fbpx
Skip links

Breynstorminq nədir və marketinqdə necə istifadə olunur?

Beyin fırtınası yaxud breynstorminq (ing. Brainstorming) kollektiv fikir istehsalı üsuludur. Onun əsəs məqsədi mümkün qədər çox unikal və yeni ideya toplamaq, qiymətləndirmək və praktikada istifadə etmək üçün ən effektiv olanları seçməkdir.

Beyin fırtınası zamanı hər kəs öz fikrini azad şəkildə deməlidir. Breynstorminq bütün qaydalara və metodlara riayət edildikdə yüksək nəticə verir.

image6

Breynstorminqin yaranma tarixçəsi

Beyin fırtınası amerikalı marketoloq Aleks Osborn tərəfindən yaradılıb və ilk dəfə 1942-ci ildə onun müəllifi olduğu “How to “Think up” kitabında təsvir edilib.

Aleks Osborn kitabında beyin fırtınasının 4 əsas qaydasını təklif etmişdi:

  1. Breynstorminq zamanı tənqid yolverilməzdir.
  2. İdeya sayı nə qədər çox olarsa, bir o qədər yaxşıdır.
  3. Ən ağılagəlməz ideyalara üstünlük verilir. Əksər hallarda ən effektiv həll yolu onlardır.
  4. Bir neçə ideyanı birləşdirmək, əlavələr etmək və inkişaf etdirmək olar.

Zaman keçdikcə üsul genişləndirilib və ona yeni elementlər əlavə edilib. Bugün şirkətlər Osbornun ixtirasını öz bizneslərinə adaptasiya etməklə korporativ ideyaların düşünülməsi üçün daxili qaydalar yaradırlar.

Məsələn, “Google” şirkətində beyin fırtınası 3 prinsipə əsaslanır:

  1. İstifadəçini tanımaq. Şirkətin əməkdaşları hədəf auditoriyasının problemlərini, vərdişlərini öyrənmək üçün tez-tez “əraziyə çıxırlar”. Müxtəlif ölkələrdən olan istifadəçiləri müşahidə edir, onlarla ünsiyyət qururlar.
  2. 10 dəfə düşünmək. Bir fikri ən çox 6 sözlə bildirmək. Bu, fikri iş yoldaşlarına daha düzgün çatdırmaqla yanaşı, fikir bildirənin özünün də daha yaxşı anlamasına kömək olacaqdır.
  3. Dərhal prototip hazırlamaq. “Google”da ideyaların vizuallaşdırılmasına xüsusi diqqət ayırırlar. Yeni qərarı daha da təkmilləşdirməkdən öncə yoxlamaq vacibdir. Bunun üçün onlar əl altında olan əşyalardan, komputerdən, 3D-printerdən, plakatlardan istifadə edirlər.
image3
Google Garage. “Yeniliklər üçün yaradıcı bacarıqlar laboratoriyası”. Google işçiləri beyin fırtınası keçirir.

Breynstorminqin marketinqdə istifadəsi

Beyin fırtınası fikir toplanması və qərar verilməsi üçün effektiv üsul hesab edilir. Üstünlükləri:

Gözlənilməz ideyalar tapmağa imkan yaradır. İnsan beyni ilham gəlməsini gözləməyə meyllidir. Breynstorminq yarımçıq ideyaların və ya çətin problemlərin toplandığı beyin hissəsini aktivləşdirir. Buna görə ondan neyminq yaxud sloqan düşünülməsində istifadə edirlər.

Çətin problemləri daha kiçik altproblemlərə bölməyə kömək edir. Bundan marketinq layihəsinin təsviri aydın olmayanda və komandaya çətinlik yaradanda istifadə edirlər.

Tənqidi düşüncəni təşviq etmək. İdeyanı təhlil etməyə, rəqib şirkətlərin qərarları ilə müqayisə etməyə və “nə üçün onlarda işə yarayıb, bizdə isə işə yaramaya bilər?” sualına cavab tapmağa imkan yaradır.

Komandanı birləşdirir. Bu, xüsusən, komandada gənc işçilər varsa faydalıdır. Çünki onlar gündəlik iş prosesində öz fikirlərini ümumi müzakirəyə çıxarmaqdan çəkinirlər. Hərdən onların yeni baxışı vacib və gözlənilməz olur.

