŞ-a 2030-cu il üçün karbon qazının emissiyasını 2005-ci ildə qeydə alınan 37-41 faiz səviyyəsinə kimi azaltmağa kömək edəcək. Bu göstərici prezident Cozef Baydenin qarşıya qoyduğu 50-52 faizə azca çatmır. Lakin məqsədə heç vaxt olmayan kimi yaxındır, federal hökümətlərin və ştatların əlavə tədbirləri ilə birlikdə isə ona nail olmaq üçün real şans yaranıb. Hesablamalar həm də onu göstərir ki, IRA proyekti olmasa idi, hazırki siyasət ilə emissiyaları ancaq 24% azaltmaq olacaqdı.

The Wall Street Journal-ın yazıdığına görə, IRA artıq ABŞ-ı sərmayə yatırımı üçün ən cəlbedici ölkələrdən edib. Qəzetin yanvar ayında dərc edilmiş təhlil məqaləsinə əsasən, qanun imzalanandan yarım il sonra günəş və külək energetikasına lazım olan komponentlərin və, həmçinin akkumulyatorın istehsalına tələb olunan 35 milyard dollarlıq sərmayələr barədə elanlar verilib. Amerika Təmiz Elektrik Enerjisi assosiasiyasının qiymətləndirməsinə görə, 2022-ci ilin IV rübündə bu üç sahədə fəaliyyət göstərən mütəxəssislərin elanını verdikləri layihələrin ümumi həcmi 40 milyard dolları ötüb. Bu rəqəm 2021-ci ildə yatırılmış  sərmayələrdən çoxdur.

Bərpa olunan enerji sahəsində fəaliyyət göstərən və bu sahədə dünyanın ən böyüklərindən olan “AES” şirkəti IRA proyektinə görə ABŞ-a tələb olunan sərmayə həcminin 70%-ni ayırmışdır. Son illər bu şirkətin sərmayədəki payı 50%-i keçmirdi. 2022-ci ilin dekabrında “AES” sənaye qazları istehsalçısı “Air Products & Chemicals” ilə birgə Texasda yaşıl hidrogen istehsalı ilə üzrə 4 milyard dollar dəyəri olan zavod inşa edəcəyini bildirdi. Şirkətdən bildiriblər ki, IRA-ın sərmayəçiləri üçün tətbiq edilən vergi güzəştləri bu proyekti sərfəli edib.

Yaşıl Hidrogen – istehsalında bərpa olunan enerjidən istifadə edilən hidrogen qazı bu cür adlanır.

Tez bir zamanda Avropa və Hindistan bazarlarından vətənə qayıdan və ən iri günəş paneli istehsalçılarından olan amerikanın “First Solar” şirkəti Alabama və Ohayo ştatlarında 1,3 milyard dollar dəyəri olan tikintiyə başlayacağını deyib. Sement istehsalında yeni texnologiyaların tətbiqi sayəsində zərərli tullantıları 40 dəfə azaltmağa nail olmuş İrlandiyanın “Ecocem” şirkəti də ABŞ-a yönələnlər sırasındadır. Vergi güzəştləri sayəsində “Ecocem” Kaliforniyada tikiləcək zavoda planlaşdırılan 120 mln. dollar sərmayəni ikiqat artırmaq qərarına gəlib.

“Onlar yaşıl sərmayələr üçün qırmızı xalça sərirlər”, – “Ecocem” şirkətinin direktoru Donal O’Rayan Financial Times qəzetinə müsahibəsində deyib.

“Wood Mackenzie”in hesablamasına görə, IRA külək turbinləri pərlərinin istehsalının maya dəyərini 34%, günəş paneli istehsalının maya dəyərini 29%, batareya akkumulyatorlarının elementlərinin maya dəyərini isə 28% azaltmağa imkan verir.

“Təmiz” pul üstündə materiklərarası rəqabət

IRA-ın təklif etdiyi güzəştlər yerli istehsalat məhsulları və azad ticarət zonalarında tərəfdaşlardan alınan məhsullar üçün keçərlidir. Bu qanun Avropa İttifaqı tərəfindən narazılıqla qarşılanıb.

