fbpx
Skip links

Bank-ticarət sisteminin fraqmentasiyası

Dünya ticarətinin parçalanması ölkələrin bank sektoruna da təsir göstərir. Banklar kredit verilməsini məhdudlaşdırmağa yaxud yenidən paylamağa başlaya bilər. Bu da öz növbəsində ticarətin fraqmentasiyasını daha da sürətləndirə bilər.

Geridə qoyduğumuz on il ərzində qlobalizasiya bir neçə güclü zərbəyə məruz qalıb: Çin və ABŞ arasında ticarət müharibəsi, Breksit, koronavirus pandemiyası. Bu hadisələr ona gətirib çıxardı ki, ölkələr ticarətin məhdudlaşdırılması üçün tədbirlər görməyə başladılar. ABŞ-da yarımkeçiricilər sahəsindən Çindən asıllığı aradan qaldırmaq məqsədilə çiplər haqqında qanun (CHİPS and Science Act) qəbul edildi; Avropada qəbul olunan analoji qanun aktı da (Chips act) yarımkeçiricilər sahəsində həmfikir ölkələrlə tərəfdaşlığı təbliğ edir. IPCEI (Important Projects of Common Europeans Interest) proqramı isə Avropa ölkələri arasında ixracat zənciri sahəsində əməkdaşlığı ön plana çəkir. FED iqtisadçıları hesab edirlər ki, – “Belə görünür ki, stabil beynəlxalq ticarət dövrü başa çatıb”.

Ticarət sarsıntıları beynəlxalq ticarətin əsas hərəkətverici qüvvəsi olan bank kreditləşməsinə də zərbələr endirir. Bununla da ticarətdə baş verən fasilələr mənfi nəticələri daha da ağırlaşdırır. IBRN beynəlxalq bank araşdırmaları şəbəkəsinə qoşulan mərkəzi banklar tərəfindən aparılan tədqiqatlar bunu deməyə əsas verir. Beynəlxalq ticarətin məhdudlaşmasının bankların fəaliyyətinə təsirlərini öyrənən IBRN proyekti 2020-ci ildə öz işinə başlayıb. Tədqiqatçılar kredit verilməsinin ticarətin parçalanmasına reaksiyasını izləmək üçün bankların gizli məlumatlarını əsas götürürlər.

Mərkəzi bankların “sosial şəbəkəsi”

Mərkəzi bankların IBRN şəbəkəsində birləşməsinin məqsədi beynəlxalq bank sistemi ilə bağlı problemlərin tədqiq edilməsidir. Şəbəkə 2012-ci ildə Avstriya, Almaniya, ABŞ və Böyük Britaniyadan olan tədqiqatçıların təşəbbüsü ilə yaradılıb. Bugün qurumun üzvləri cərgəsinə inkişaf etmiş və inkişafda olan ölkələrin 30-a yaxın bankından, həmçinin Sistem Riskləri üzrə Avropa Şurasından, BVF-dən, Maliyyə Stabilliyi üzrə Şuradan (FSB) və Beynəlxalq Hesablamalar Bankından (BIS) mütəxəssislər daxildir.

Daha aşağı kreditləşmə

IBRN mütəxəssisləri aparılan tədqiqatlardan bu nəticəyə gəliblər ki, ticarətin parçalanmasına cavab olaraq banklar kredit təkliflərini azaldırlar. Bu effekt ancaq beynəlxalq ticarət sahəsində hökm sürən naməlumluq və ya azalmalardan birbaşa əziyyət çəkən firmalarda yox, bu faktorların birbaşa təsir göstərmədiyi şirkətlərdə də müşahidə edilir. Yəni ticarət şoku bank borclalanlarının hamısına təsir edib.

Kreditləşmə həcminin azalması ölkədən ölkəyə dəyişir. Məsələn, 2015-2017-ci illər aralığında ticarət şokları baş verməzdən əvvəl hər rüb kredit verilməsində ortalama olaraq 4,2 faiz bəndi artım qeydə alınırdısa, ticarət şoku zamanı Amerikanın iri bankları eyni göstəricini 0,5 faiz bəndi azaltmağa məcbur oldular. Norveçdə bu rəqəm 3-6 faiz bəndi, İtaliyada 0,8 faiz bəndi təşkil edir.

Ticarət şokları kredit riskinin artması vasitəsilə yayılır. Onlar ixracatçıların maliyyə vəziyyətinə mənfi təsir göstərir (gəlirləri və likvidliyi azaldır). Bu da kreditlərin qaytarılmaması riskini yaradır. Banklar bunun qarşısını almaq üçün kredit rezervini artırır, riskli borcalanlara (ancaq ixracatçılara yox) verilən kreditləri isə azaldırlar. Bankların bu cür reaksiyası Çilidə, Almaniyada, İtaliyada, Norveçdə və ABŞ-da müşahidə edilmişdir.