Beyin fırtınasının köməyi ilə, demək olar ki, istənilən marketinq problemini həll etmək olar: məhsul dizaynını hazırlamaq, brendə maskot seçmək yaxud hədəf auditoriyasının portretini “çəkmək”.

image4

Beyin fırtınasını necə keçirməli

Prosesi 6 mərhələyə bölmək olar.

Hazırlıq. İştirakçıları bir neçə gün əvvəldən betin fırtınasının keçiriləcəyi barədə xəbərdar edirlər. Bu zaman problemi və tapşırığı dəqiq qeyd etmək vacibdir. Bu, komandaya toplantıdan qabaq mövzu ilə bağlı düşünməyə, bir neçə ideya formalaşdırmağa və məhz problemin həllinə köklənməyə imkan yaradır.

İştirakçıların seçilməsi. Ən optimal tərkib yaxın sahələrdə müxtəlif ixtisas təcrübəsinə malik 5-12 nəfərdir. Görüşün idarəçisi moderatordur, bir nəfər isə bütün ideyaları qeyd edir.

Tədbir üçün uyğun məkan yaratmaq lazımdır. Əksər hallarda düzbucaqlı yox, dəyirmi masa ətrafında əyləşirlər. Belə olan halda iştirakçılar bir-birini görür və özlərini bərabər hiss edirlər. Bəzi təşkilatçılar isə sərbəst abu-hava yaratmaq üçün yerdə əyləşməyi tövsiyyə edirlər.

image1

Problemin və məqsədlərin düzgün qoyulması. Onlar dəqiq təsbit edilməlidir. “Nə üçün təkrar sifarişimiz yoxdur?” yanlışdı, düzgün sual “Daha nə edə bilərik ki, müştərilər yenidən bizə müraciət etsinlər?” olmalıdır.

Qızışma. Kreativ həll yollarına köklənmək üçün lazımdır. İnkişaf etmiş yaradıcı təfəkkür üçün istənilən zehni çalışmalar burada yerinə düşər. Məsələn, əlifbanın hərflərini axırdan əvvələ doğru saymaq, adət etdiyimiz məişət əşyalarının qeyri-standart istifadə yollarını düşünmək.

İdeya istehsal edilməsi. Bu mərhələdə ideya toplayır və onları qeyd edirlər. Uğur qazanılması daha çox moderatordan, təşkilatçıdan, asılı olur. O tənqidin, yersiz qiymətləndirmələrin qarşısını kəsir, müzakirəni başladır, zamanı idarə edir və xoş abu-hava yaradır.

Beyin fırtınası üçün ən optimal müddət 30 dəqiqədir. Əgər bu müddət ərzində iştirakçılar “ilişiblərsə”, moderator müzakirəni canlandırır. 30 dəqiqə bitəndən sonra belə iştirakçılar ideya hasil etməyə davam edirlərsə, beyin fırtınası davam edir.

İdeyaların klassifikasiyası və qiymətləndirilməsi. Bu mərhələdə fikirləri tənqid etməyə icazə verilir. Bütün fikirlər qruplara bölünür, ən yaxşıları seçilir və düzəlişlər edilərək reallaşdırılır. Bu ya iştirakçılar, ya da mütəxəssislər tərəfindən yerinə yetirilir.

Beyin fırtınasının növləri

Aleks Osbornun irəli sürdüyü klassik metoddan əlavə breynstorminqin bir neçə modifikasiya da mövcuddur.

Breynraytinq (ing. Brainwriting) yaxud 6-3-5 texnikası. Bu metod 1968-ci ildə alman professoru tərəfindən yaradılmışdır. 6 nəfər 5 dəqiqə ərazində hərəsi vərəqə 3 ideya yazır. Sonra iştirakçılar bir-biri ilə kağızları dəyişdirir və mövcud 3 ideya əsasında daha 3 ideya düşünür və yazır. Bu üsuldan istifadə edərək 30 dəqiqə ərzində 108 ideya hasil etmək mümkündür.