Avropalılar ABŞ-ı müxtəlif ölkələrin şirkətlərinə bərabər münasibəti nəzərdə tutan beynəlxalq ticarət normalarını pozmaqda və sərmayələri Avropadan özünə çəkməkdə günahlandırırlar. Lakin bununla belə, indiyə kimi yaşıl keçidin əsas carçısı hesab edilən Aİ öz müttəfiqi ilə sərmayə üstündə rəqabət aparmağa məcbur qalıb. Digər tərəfdən Avropanın bəlli bir dərəcədə subsidiyalaşdırdığı yaşıl energetika sahəsində dünya lideri Çin də var. Son illər dünyada bərpa olunan enerji hasilatının təxminən üçdə bir hissəsi bu Asiya ölkəsinin payına düşür. Çinin özündə bu göstərici 46%-dir, onlardan hasil olunan elektrik enerjisi isə ümumi həcmin 30%-ni təşkil edir.

Yaşıl energetikaya yatırılan sərmayələr üstündə güclənmiş beynəlxalq rəqabət şəraitində Avropa Komissiyası 1 fevral 2023-cü il tarixində təmiz enerji sektorunun rəqabətədavamlılığını artırmağı hədəfləyən plan təqdim edib. O, milli hökümətlər tərəfindən vergi güzəştləri tətbiqi ilə şirkətləri dəstəkləməyi, sərmayə tədbirlərini, həmçinin Avropa İttifaqının müştərək fondlarını hidrogen və kvant hesablamaları da daxil energetika ilə bağlı mühüm layihələrə yatırım etmək üçün istifadə etməyi nəzərdə tutur. Yaşıl keçidi maliyyələşdirmək üçün yaradılmış fondlarda hal-hazırda 380 mlrd. dollar var. Bu səbəbdən Avropa Komissiyası əlavə sərmayə cəlb etməyə tələsmir.

Avropa Komissiyasının proqnozlarına görə, yaxın bir neçə ildə sıfır xalis emissiya dövrünün iqtisadi konturları dəqiq formalaşacaq, yeni bazarlar yaranacaq, inqilabi yeni texnologiyalar işlənib hazırlanacaq və bazara buraxılacaq, ölkələrin enerji sistemləri isə dəyişikliyə uğrayacaq.

“Bu səbəbdən, bugün ilk sərmayəni kim yatırsa, daha cəld yatırsa, yeni iqtisadi şəraitdə öz yerini təmin edəcək, yüksək kvalifikasiyaya sahib işçilər üçün yeni iş yerləri açacaq, sənayə istehsalı bazasını cavanlaşdıracaq, əhali və biznes xərclərini azaldacaq və dünyanın digər bölgələrində iqtisadiyyatların dekarbonizasiyasına kömək edə biləcək”, – Avropa Komissiyasının bəyənatında deyilir.

Avropa İttifaqına ABŞ-la müqayisədə yaşıl keçid üçün dəstək paketi hazırlamaq daha çətindir. Çünki ittifaq daxilində dövlət yardımları ilə bağlı ciddi məhdudiyyətlər mövcuddur, vergi tədbirləri isə milli hökümətlərin müstəsna hüququdur. Fransa yanvar ayında IRA proyektinə cavab olaraq “Made in Europe” strategiyasına keçməyə çağırıb. Onu təmsil edən daxili bazarlar üzrə Avropa komissarı Tyerri Breton Vaşinqtona səfəri zamanı qeyd edib ki, – “İqlim neytrallığı siyasətini rəqabətədavamlı sənaye siyasəti ilə birləşdirmək vaxtı çatıb”.

Skandinaviya ölkələrində və Niderlandda liberal yönümlü hakimiyyətlər aparıcı iqtisadiyyatların daha intervensionist və proteksionist siyasətinə gətirib çıxaracaq subsidiya yarışından qorxurlar. Bundan əlavə ümumi bazarın fraqmentasiyası da naraharlıq doğurur, çünki Almaniya və Fransa kimi iri büdcə imkanlarına malik dövlətlər daha böyük vəsait hesabına öz şirkətlərini dəstəkləyəcəklər.