Banklar ilk növbədə təcili kreditləri (kredit xətti ilə müqayisədə) və şirkətlər tərəfindən sərmayə üçün əldə edilən borcları azaldırlar. Şirkətlər isə digər mənbələrdən istifadə etməklə “itmiş” bank kreditlərini tam həcmdə əvəzləyə bilmədiklərindən kapital xərclərini azaltmalı olurlar. Yəni, nəticədə, ticarət şokları kredit bazarında bankların reaksiyası vasitəsilə real iqtisadi göstəricilərə mənfi təsir göstərir.

 

Parçalanmanın qiyməti

Avropa Yenidənqurma və İnkişaf Bankının qiymətləndirməsinə görə, ticarət yollarının siyasi müttəfiqlər tərəfə yönləndirilməsi səbəbilə potensial itkilər ÜDM-in 4,6%-ni təşkil edir. BVF-in proqnozuna görə isə, itkilər parçalanma ssenarisindən asılı olaraq dünya iqtisadiyyatının 0,3%-2,3%-i qədər olacaq. “Yumşaq” ssenaridə ABŞ və Aİ ilə Rusiya arasında bütün ticarət əlaqələri dayandırılır, ABŞ və Aİ ilə Çin arasında isə yüksək texnoloji məhsullarla ticarətə qadağa qoyulur. “Ağır” ssenari zamanı ABŞ-Aİ cütlüyü ilə Rusiya-Çin cütlüyü arasında ticarət əlaqələri tamamilə kəsilir, qalan dünya isə ancaq bu iki blokdan biri ilə ticarət aparır.

Müxtəlif ölkələrin bankları necə reaksiya verir

2014-cü ilə kimi Rusiya italyan ixracatçıları üçün Aİ xaricində 3-cü ən böyük bazar idi. İki il sonra 2016-cı ildə isə İtaliya şirkətlərinin Rusiya bazarındakı satışları 35% azaldı. İtaliya Bankının apardığı tədqiqat göstərir ki, gəlirlərinin böyük hissəsini Rusiyada əldə edən şirkətlər likvidlik ehtiyacının artması problemini həll etmək üçün kredit xətlərindən daha aktiv istifadə etməyə başladılar. Bu zaman banklar “şok keçirmiş” şirkətlərə daha həvəslə kredit verirdilər, lakin onların dövriyyəsində Rusiyanın payı 30%-i keçmirdi. Bunun əksinə olaraq, onlar mənfi təsirlərə birbaşa məruz qalmamış şirkətlərə verilən kreditləri azaldırdılar. Bununla, banklar bir tərəfdən zərbə almış daha sabit şirkətlərə dəstək göstərir, digər tərəfdən özlərinin korporativ kredit portfeli üçün risk ehtimalını azaldırdılar.

Norveç bankları ticarət şoku ilə 2010-cu ildə qarşılaşdılar. O zaman Nobel komitəsi çinli insan hüquqları müdafiəçisi Lyu Syaoboya sülh üzrə Nobel mükafatı verdi. Buna cavab olaraq, ÇXR, faktiki olaraq, Norveç qızılbalığının idxalını qadağan etdi. Qızılbalıq Norveç iqtisadiyyatının əsas ixracat məhsullarından olduğu üçün sistem əhəmiyyətli balıqçılıq sənayesi ciddi zərbə almış oldu. Qadağanın qüvvəyə mindiyi ilk il ərzində Norveç qızılbalığının Çinə ixracı 60% azaldı, daha bir ildən sonra isə, ümumiyyətlə, sıfıra düşdü. Əgər 2010-cu ilə kimi qızılbalıq fermaları ilə işləyən banklarla digər bankların ümumi kreditin ortalama artım tempi eyni idisə, konfliktdən sonra digər banklar borc verilməsini artırmağa davam etdilər. Qızılbalıq fermaları ilə işləyən banklar isə borcalanların hamısı üçün, hətta konfliktin toxunmadığı firmalar və ev təsərrüfatları üçün belə, borc verilməsini məhdudlaşdırdı. Kreditlərin əlçatmazlığı ilə qarşılaşan şirkətlər də öz növbəsində sərmayələri və əmək xərclərini azaltmağa məcbur oldular.

