fbpx
Skip links

“Qeyri-stabillik tələsi”: İqtisadi təlatümlər və münaqişələr

Makroiqtisadi şəraitin ağırlaşması bir çox hallarda sosial gərginliyə və münaqişələrə gətirib çıxarır. Onlar da öz növbəsində ağır olan makroiqtisadi vəziyytəti daha da pisləşdirirlər. Beynəlxalq Valyuta Fondunun iqtisadçıları hesab edirlər ki, hadisələr arasında əlaqələri aşkar etməklə “qeyri-stabillik tələsi”ndən yayınmaq mümkündür.

Makroiqtisadi şəraitin ağırlaşmasının sosial gərginliyə, şiddətli toqquşmalara, hətta vətəndaş müharibələrinə səbəb ola biləcəyini sübut edən çoxsaylı dəlillər mövcuddur. Lakin bu qarşılıqlı əlaqələrlə bağlı tədqiqatlar birmənalı deyil: bəziləri iqtisadiyyatdakı durğunluq və adambaşına düşən gəlirin azalması ilə cəmiyyətdəki konfliktlərin sayı arasında korrelyasiyanın olduğunu dediyi halda, digərləri bu fikri inkar edir, yaxud əhəmiyyətsiz görür.

Ziddiyyətli nəticələrin mümkün səbəbi o ola bilər ki, dəyişən makroiqtisadi şərait eyni bir təsir vasitəsilə həm möhkəmlənə, həm də balanslaşa bilər. Məsələn, BVF-in tədqiqatına görə, kapital tələb edən sektorlarda məhsulların qiymətinin artması eyni zamanda icarə uğrunda mübarizənin güclənməsi ucbatından həm konflikt ehtimalını artırar, həm də maaşın artması səbəbindən azaldar. Bu tədqiqat iqtisadi sarsıntıları şiddətli münaqişələrə gətirib çıxaran səbəbləri və bunun qarşısını almağa imkan verən faktorları müəyyən etməyi qarşıya məqsəd qoyur. Bu mexanizmləri anlamaq qeyri-sabit iqtisadiyyat nəticəsində yaranmış konfliktləri qabaqlamağa kömək edəcək.

Üç əsas təsir kanalı

Konfliktlər siyasi, sosial, etnik faktorlar da daxil olmaqla, kompleks səbəblərdən yarandığından onlardan hansısa birini ayırmaq mümkün deyil. Lakin münaqişə ehtimalını artıran iqtisadi faktor kimi ümumi gəlir səviyyəsinin düşməsini göstərmək məntiqlidir. Ancaq inflyasiyanın sürətlənməsi, işsizliyin artması və maaşların azalmasının da prosesə mənfi təsirlərini gözardı etmək olmur. Bu dəyişikliklərin konfliktlərə səbəb olub-olmayacağı və bu ehtimalın nə qədər olduğu isə hökümətlərin əhalinin itkilərini yumşaltmaq bacarığından asılı olaraq qalır.

Müəlliflər təkliflərini 1989-2011-ci illər aralığında adambaşına düşən gəlirin orta və aşağı olduğu 133 ölkədən toplanmış məlumatlar əsasında yoxlayıblar və makroiqtisadi şəraitin ağırlaşmasını bu dövr ərzində baş vermiş konfliktlərin tezliyi ilə müqayisə ediblər.

Tədqiqatçılar makroiqtisadiyyatda dəyişiklilərin göstəricisi kimi 45 adda xammal qiymətlərinin artıb-azalmasından ölkələrin qazanclarını və itkilərini qeydə alan BVF-in xammal məhsulları ilə ticarət şərtləri indeksini istifadə ediblər. Qiymətləri nəzərə alınan xammal sırasına neft, qaz və müxtəlif metallarla yanaşı, pambıq və banan kimi aqroməhsular da daxildir. Hər ölkənin indeksində hər bir xammal məhsulunun qiyməti müəyyən edilərkən bu məhsulun xalis ixracdakı payının ÜDM-ə nisbəti nəzərə alınmışdır. Bu, həm ixrac, həm də idxal qiymətlərindəki dəyişikliklərin makroiqtisadi vəziyyətə təsirlərini nəzərə almağa və indeksdəki dəyişiklik göstəricilərini modeldə ÜDM-dəki dəyişikliklərlə bərabərləşdirməyə imkan verdi.