“Axı bu kapitalizmdir, bu rəqabətdir!” –  CNN kanalının aparıcısı və Davos sessiyasının moderatoru Culiya Çatterli mümkün subsidiya yarışı barədə müzakirə zamanı deyib. Çexiyanın Sənaye və Ticarət naziri Yozef Sikela buna təəccüblənmiş və, – “Kapitalizm və subsidiyalar?” – deyə sual vermişdir. Subsidiyalara etiraz edən avropalı siyasətçilər (Avropa Komissiyasının Danimarka, Litva və Niderlanddan olan sədr müavinləri) hesab edirlər ki, işgüzar mühiti yaxşılaşdırmağa və “dünya ticarətinə açıq yanaşmanı” saxlamaqla administrativ baryerləri aradan qaldırmağa üstünlük verilməlidir.

Bu səbəbdən Avropa Komissiyası təklif edir:

  • Təmzimləyici normaları sadələşdirmək;
  • Yaşıl təşəbbüsləri reallaşdırmaq üçün icazələrin verilməsini sürətləndirmək;
  • Transsərhəd layihələrinə xüsusi diqqət ayırmaq;
  • Dövlət yardımları və subsidiyaların verilməsində məhdudiyyətləri yumşaltmaq;
  • İlk dəfə olaraq yaşıl hidrogen istehsalına tender təşkil etmək və qalibə 10 il müddətində hər kiloqrama görə mükafat vermək;
  • Yaşıl texnologiyalar üçün tələb olunan xammal istehsalçılarını və idxalçılarını birləşdirəcək klub yaratmaq və əməkdaşlığın ümumi prinsiplərini işləyib hazırlamaq.

Kolumbiya Universiteti yanında dünya enerji siyasəti mərkəzinin direktoru və təsisatçısı Ceyson Bordoff deyir ki, enerji təhlükəsizliyi və yeni bazarların cəlbediciliyi ilə bağlı artan problemlər hökümətləri yaşıl keçid ilə əlaqəli sektorlarda daha fəal rol oynamağa məcbur edir. Onun sözlərinə görə, – “Ənənəvi yanacaq növləri, neft və qaz, üçün dünya ticarət və energetika xəritəsi yenidən çəkilir”. Eyni zamanda dünya bazarında yeni təmiz enerji mənbələri yaranır, ölkələrsə bu mənbələrin məhz harada istismara veriləcəyinə təsir göstərmək üçün bazara müdaxilə etməyə çalışırlar.

Buna ancaq inkişaf etmiş ölkələr və Çin, Hindistan kimi iqtisadi nəhənglər buna can atmırlar. Digər inkişafda olan ölkələr də eyni məqsədi güdürlər. Avropa İnkişaf və Yenidənqurma Bankının (AYİB) prezidenti Odil Fransuaza Reno-Bassonun sözlərinə görə, beynəlxalq inkişaf bankları onlara bun məsələdə köməklik göstərə bilər.

AYİB-in məqsədi yatırdığı sərmayələrin 50%-in yaşıl layihələrə yönəlməsidir və o bu məqsədə çatmaq üzrədir. Bu ildən isə digər bir məqsədi yatırım etdiyi bütün layihələrin Paris razılaşmasının normalarına uyğun olmasıdır. Bundan əlavə, o, ölkələrə uzunmüddəti strategiya qurmağa kömək edir. Reno-Basso buna bir nümunə də göstərir.

“Biz Misir hökümətinə bildirdik ki, siz böyük qaz ehtiyatına maliksiniz, xarici valyutaya ehtiyacınız var və, həmçinin nəhəng bərpa olunan enerji potensialına sahibsiniz. O isə daha ucuz başa gəlir. Əraziləriniz genişdir. Siz bu enerjini Avropaya ixrac etməklə enerji gücünə çevrilə bilərsiniz. Biz onlarla razılığa gəldik ki, 5 giqavatt gücü olan elektrik stansiyasını bağlasınlar. Biz isə onlara 10 giqavatt, bəlkə də, daha çox qüvvəyə malik bərpa olunan enerji mənbəyi yaratmağa kömək edək”. Lakin bu cür layihədə işləyəcək əməkdaşlara yenidən təlim keçmək üçün vəsait lazımdır. AYİB bunun realizasiyasına Almaniya və Fransanı da cəlb edib. Bu yanaşma layihənin miqyasını genişləndirməyə və ölkədə enerji vəziyyətini dəyişməyə imkan verəcək.

