fbpx
Skip links

Dünya Bankı qaçqınları işə cəlb etmək təklifi ilə çıxış edib

Dünya Bankının hesabatına əsasən, yaxın on ildə dünyada işçi qüvvəsi üstündə mübarizə kəskinləşəcək. Buna səbəb gəlir səviyyəsi orta və yüksək olan ölkələrdə yaşlı əhalinin say çoxluğu səbəbindən yaranan əmək resurslarının çatışmazlığı problemidir.

Hesabatda qeyd edilir ki, 1960-cı ildən başlayaraq dünya əhalisinə nisbətən qaçqın sayı stabil olaraq qalıb. Lakin dünyanın müxtəlif bölgələrində əhali artımı prosesi bərabər getməyib. Bununla da qlobal miqrasiyanın artım tempi yüksək gəlirli ölkələrdə əhalinin artım tempini 3 dəfədən artıq üstələyib.

Məsələn, İtaliya əhalisi hal-hazırda 59 milyon nəfər təşkil edir. Proqnozlara görə, 2100-cü ildə bu göstərici, demək olar ki, yarıbayarı azalaraq 32 milyona qədər enəcək. Bununla belə, 65 yaşdan yuxarı insanların sayı 14% artaraq ölkə əhalisinin 38%-ni təşkil edəcək. Yaşlı əhali isə öz növbəsində artan sosial ödənişlər və tibbi xərclər səbəbindən dövlət büdcəsinə əlavə yük yaradacaq.

 Hesablamalara görə, hal-hazırda dünya üzrə qaçqın sayı 37 milyon nəfər olaraq qiymətləndirilir.

Analitiklər problemin həllini qaçqın qəbul edən ölkələrin qanunvericiliklərinin liberallaşmasında görürlər. Onların fikrincə, bu strategiya dünya iqtisadiyyatının artmasına da öz töhfəsini verəcək.

Ənənəvi olaraq donor ölkələr qismində aşağı gəlirli, lakin yüksək doğum göstəricilərinə malik ölkələr (Banqladeş, Hindistan, Çin, Mavriki, Meksika, Tailand, Tunis) çıxış edirlər. Lakin adı çəkilən ölkələrdə də yaxın illərdə doğum əmsalının azalacağı gözlənilir. Bu da Avropaya qaçqın axınını zəiflədəcək.

Mütəxəssislər qeyd edirlər ki, qaçqın qəbul edən ölkələr onları ancaq natamam sosial hüquqlarla təmin edirlər və milli əmək bazarına çıxışı məhdudlaşdırırlar. Bunun əksinə qaçqınlar işsiz kimi qeydiyyata alınsalar və onlarla əmək müqaviləsi bağlansa inkişaf etmiş ölkələr əlavə işçi qüvvəsi əldə etmiş olarlar.

Paylaş

Digər yazılar