Əks beyin fırtınası. Artıq mövcud yaxud hazırlıq mərhələsində olan məhsulun çatışmazlıqlarını aşkar etmək və aradan qaldırmaq üçün istifadə olunur. İştirakçılar əks istiqamətdən başlayaraq məhsulun zəif tərəfləri ilə bağlı ideya hasil etməyə çalışırlar. Bu zaman verilən suallar ilk baxışdan absurd görünə bilər. Məsələn, “Necə bir narahat tətbiq hazırlamaq olar ki, istifadəçilər onu 5 saniyə işlədəndən sonra silsinlər?” yaxud “Xidmət necə işləməlidir ki, müştərilər alış-veriş etdikdən dərhal sonra bizdən uzaqlaşsınlar?”.

Eydetik obraz metodu. Qədim yunan dilindəki eidos, yəni obraz, xarici görünüş sözündən yaranıb və psixoloq Jaklin Sussman tərəfindən irəli sürülüb. Metodun təməlində həyat təcrübəsinə əsaslanan obrazlar dayanır. Bu üsulu da yeni məhsulun hazırlanması üçün yox, artıq mövcud olanın təkmilləşdirilməsi üçün istifadə etmək daha məqsədə uyğundur.

Məsələn, breynstorminqin məqsədi yeni telefon modeli üçün dizayn düşünməkdir. İştirakçılar gözlərini bağlayır və artıq mövcud dizaynı təsəvvür edirlər. Sonra isə rəng, ölçü və digər parametrləri təsəvvür edərək yenisini yaratmağa çalışırlar. Sonda moderator iştirakçılardan düşündükləri dizaynı təsvir etmələrini xahiş edir və ideyaları qeydə alır.

Ulduz yaratma (ing. Starbusting) üsulu. Artıq ideya olanda və onu hərtərəfli tədqiq etmək lazım gələndə istifadə edilir. Əsas ideya mərkəzdə yazılır. Onun ətrafına isə, altıguşəli ulduz formasında suallar düzülür. Məqsəd, beyin fırtınası zamanı onlara cavab verməkdir.

Məsələn, görüşdə onlayn gül sifarişi üçün yeni mobil telefon tətbiqi müzakirə olunur. Mümkün suallar: hədəf auditoriyası kimlərdir? Nəyə görə müştərilər məhz bizim məhsulu əldə etməlidirlər? Alış-veriş üçün ən uyğun zaman hansıdır?

Altı papaq üsulu. Yaradıcısı britaniyalı psixoloq Edvard de Bonodur. Bu metod klişeyə çevrilmiş düşüncə tərzindən yayınmağa xidmət edir.

Beyin fırtınası zamanı iştirakçılar eyni zamanda papaqları növbə ilə müəyyən ardıcıllaqla geyirlər. Hər bir papaq müzakirə edilən mövzu ilə bağlı müəyyən bir baxış bucağını simvolizə edir.

  • Ağ – fakt və obyektivlik;
  • Qırmızı – hissiyat və emosionallıq;
  • Qara – tənqid;
  • Sarı – üstünlüklər və müsbət tərəfləri;
  • Yaşıl – yaradıcılıq və kreativ;
  • Mavi – təhlil və nəticə.

Papaqların istifadə ardıcıllığı məqsəddən asılı olaraq dəyişir.

İdeyanın güclü və zəif tərəflərini müəyyən etmək üçün papaqlar bu ardıcıllıqda istifadə olunur: mavi – sarı – qara – yaşıl – qırmızı – mavi. Yeni ideya hasil etmək üçün isə sarı – yaşıl – qırmızı – mavi ardıcıllığından istifadə olunur.

Altı papaq üsulu NASA, IBM, ABB, Siemens, Microsoft, British Airways, Federal Express, Polaroid, Pepsico, DuPont, Pridential kimi dünya miqyaslı şirkətlərdə geniş istifadə olunur.

Paylaş

Digər yazılar

Yeni Enerji iqtisadiyyatı

Dünya enerji böhranı yaşıl mənbələrə keçidi sürətləndirdi. Məsələ artıq iqlimdə də deyil. Enerji təhlükəsizliyinin labüdlüyü ölkələri “təmiz” enerji resurslarını inkişaf etdirməyə məcbur etdi. Bu sahə