İqtisadiyyatın “reversiv” elektrikləşməsi

Əsrin sonuna Paris sazişinin məqsədlərinə, xüsusilə karbon qazının xalis emissiyasının sıfıra endirilmisinə, nail olunması əsrin ortasında müxtəlif sahələrdə bir çox addımlar nəzərdə tutur. Onlardan biri iqtisadiyyatın elektrikləşdirilməsidir. Davos Dünya İqtisadi Forumunun “Elektrik onillik” sessiyasında Harvard Universitetinin professoru Meqan O’Sallivanın sözlərinə görə, dünya enerji resurslarının istehlakında indiki 20%-dən 50%-ə qalxmalı, 2050-ci ildə isə bu göstəricini də ötməlidir.

“Bunun üçün bütün nəqliyyatı, binaların və sənayenin əhəmiyyətli hissəsini elektrikləşdirmək və s. lazımdır. Bu böyük həcmdə bərpa olunan enerji və elektrik infrastruktur tələb edəcək. Artıq 2030-cu ildə onun gücü 3 dəfə, 2050-ci ildə isə 9 dəfə artmalıdır. Biz hidrogen kimi çox ümidverici texnologiyalardan danışırıq. Lakin yaşıl hidrogen istehsalı üçün də böyük həcmdə bərpa olunan enerji tələb olunacaq”, – deyə O’Sallivan bildirib.

Britaniyanın “Nesta” innovasiyalar agentliyinin direktoru Endryu Sissonsun sözlərinə görə, bərpa olunan enerji mənbələri artıq enerji sistemini əsaslı şəkildə dəyişir. Bu, külək və günəş elektrik stansiyalarının istehsal etdiyi elektrik enerjisinin qiymətinin sürətlə düşməsi ilə izah olunur. Bu yaxınlarda keçirilən hərraclarda dəniz külək elektrik stansiyalarından hasil edilən elektrik enerjisinin hər kilovatt-saatının qiyməti 37 funt olduğu halda, “Hinkley Point AES”dən əldə edilən enerjinin qiyməti 100 funt, qaz elektrik stansiyalarından isə bundan bir neçə dəfə böyükdür.

“National Grid” şirkətinin məlumatına görə, 2023-cü ilin ilk 11 günü ərzində Britaniyada istehsal edilən külək elektrik enerjisi cəmi bir dəfə ümumi elektrik enerjisinin 30%-dən az hissəsini təşkil edib. Adətən, onun payı 46-59 faiz (yanvarın 10-da rekord 62%) olduğu halda, mədən yanacağının, kömür və qazın, payı 15%-ə qədər enib, yanvarın 11-də isə 6%-ə çatıb.

Problem ondadır ki, külək və günəş elektrik stansiyaları daimi enerji axını vermir. Məsələn, “National Grid”-in məlumatına görə, külək ümumi həcmin ancaq 4% -ni təmin edir. Çatmayan hissə qaz vasitəsilə (62,1%) kompensasiya edilib.

Davosda “Yeni energetika iqtisadiyyatı” sessiyasında Kaliforniyanın “PG&E Corporation” kommunal şirkətinin direktoru Patrisiya Poppe bildirib ki, bugün enerji şəbəkələrini idarə etmək üçün əvvəllər mövcud olmayan yeni texnologiyalar və imkanlar yaranıb. Biz indi tələbatı tənzimləyə, həmçinin də elektrik şəbəkəsinə yeni istifadəçilər (elektrik avtomobilləri, günəş batareyaları, akkumulyatorlar) əlavə edə və prosesi avtomatlaşdıra bilirik.

Onun sözlərinə görə, bu yanaşma “çox xüsusi bir üsulla” bölgü aparılmasını optimizasiya etməklə cəmiyyət üçün minimal xərcə keçid etməyə imkan verəcək. Poppe bunu konkret nümunə ilə təsvir edir.

