fbpx
Skip links

Nəyə görə təsərrüfatlar yoxsulluqdan yaxa qurtara bilmir?

Yoxsulluğun hələ də aradan qalxmamasını 2 əsas yöndən izah edirlər. Birinci izahın tərəfdarları hesab edirlər ki, məsələ insanların bacarıqlarının və motivasiyasının fərqli olmasındadır. İkinci yanaşmanın tərəfdarları isə əsas səbəbi fərqli imkanlarda görürlər.

Qlobal yoxsulluğun ləğv edilməsi üçün onun səbəblərini anlamaq gərəkdir. Lakin bir neçə səbəbin eyni nəticəyə gətirib çıxarması bunu çətinləşdirir. Bir səbəbi aradan qaldırmaqda effektiv siyasət başqa bir səbəbə qarşı faydasız, hətta ziyanlı ola bilər.

Yoxsulluğa gətirib çıxaran səbəbləri 2 böyük qrupa ayırırlar:

  1. Yoxsulluq yoxsulluq yaradır. Bu konsepsiya yoxsulluğu tələ kim nəzərdən keçirir. Qidalanmadan, fiziki və psixoloji sağlamlıqdan, insan kapitalından tutmuş qənaətcilliyə, kredit məhdudiyyətləri ilə bərabər düşünülməmiş sərmayələrə qədər yoxsulluğa aparan bütün yollar tədqiqatçılar tərəfindən ətraflı şəkildə təhlil edilmişdir. Əgər yoxsulluğun səbəbi elə yoxsulluğun özüdürsə, bu zaman ondan qurtulmaq üçün birdəfəlik böyük məbləğdə sərmayə (aktivlərin, təhsil yaxud tələbə kreditlərinin verilməsi) yetərlidir.

 

  1. İkinci qrupa yoxsulluğun səbəbləri kimi insanın anadangəlmə xüsusiyyətlərini yaxud yoxsulluğa gətirən iqtisadi mühiti aid edirlər. Bu göstəricilər dəyişməyincə və ya kompensasiya edilməyincə insan yoxsul qalmağa məhkumdur. Bu nöqteyi-nəzərdən birdəfəlik ödənişlərin effekti heç bir şey dəyişmədən bir müddət sonra itəcək. Bu səbəbdən ən optimal üsul yoxsul təsərrüfatların istehlakının və gəlirinin müntəzəm dəstəklənməsidir.

Nəzəri olaraq, yoxsulluq tələsinin yarada biləcəyi situasiyalar və qruplar çox saylı təcrübi tədqiqatların predmeti olmuşdur. Məsələn, bir neçə ölkədə (Çində, Macarıstanda, Rusiyada, Pakistanda, Efiopiyada və Hindistanda) fermer təsərrüfatları haqqında toplanan panel məlumatlarının təhlili yoxsulluq həddinin gəlir dinamikasına və rifah səviyyəsinə təsirini sübut etmir. Bununla belə, başqa tədqiqatlar bir sıra ölkələrdə (Cənubi Afrika, Keniya, Madaqaskar və Efiopiya) bu cür effekt hədlərinin mövcudluğunu sübuta yetirib. Yəni müəyyən bir aktiv səviyyəsindən sonra (məsələn, mal-qara sürüsünün sayı) təsərrüfatlar gəlir toplamağa, daha yaxşı işə başlamağa və yoxsulluqdan çıxmağa başlayacaq. Həmin səviyyədən aşağıda isə yox.

Həmçinin yoxsulluq tələsinin mövcudluğunu təsdiq edən dolayısı sübutlar da var. Məsələn, son dərəcə yoxsul vəziyyətdə yaşayan fermerlər aktivləri ən aşağı həddə yaxınlaşanda riskə daha meylli olurlar. Bu davranış forması onun yoxsulluq tələsindən çıxmaq yaxud ora düşməkdən yaxa qurtarmaq istəməsindən xəbər verir. Yoxsulluq həddinə çatmış təsərrüfatlar risk zonasına daxil edilir, çünki hər an bir mənfi hal nəticəsində bu həddən aşağı “yuvarlana” bilərlər. Daha bir sübut: yoxsul təsərrüfatlara mikrokreditlərin verilməsi ortalama olaraq zəif effekt verir. Artıq nisbətən çox aktivə sahib olan fermerlərə isə əksinə. Bu nəticəni aktivlər həddinə uyğun minimal gəlirə malik təsərrüfatlardan gözləmək olardı. Bir çox təsərrüfatlar üçünsə ancaq mikrokreditlər vasitəsilə bu həddə çatmaq mümkün deyil.