Müəlliflər konfliktlərin tezliyi ilə bağlı məlumatları 1989-cu ildən Uppsala Universitetində toplanan konfliktlərin qlobal məlumat bazasından əldə ediblər. Bazaya bir subyekt tərəfindən digərinə yaxud mülki əhaliyə qarşı güc tətbiq edilən (etirazçıların əlindəki daş və taxtalardan tutmuş hərbi konfliktlərdə istifadə olunan silahlara qədər hərşey) və heç olmasa bir nəfərin ölümüylə nəticələnən hər bir hadisə daxil edilir. Müəlliflər kiçik həcmli münaqişələri (etirazlar, iğtişaşlar və bir mülki şəxs tərəfindən törədilən zorakılıq aktlarını) və qeyri-iqtisadi faktorların səbəb olduğu iri konfliktləri, məsələn 1990-cı illərin əvvəlində baş vermiş Ruanda soyqırımını, təhlildən xaric ediblər.

Modeldə ÜDM-dəki dəyişikliklərə bərabər olan xammal gəlirlərinin dəyişməsi konflikt tezliyinə 3 əsas kanal vasitəsilə təsir edir.

  1. İtirilmiş mənfəət. Ev təsərrüfatlarının gəliri nə qədər azalırsa, onların qeyri-məhsuldar əməklə məşğul olmaq ehtimalları da bir o qədər artır. Ölkədə, xüsusilə, bərabərsizliyin, işsizliyin və qida təhlükəsizliyinin səviyyəsi nə qədər yüksək olarsa, bir o qədər çox ev təsərrüfatları münaqişələrə cəlb oluna bilər.

İtirilmiş mənfəət xərclərinin səbəb olduğu konfliktlərə 2000-ci illərdə Kot-d’İvuarda baş vermiş vətəndaş müharibəsini nümunə göstərmək olar. 20 il müddətində iqtisadiyyatın əhəmiyyətli dərəcədə asılı olduğu qəhvə və kakaonun ucuzlaşması səbəbilə ixracat gəlirləri azaldığına görə istehsalçılar plantasiyaları böyütməklə və ixracat həcmini artırmaqla itkiləri kompensasiya etməyə cəhd etdilər. Bu, torpaq sahələri üstündə mübarizəyə və dini, etnik zəmində qarşıdurmaların kəskinləşməsinə gətirib çıxardı. Bu hadisələrin nəticəsində baş verən müharibə ölkəni müsəlman şimalına və xristian cənubuna böldü.

  1. Dövlətin imkanları. İxracatdan qaynaqlanan büdcə daxilolmalarının azalması (yaxud idxal qiymətlərinin artması) büdcə gəlirlərinin də azalmasına (və ya, müvafiq olaraq, xərclərin artmasına) səbəb olur. Bu da öz növbəsində dövlətin iqtisadi qeyri-stabilliyin təsirlərini yumşaltmaq və, bununla da, konfliktlərin qarşısını almaq bacarıqlarını məhdudlaşdırır.

Tədqiqatçılar nümunə çəkirlər ki, Afrikanın ən böyük neft ixracatçısı olan Nigeriyada 2014-2015-ci illərdə neft qiymətlərinin enməsinə görə büdcə daxilolmaları, təxminən, 30% azalmışdır. Bu, Nigeriya hökümətinə ekstremist “Boko Haram” qruplaşmasının ölkənin şimal-şərq hissəsində irəliləmisinin qarşısını almağa mane olmuşdu, onun resurs imkanlarını məhdudlaşdırmışdır.

  1. İcarə uğrunda rəqabət. Xammalın qiymətinin artması və bundan doğan gəlirlərin artması onların bölüşdürülməsi ilə bağlı münaqişələrə səbəb olur. Bu hal təbii resurslarla zəngin ölkələr üçün daha çox aktualdır. Bununla belə, xammal qiymətlərinin enməsi bu kanal vasitəsilə konfliktlərin yaranması ehtimalını da azalda bilər. Tədqiqatçıların fikrinə görə, bunun səbəbi gəlirli yerləri ələ keçirməklə qazanılan mənfəətin də azalmasıdır.

Faktorlar və konfliktlər

Sadalanan kanalların empirik təhlili göstərdi ki, onların konfliktlərin tezliyi ilə korrelyasiyası 3 əsas faktordan asılıdır: yoxsulluq dərəcəsi, bərabəsizlik dərəcəsi və xarici borc səviyyəsi.

Yoxsulluq dərəcəsi. Orta göstəricidən aşağı gəlir səviyyəsinə malik ölkələrdə rifah səviyyəsi yüksək olan ölkələrlə müqayisədə konfliktlər 2 dəfə çox baş verir və orada həlak olanların sayı da 5 dəfə daha çoxdur. Belə ki, bir il ərzində bu ölkələrdə hər 1 mln. əhaliyə ortalama olaraq, 4 münaqişə düşür və bu münaqişələr zamanı 75 nəfər həlak olur. Rifah səviyyəsi yüksək olan ölkələrdə isə il ərzində qeydə alınan münaqişələrin sayı 2-dən, qurbanlarının sayı isə 15-dən az olur.