2022-ci il 6 sentyabr tarixində Kaliforniyada elektrik enerjisi tələbatının ən pik həddi qeydə alındı. “Mən dayanıb baxırdım, yük əyrisi isə qalxırdı və qalxırdı. Gördük ki, akkumulyatorlar şəbəkəyə elektrik ötürməyə başladı. Belə də düşünülmüşdü. Bu, Kaliforniyanın enerji sistem təminatına bu yaxınlarda edilən əlavədir. Budur, biz şəbəkəni qorumaq üçün elektrik xətlərini bağlamaq qərarı verməli olduğumuz nöqtəyə gəldik və heyətimiz son dərəcədə qərarlı, fövqəladə addım atdı. Kaliforniyada bütün mobil telefonlara mətn ismarıcı göndərdik və elektrik enerjisini söndürməyi xahiş etdik. Dərhal gərginlik 2,5 giqavatt azaldı və biz yük əyrisinin şaquli istiqamətdə endiyinin şahidi olduq. Bu hadisə mənim tələbatın idarəedilməsinin müasir texnologiyalarla vəhdət təşkil etməli olduğu nəzəriyyəmi təsdiq etdi. Bir də mətn ismarıcı göndərmək ehtiyacı yaranmasın deyə! – Poppe güldü. – İşə yaradı, ancaq bu vəziyyət onu göstərdi ki, şəbəkəni elektrik cərəyanı ilə təmin edən intellektual cihazlar, Wi-Fi və elektrik avtomobilləri vasitəsilə sistemi avtomatlaşdırmaq mümkündür”.

Elektrik avtomobili şəbəkəyə qoşulu olduğu halda akkumulyatorlarından enerjinin bir hissəsini ona verə, nəqliyyat vasitəsinin sahibi isə bu əməliyyatdan mənfəət əldə edə bilər. İnsanlar artıq elektrik avtomobili alıblar. Qoy, bu sərmayədən pul da qazansınlar. “Bütün bunları avtomatlaşdırmaq olar. Bu texnologiya energetika tarixində indiyə kimi mövcud olmayıb. İndi tələbatı idarə etmək və lazım olan an şəbəkəyə elektrik əlavə etmək olacaq: qənaət etməmək, istifadəni azaltmaq yox, istifadə əyrisini düzəltmək və resursları paylamaq”, – Poppe bildirib.

Niderland elektrikləşmə baxımından Avropanın ən inkişaf etmiş ölkəsidir. Orada hər 4 avtomobilə bir enerji doldurma məntəqəsi düşür, 2030-cu ildən isə ancaq elektrik avtomobilləri satılmağa başlayacaq. Niderlandın Ətraf Mühit, İnfrastruktur və Su Təchizatı naziri Vivian Heynenin sözlərinə görə, bu, elektrik tələbatını artırır, lakin elektrik avtomobillərini evlərə və ofislərə enerji ötürmək üçün istifadə edərkən kreativ ideyaların yaranmasına səbəb olur.

ABŞ-ın günəş panellərinin istehsalı ilə məşğul olan “Sunrun” şirkətinin direktoru Meri Pauellin fikrinə görə, tənzimləyicilər enerji şəbəkəsinin etibarlılığını artırmağa səy göstərdiklərindən 2023-cü ildə ABŞ-da özəl sektorda günəş panelləri və akkumulyatorlar quraşdırılması sürətlənəcək. Bu isə öz növbəsində elektrik stansiyalarına zərərli tullantıları azaltmağa, istehlakçılara isə kommunal xərclərdə qənaət etməyə imkan yaradacaq.

“Günəş panelləri, elektromobillər və şarj cihazları istehlakçılarına vergi kreditləri və endirimlər təklif edən IRA proyekti enerji istehsalını demokratikləşdirməyə, evləri və nəqliyyatı dekarbonizasiyalaşdırmağa icazə verəcək. Pauell “Forbes” jurnalına müsahibəsində qeyd edir ki, 2032-ci ilə qədər olan müddət ərzində amerika əhalisi quraşdırılmış günəş və akkumulyator sisteminin qiymətinin 30%-ni geri ala biləcək.

Bunu Davos forumunda iştirak edən Çexiyanın Sənaye və Ticarət naziri Yozef Sikela da təsdiq etmiş, lakin əlavə etmişdir ki, keçən il Avropada mənzərə fərqli idi. Onun sözlərinə görə, o dövrün sloqanı “Qaza qənaət et, qışı xilas et” olmuşdur və o digər ölkələrdən olan kolleqaları ilə energetika mövzusu ətrafında rekord sayda iclas keçirmişdir (Çexiya 2022-ci ilin ikinci yarımilliyində Avropa İttifaqına sədrlik etmişdir).