Nəhayət, əhalinin yoxsul təbəqəsinə yönəlmiş birdəfəlik iri həcmli aktiv köçürülməsi ilə təhsil, kredit və sağlamlığın dəstəklənməsinin kombinasiyasını təklif edən kompleks proqramlar ən müxtəlif ölkələrdə 10 ilə qədər davamlı effekt verir. Banqladeşin qeyri-kommersiya ictimai təşkilatı olan “BRAC” tərəfindən başladılan oxşar proqram da yoxsulluq tələsinin mövcudluğu ideyasına əsaslanırdı. Proqramın birmənalı uğuru isə bu ideyanın həqiqət olduğuna heç bir şübhə yeri qoymur.

Yoxsulluq həddi effekti

Banqladeşin şimalında 1309 kənddə yoxsulluq həddi testi keçirilmişdir. Son dərəcə yoxsulluq hökm sürən bu kəndlərə qida təhlükəsizliyinin olmaması və peşə seçiminin çox dar olması səciyyəvi idi. Məlumatlar 2007-2018 illər aralığında əhalinin ən yoxsul təbəqəsi arasında aparılan 5 sorğu nəticəsində əldə edilmişdir. Proqramın gedişatında 23000 təsərrüfat sorğuya çəkilmişdir.

İlkin mərhələ zamanı sınaq qrupunda yüksək yoxsulluq və təsərrüfatın rifahından asılı olaraq məşğuliyyət iyerarxiyası qeydə alındı. Ən kasıblar kənd təsərrüfatında azgəlirli, müntəzəm olmayan təsadüfi işlərdə yaxud ev xidmətləri sahəsində çalışırdılar. Eyni zamanda nisbətən təminatlılar heç kəsə işləmir, maldarlıqla məşğul olur və öz torpaqlarını əkib-becərirdilər.

İstehsalat aktivlərinin bölüşdürülməsi ilkin mərhələdə dəqiq bimodallıq nümayiş etdirirdi: bir qrup təsərrüfatın aktivləri sıfıra bərabər olduğu halda, digəri, əksinə, əhəmiyyətli aktivə sahib idi. Aralıq qrup isə, demək olar, yox idi. Bu, həm yoxsulluq tələsinin mövcudluğunun, həm də yoxsulların istedadları olmadığından aktivə sahib ola bilməmələrinin sübutu ola bilərdi.

Hər iki halda bərabərliyin nəticəsi eyni olsa da, bərabərlikdən kənarda dinamika köklü şəkildə dəyişir. Yoxsulluq tələsinin mövcudluğu nöqteyi-nəzərdən iri həcmli köçürmələr növbəti dövrlərdə aktivlərin artımına gətirib çıxara bilər. Alternativ nöqteyi-nəzərdən isə köçürmələr daha yüksək gəlirə səbəb olmur. Bunun nəticəsində də gələn dövrlərdə azalmağa doğru gedir. Biz, yoxsullara dəstək üzrə “BRAC” proqramının tərkib hissəsi olan aktiv köçürmələrinin təsirini öyrənirik ki, sözügedən iki yanaşmadan hansının doğru olduğunu müəyyən edək.

“BRAC” proqramına əsasən kəndlərdə yaşayan ən yoxsul qadınlara iri həcmli aktivlər (inək) verilir. Köçürmənin dəyəri elə müəyyən edilir ki, o, təsərrüfatların əhəmiyyətli hissəsini son dərəcə yoxsulluqdan ən aşağı aktivə malik səviyyəyə qaldırsın. Belə ki, proqramın benefisiarları arasında əvvəldən bərabərlik olmadığından yoxsulluq tələsinin mövcudluğu şəraitində eyni həcmli köçürmələrin təsiri fərqli ola bilər. Bu köçürmələr yoxsulluq həddindən yüksəkdə olanlara məhsuldar fəaliyyətə keçid etməyə və yoxsulluqdan çıxmağa imkan verəcək. Yoxsulluq həddindən aşağıda olanlar üçünsə bunu demək olmur. Keçirdiyimiz sorğu nəticəsində bu proqnozu yoxlaya bilərik.

Biz aşkar etmişik ki, köçürmə əldə edənlər üçün növbəti 4 il müddətində aktivlər dinamikası fərqli olmuşdur. İlkin aktivləri çox aşağı olan təsərrüfatlara köçürmələrin miqdarı yoxsulluqdan çıxmağa bəs etmir və onlar böyük ehtimalla yenidən oraya yuvarlanırlar. Aktiv həddini  keçənlər isə yoxsulluqdan yaxa qurtarırlar.

Biz aktivlərin hədd göstəricisini alıcılıq qabiliyyəti pariteti nəzərə alınaraq 500$ müyyən etmişik. 2007-ci ildə bu göstəricidən az istehsalat aktivlərinə malik təsərrüfatlar (benefisiarların 34%-i) artıq 4 ildən sonra daha az aktivə sahib idilər.