Çili şirkətləri ticarət tariflərinin dəyişməsi riski səbəbindən yaranan naməlum vəziyyətə cavab olaraq kreditləri daha az idxalçı şirkətlərə, daha çox qlobal təchizat zəncirində yer alan böyük şirkətlərə (eyni zamanda həm məhsulun ixracı, həm də idxalı ilə məşğul olan şirkətlərə) yönəltdilər. Qlobal təchizat zəncirinə daxil olmuş şirkətlər daha etibarlı hesab edilirlər, çünki şokların öhdəsindən daha rahat gəlirlər. Eyni zamanda ixracatçılar istehsal etdikləri və ölkə xaricinə çıxardıqları məhsulun pulunu ala bilməməklə risk edirlər. Belə ki, ticarət kreditinin Çili ixracatının əsas maliyyələşmə mexanizmi (80%) olduğundan xarici ticarətdə naməlum vəziyyətin artması ölkənin ixracat imkanlarının da məhdudlaşmasına gətirib çıxarır.

Almaniya bankları Breksitə cavab olaraq daha az gəlirə malik şirkətlərə kredit verilməsini azaltdılar, Portuqaliyada isə xarici şirkətlərlə əlaqəli olan kredit təşkilatları böhran zamanı kredit təkliflərini azaltsa da, yerli şirkətlərə ayrılan kreditlərin həcmini artırdılar. Transmilli şirkətlərin bəzi bölmələri kredit təkliflərinin azlığı vəziyyətində beynəlxalq kapital bazarından maliyyələşmək imkanına malikdirlər və qismən də olsa, real iqtisadiyyatın mənfi təsirlərini tarazlayırlar.

Bankların qərarlarına daha nə təsir göstərir

Bankların ticarət şokuna reaksiyası üçün ancaq kredit portfelinin tərkibi yox, həm də onların öz xüsusiyyətləri əhəmiyyət kəsb edir. Kapital göstəricilərinin və depozit formasında maliyyələşmənin aşağı olduğu ABŞ banklarında mövcud ticarət riski səviyyəsində kredit verilməsinin məhdudlaşdırılması daha güclü nəzərə çarpır. Analoji olaraq, aşağı kapital buferinə və rentabellik göstəricilərinə malik alman bankları da kredit təkliflərini əhəmiyyətli dərəcədə məhdudlaşdırırlar. Kiçik Çili bankları da kredit məbləğini azaltmağa və faiz dərəcələrini artırmağa başlayırlar.

Daha bir mühüm faktor digər ölkələrdə təsir gücünə malik hüquqi şəxslərin olmasıdır. İngiltərə Bankının iqtisadçıları Britaniya banklarının və xidmət ticarəti ilə bağlı məhdudiyyətlər nümunəsində göstərirlər ki, ölkə xaricində nümayəndəliyi olmayan kredit təşkilatları məhdudlaşma tətbiq edən ölkələrdə şirkətlərə kredit verilməsini azaldırlar. Belə bir nümayəndəliyə sahib banklar isə öz növbəsində qrupdaxili kreditləri azaldır və onları həmin bazarlarda fəaliyyət göstərən şirkətlərə birbaşa sərhədlərarası kreditlər ilə əvəz edirlər. Yəni qlobal banklar ticarət əngəllərinə cavab olaraq, öz biznes modellərini yenidən qururlar. Bankların hər hansı bir coğrafiyada ixtisaslaşması da təsir göstərən amillərdəndir. Məsələn, baş ofisi ABŞ və Kanadada yerləşən və Meksikada işləyən banklar Şimali Amerika Azad Ticarət Assosiasiyası (NAFTA) ilə danışıqlar ətrafında yaranmış naməlumluq səbəbindən kredit verilməsini azaldırlar, ana şirkəti digər ölkələrdə olanlar isə, əksinə, artırırlar.

IBRN tərəfindən aparılan tədqiqatlar göstərir ki, ticarət şokları dalğa effekti yaradır və banklar vasitəsilə bir çox şirkətlərə və ev təsərrüfatlarına təsir edir. Nyu-Yorkun Federal Ehtiyatlar Bankının mütəxəssislərinin araşdırmasına görə, bankların kredit verilməsini azaltmağında və onu yenidən bölüşdürməyində özünü göstərən reaksiyası da, öz növbəsində, ticarətin parçalanmağını sürətləndirə və firmaların ticari sarsıntılara uyğunlaşmasını ləngidə bilər.

Paylaş

Digər yazılar

Bu vergi güzəştinin müddəti başa çatdı

Fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirlərinə tətbiq olunan vergi güzəştinin müddəti başa çatıb. Dövlət Vergi Xidmətindən AZƏRTAC-a bildirilib ki, Vergi Məcəlləsinin 102.1.22-ci maddəsinə