Nazir qeyd edir ki, – “Biz Çexiyada çox sadə tədbirlərlə cəmi bir neçə aya qaz istifadəsini 15% azaltmağa nail olmuşuq. İnsanları inandırdıq ki, evi daha az isitmək lazımdır, otaqda temperaturu yüksəltmək əvəzinə sviter geymək daha yaxşıdır. Bilirəm ki, biz bunu bir də təkrarlaya bilməyəcəyik. Sırf texniki baxımdan: insanları otaq temperaturunu 19 dərəcədən aşağı salmağa məcbur etmək olmaz. Bu səbəbdən daha mürəkkəb yanaşmaya ehtiyac var”.

Ümumilikdə Aİ-də 2022-ci il avqust-noyabr aralığında qaz istehlakı 2017-2021-ci illərin orta göstəricisi ilə müqayisədə 20,1% azalıb. Keçən ilin avqustunda qəbul edilən plan 2023-cü ilin mart ayına kimi istehlakı könüllü şəkildə 15% azaltmağı nəzərdə tutur. Cəmi iki ölkə, Malta və Slovakiya, nəzərdə tutulandan çox qaz istifadə edib, Finlandiya isə digər ölkələri qabaqlayaraq qaz istehlakına 50% qənaət edib. Latviya və Litvada bu göstərici 40%-dən artıq olub.

“Bruegel” analitik mərkəzinin hesablamasına əsasən, keçən il Avropa İttifaqı, ümumilikdə, 2019-2022-ci illərlə müqayisədə qaz istehlakına 12% qənaət edib. Əgər istehlak yay aylarında, əsasən, sənaye hesabına azalırdısa, oktyabr-noyabr aylarında azalma səbəbi, hər şeydən öncə, ev təsərrüfatları olmuşdur. Havanın gözlənilməz isti keçməsinin də köməyi az olmamışdır.

Böyük Britaniya höküməti 2030-cu ilə kimi hal-hazırda mövcud olan 14 giqavatt gücə sahib ancaq dəniz külək eletrik stansiyalarına qarşılıq olaraq daha 50 giqavatt gücündə stansiyalar quraşdırmağı qarşıya məqsəd qoyur. Külək enerjisinin ümumi hasilatı isə gözlənildiyi kimi 60 giqavattı ötəcək. Müqayisə üçün, bir sutkada elektrik enerjisi istehlakı 33 giqavatta bərabərdir. Artıq qalan güc isə hasilatın az olduğu vaxtlarda çatmayan enerjini kompensasiya etməyə, həmçinin enerji tələb edən texnologiyaların (havadan birbaşa karbon əldə edilməsinin, aqrosənaye komplekslərinin stabil işini və quraqlıqla mübarizə üçün suyun duzsuzlaşdırılmasının) təminatına sərf ediləcək. Qeyri-stabil külək və günəş enerjisi təchizatı probleminin həlli tələbatın idarə edilməsi və enerjinin saxlanması texnologiyası ola bilər.

“Enerji böhranının ən qızğın vaxtında bu haqda danışmaq qəribədir, lakin, ola bilsin ki, biz yeni enerji bolluğu dövrünün astanasındayıq”, – Endryu Sissons qeyd edir. Bərpa olunan enerji mənbələrindən əldə edilən enerjinin marjinal xərci çox azdır və, demək olar ki, fiziki məhdudiyyəti yoxdur. İstisna hal ancaq nə qədər tez sərmayə yatırmaq və onları tikməkdir.

Sərmayə ehtiyacı

Beynəlxalq Enerji Agentliyinin ilkin qiymətləndirməsinə əsasən, 2022-ci ildə dünya enerji sektoruna yatırılan ümumi sərmayələrin miqdarı 2,4 trilyon dollar təşkil etmişdir. Onların üçdə ikisi, 1,44 trilyon dolları, təmiz energetikanın payına düşür.