ÜDM-in 1%-i miqdarında ixracat gəlirləri itkisi bir il sonra hər 1 mln. əhali başına düşən münaqişə sayını ortalama olaraq 0,05% artırır. Ən yoxsul ölkələrdə bu rəqəm 2 dəfə artıqdır.

Bərabərsizlik səviyyəsi. Müəlliflər bu ifadə altında həm gəlir bərabərsizliyini, həm də işsizliyi (iş tapmaq imkanlarının bərabərsizliyini) və qida təhlükəsizliyinin səviyyəsini (təməl həyat ehtiyacları ilə təmin etmək imkanlarının bərabərsizliyini) nəzərdə tuturlar. Təhlili aparılan ölkələrdən gəlir bərabərsizliyinin və işsizliyin ən yüksək, qida təhlükəsizliyinin isə ən aşağı olduğu nümunələrdə makroiqtisadi şəraitin ağırlaşması ilə hər 1 mln. əhali başına düşən münaqişə sayı bərabərsizlik göstəricisinin ən az olduğu ölkələrlə müqayisədə 0,1-0,15% çoxdur. Ən yoxsul ölkələrdə isə fərq daha böyükdür.

Xarici borc səviyyəsi. Bu 3 faktor arasında xarici borc səviyyəsi münaqişə tezliyi ilə ən yüksək korrelyasiyaya malik olandır. Makroiqtisadi şəraitin ağırlaşması ən çox xarici borcu olan ölkələrdə əlavə münaqişə ehtimalını hər 1 mln. əhali üçün 0,1-0,3 faiz artırır. Müəlliflərin qənaətinə görə, bu, xarici borcu artırmağa qarşı olan tənqidlərin haqlı olduğunu sübut edən daha bir arqumendir.

Münaqişə ehtimalına təsiri baxımından büdcə kəsiri yüksək xarici borc ilə müqayisədə daha az təhlükəlidir. Büdcə kəsirinin yüksək olduğu ölkələrdə makroiqtisadi şəraitin ağırlaşması hər 1 mln. əhali başına düşən  münaqişə sayını əlavə 0,05% artırır. Balanslaşdırılmış büdcəyə malik ölkələrdə də bu göstərici eyni bu qədərdir.

Münaqişə əleyhinə siyasət                                       

Əlverişsiz makroiqtisadi şərait münaqişəyə səbəb olarkən həmin münaqişələr də makroiqtisadi şəraiti daha da ağırlaşdırır. O da öz növbəsində yeni konfliktlərə gətirib çıxarır. Ölkə bu zaman “qeyri-stabillik tələ”sinə düşmüş olur. Son onillik ərzində şiddətli münaqişələrin sayı əhəmiyyətli dərəcədə artmış və XX sonuna olan göstəricini 2 dəfə üstələmişdir. Müəlliflərin fikrincə, bu fakt problemi müasir dövrümüz üçün çox aktual edir. Tədqiqatın nəticələrinə görə, makroiqtisadi şoklardan qaynaqlanan zorakılıq hallarına bir neçə üsul vasitəsilə müqavimət göstərmək olar:

  1. İnklüziv inkişafa yönəlmiş siyasət. Çünki, o gəlirləri artırır və bərabərsizliyi azaldır;
  2. Müvafiq büdcə rezervlərinin yaradılması və xarici borc həcminin azaldılması. Birinci, xüsusilə, aşağı gəlirli təsərrüfatlara dəstək göstərməyə və iqtisadi durğunluq və münaqişələrdən ibarət qapalı dairəni qırmağa imkan verəcək;
  3. Beynəlxalq qurumlar tərəfindən maliyyə yardımı. Bu, maliyyə yardımı almış ölkəyə aşağı gəlir səviyyəsinə malik ölkələrdə büdcə qənaətlərinin səbəb olduğu iqtisadi təlatümlərin nəticəsini yumşaltmağa imkan yaradır.

Paylaş

Digər yazılar

Dəri altına yerləşdirilən mikroçiplər nədir

İmplant mikroçiplər İmplant mikroçip dedikdə həm insanın, həm də heyvanın dərisinin altına yerləşdirilən istənilən elektron cihaz başa düşülür. Bir qayda olaraq, bunlar identifikasiya edən RFID

Satan mətni daha səlis etməyin yolları

Yazı bacarıqlarını təkmilləşdirmək təcrübəsindən asılı olmayaraq hamının görməli olduğu işdir. Bu məqalədə öz səhvlərinizi görməyi öyrənəcək və fikirlərinizi daha səlis izah etmək bacarığına yiyələnəcəksiniz. Yeni