Bu dinamikanı müəyyən edən və insanları yenidən yoxsulluğa sürükləyən mexanizmlər hansılardır? Biz öz cavabımızı təqdim edirik. Təhlil edilən aktivlərin təməl tərkibi göstərir ki, daha zəngin təsərrüfatların aktivləri daha çox olmaqla yanaşı, həm də daha dəyərlidir (mal-qara sürüsü və ya torpaq səhələri). Bu aktivlər bölünməz sərmayə hesab edilir və əhalinin yoxsul təbəqəsi üçün əlçatmaz olur. Məsələn, bir inəyin orta qiyməti yoxsul təsərrüfatlar üçün adambaşına düşən orta illik istehlakın 80%-nə bərabər olur.

Bundan əlavə, minimal gəlirli heyvandarlıq müəssisəsi qurmaq üçün əlavə aktivlərə ehtiyac duyulur, lakin ən yoxsul təsərrüfatlar buna sahib olmurlar. Məsələn, arabalar, mal-qara saxlamaq üçün tövlə, kotan və s. Əlavə resurslar olmadan mal-qara yetərli qədər gəlir gətirməyəcək və zamanla sıfıra enəcək.

Digər tərəfdən, proqramın əvvəldən əlavə aktivə sahib olan yaxud onları ala bilən benefisiarları heyvandarlıqdan daha çox gəlir əldə edir və gələcəkdə həmin gəliri yenidən sərmayə yatırımında istifadə etmək imkanı qazanır. Bu ona gətirib çıxarır ki, bu cür təsərrüfatlar fəaliyyət növünü dəyişir, təsadüfi işlərə getmir və öz-özünə işləyən şəxs kimi maldarlıqla məşğul olurlar. Reqressiya analizi aşkar edir ki, hədd göstəricisindən aşağı və yuxarı olan fermerlərin aktivlərinin dinamikası köçürmədən 11 il sonraya qədər fərqlənməkdə davam edir.

Ümumilikdə, belə bir mənzərə yaranır ki, əhalinin ən yoxsul təbəqəsi daha gəlirli işlərlə məşğul olmaq üçün yetərli aktivə sahib olmamaqla yanaşı, həmin aktivi əldə etmək imkanından da məhrum olur. Bununla da, onun əmək məhsuldarlığı azalır, zamanı və bacarığı isə etibarsız və təsadüfi işlərə sərf olunur. Aşağı gəlir və müntəzəm olmayan işlər də, öz növbəsində, ona bölünməz aktiv əldə etmək və daha məhsulardar fəaliyyət göstərmək üçün yetərli vəsait toplamağa imkan vermir.

Güclü təkan

Bir neçə Cənubi Asiya ölkəsində keçirilən aktivlərin bölüşdürülməsi zamanı kəndlərdə izah edilən formada yoxsulluq tələsi aşkar edilmişdir. Şəhərlərdə isə buna iş yerlərinin çoxluğu səbəbindən daha az rast gəlinir. Lakin orada belə, daha yaxşı əraziyə köçmək, daha yaxşı təhsil əldə etmək üçün əhəmiyyətli vəsait tələbi kasıbları bu seçimlərdən məhrum edir.

Yoxsulluq tələsinin mövcudluğu həm nikbinliyə, həm də bədbinliyə əsas verir. Bir tərəfdən, bu o deməkdir ki, kiçik həcmli köçürmələr uzun vədədə effektiv deyil. Əgər vəsait əldə edənlər yoxsulluq həddindən yuxarı qalxa bilməyəcəklərsə, istənilən sosial yardım zaman keçdikcə bitəcək, onlarsa yenidən yoxsulluğa sürüklənəcəklər. Bu həm də yoxsul təsərrüfatların mikrokreditlər vasitəsilə dəstəklənməsinin niyə gözlənilən nəticəni vermədiyini izah edir. Bununla belə, mikrokreditlər nisbətən imkanlı təsərrüfatların madafiəsində əhəmiyyətli rol oynamağa davam edir və onları çətin dövrlərdə yoxsulluq tələsinə düşməkdən sığortalayır.

Digər tərəfdən, iri həcmli aktiv köçürmələri yaxud insan kapitalına edilən sərmayələr, həmçinin tələni yaradan çoxsaylı məhdudiyyətləri aradan qaldırmağa yönəlmiş siyasət uzunmüddətli müsbət nəticələrə gətirib çıxarar. Hətta bir dəfə həyata keçirilsələr belə insanlara daha gəlirli fəaliyyət növünə keçid etməyə imkan verər.

Paylaş

Digər yazılar

Yeni dövlət standartları qəbul edildi

2022-ci ildə Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən 68 yeni dövlət standartı qəbul edilib. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin

Əmtəə nişanını necə qeydiyyatdan keçirməli?

Əmtəə nişanı – sahibkarın əmtəələrini və ya xidmətlərini digər sahibkarın əmtəələrindən və ya xidmətlərindən fərqləndirən və qrafik təsvir edilən nişan və ya nişanların hər hansı bir uzlaşmasıdır.