“Bloomberg New Energy Finance”-ın (BloombergNEF) hesablamasına görə, 2022-ci ildə mədən yanacağına və təmiz energetikaya yatırılan sərmayələr, demək olar ki, bərabər olmuş və təxminən 1 trilyon dollar təşkil etmişdir. Həm də nəzərə almaq lazımdır ki, təmiz energetikaya yatırılan sərmayələr 2021-ci illə müqayisədə 31% artmış və ilk dəfə bu göstəriciyə çatmışdır.

BEA və “BloombergNEF”-in hesablamaları mühasibat sistemləri ucbatından fərqlənir. Məsələn, “BloombergNEF” şəbəkə sərmayələrini, enerji saxlanması sistemlərini və enerji effektivliyinin artırılmasını hesaba almır. Buna baxmayaraq, o, elektromobillərlə əlaqəli hallarda ancaq onların özünü yox, həm də enerji doldurma infrastrukturunu nəzərə alır. Əgər elektrik şəbəkəsinə, təchizat zəncirinə sərmayə yatırılarsa və bunun üzərinə təmiz enerji sahəsində fəaliyyət göstərən şirkətlər tərəfindən səhm bazarından 119 milyard dollar cəlb edilərsə, təxminən 1,6 trilyon dollar edər.

Hər iki təşkilatın siyahısında bərpa olunan energetikaya yatırılan sərmayələr həcminə görə ilk yerdə qərarlaşıb: 472 mlrd. dollar BEA-da, 495 mlrd. dollar BloombergNEF-də. BloombergNEF-də ikinci yerdə 466 mlrd. dollar göstərici və illik 54% artım ilə (bərpa olunan enerji mənbələrindəki 17%-ə qarşılıq olaraq) elektronəqliyyat sektoru qərarlaşıb. Keçən il dünya üzrə tamamilə elektrik və şarj edilə bilən hibrid avtomobillərin satış payı 13% təşkil etmişdir. Hələ 3 il əvvəl, 2019-cu ildə, bu göstərici 3 faizə bərabər idi. 2030-cu ildə isə 3 ən böyük avtomobil bazarında, Çin, Avropa və ABŞ, satılan hər iki avtomobildən biri elektriklə işləyən olacaq.

Lakin hər iki təşkilatın mütəxəssisləri bir məsələdə həmfikirdirlər: Bu rekordlar yetərli deyil.

Mədən yanacağına yatırılan hər 1$ sərmayəyə təmiz energetikaya 1,5$ sərmayə uyğun gəlir. BEA-ın icraçı direktoru Fatih Birol Davos forumunda qeyd edib, – “Əgər biz əsrin sonuna kimi temperatur artımını 1,5 dərəcə (sənaye öncəsi səviyyə ilə müqayisədə) azaltmaq istəyiriksə, nisbət 1/9 olmalıdır”.

BloombergNEF-in hesablamasına görə, enerji keçidinin illik sərmayə təminatı cari onilliyin sonu kimi 3 dəfə artmalıdır ki, 2050-ci ildə sıfır xalis emissiyaya nail olmaq şansı yaransın.

Bununla belə, Birol qeyd edir ki, təmiz energetikaya əsas sərmayə yatırımı inkişafda olan ölkələrdə həyata keçirilməlidir. Bunu etməksə çətindir, çünki bu ölkələrdə kapitalın qiyməti ABŞ və Avropa ilə müqayisədə 6-7 dəfə yüksəkdir. İnkişafda olan ölkələrdə (Çindən başqa) arzuedilən iqtisadi artım tempini təmin etmək 2030-cu ilə kimi bərpa olunan enerji mənbələrinə yatırılan 0,5 trln. dollar sərmayələrdən savayı enerji təminatının paralel artımını da tələb edir. Lakin adambaşına düşən enerji sərfiyyatını minimum nəzərə alsaq belə, tələb olunan həcm bərpa olunan enerji mənbələri tarixində rekord hesab oluna bilər. Bu ölkələrə ənənəvi yanacaqdan, xüsusilə kömürdən, imtina baha başa gəlməklə yanaşı iqtisadi inkişaf üçün hava-su kimi lazım olan enerjinin defisitinə gətirib çıxaracaq. Kömür istifadəsini məhdudlaşdırmaq real məqsəddir, ancaq tez bir zamanda əlçatan deyil.

Paylaş

Digər yazılar