fbpx
Skip links

Dəri altına yerləşdirilən mikroçiplər nədir

İmplant mikroçiplər

İmplant mikroçip dedikdə həm insanın, həm də heyvanın dərisinin altına yerləşdirilən istənilən elektron cihaz başa düşülür. Bir qayda olaraq, bunlar identifikasiya edən RFID (radio frequency identification) cihazlarıdır. Dərialtı implantların bu növü özündə identifikasiya məlumatları daşıyır.

İmplantların xarici görünüşü tərkibində qurğuşun olmayan borosilikat şüşədən, yaxud da natrium əhəngi əsaslı bioloji neytral Schott 8625 şüşəsindən hazırlanmış silindri xatırladır. Çip üçün ən uyğun yer şəhadət barmağı ilə baş barmağın arasıdır.

İnsanlara və heyvanlara yerləşdirilən mikroçiplərin enerji mənbəyi olmadığından onlar xarici elektromaqnit sahəsindən qidalanır. Yəni, çiplər ancaq oxucu cihazlara, digər sözlə elektromaqnit sahəsinə, yaxınlaşdırıldıqda işə düşür.

Sözügedən implantları adətən RFID-ə aid etsələr də, bu termin çox geniş spektrə malik tezlikləri, cihazları, protokolları və interfeysləri özündə ehtiva edir. RFID cihazları fəaliyyət göstərdiyi tezlik baxımından 3 qrupa ayrılır: aşağı tezlikli (125 və 134 kHz), yüksək tezlikli (13,56 MHz) və ultra yüksək tezlikli (UHF) (800-915 MHz).

İmplantasiya etmək üçün nəzərdə tutulmuş çiplər, adətən, ya birinci, ya da ikinci qrupa aid edilir.

810px RFID hand
İmplantasiya edildikdən sonra RFID nişanı

İstifadə sahələri

  1. Tibb

2007-ci ilin iyununda Amerika Tibb Assosiasiyası bildirdi ki, “RFID nişanına malik cihazların implantasiyası pasiyentləri identifikasiya etməyə, onlara qayğı göstərməyə kömək edəcək və təhlükəsizliyi artıracaq”.

Çiplər, həmçinin pasiyentin klinik məlumatlarına təhlükəsiz girişi təmin etmək üçün də istifadə edilə bilər.

2016-cı ildə “JAMM Technologies” “VeriTeQ” şirkətinə məxsus çip aktivlərini əldə etdi. Onun məqsədi cihazların monitorinqi və identifikasiyası üçün RFID nişanlarından istifadə etməkdən və tibbi implantasiya cihazlarının satışı ilə məşğul olan şirkətlərlə tərəfdaşlıq əlaqələri qurmaqdan ibarət idi.

  1. Giriş və təhlükəsizlik açarları

2018-ci ildə Danimarkaya məxsus “BiChip” şirkəti məsafədən oxumaq və internetə qoşulmaq üçün nəzərdə tutulmuş yeni nəsil implant mikroçiplər istehsal etdi.

Ardınca buraxılan yenilənmə isə onu şirkətin istehsalı olan “Bichip coin” adlı kriptovalyuta ilə əlaqələndirdi və mikroçip vasitəsilə alış-veriş etməyə imkan verdi.

  1. İdman

2017-ci ildə Dünya Olimpiaçılar Assosiasiyasının icraçı direktoru Mayk Miller idmançıların bu cür implantlardan istifadəsini müzakirəyə çıxarmışdır. Məqsəd dopinq istifadəsi ilə bağlı problemlərlə mübarizə aparmaqdır.

  1. Cinayətkarların izlənməsi

Nəzəri olaraq, GPS dəstəkləyən çip insanları real vaxt rejimində izləməyə imkan verir. Lakin bu cür GPS cihazlarının implantasiya edilməsi bu gün texniki baxımdan mümkün deyil.

Əgər onlar gələcəkdə geniş istifadə olunarlarsa, implantasiya edilən GPS cihazları hökümətlərə itkin düşmüş insanları yaxud ədalətdən qaçanları tapmağa imkan verəcək.

Bu ideyanın tənqidçiləri qeyd edirlər ki, bu texnologiyadan istifadə siyasi repressiyalara gətirib çıxaracaq. Çünki hökümətlər implantlardan hüquq müdafiəçilərini, aktivistləri, dissidentləri və siyasi rəqiblərini təqib etmək üçün istifadə edəcəklər.

720px Dr Mark Gasson has an RFID microchip implanted in his left hand by a surgeon March 16 2009
2009-cu ildə Britaniyalı həkim Mark Qassona mikroçip yerləşdirilməsi

Çiplərin xüsusiyyətləri

İsveçdə 2018-ci ildən başlayaraq əhalinin çipləşdirilməsi aparılır. RFID mikroçipləri insana gündəlik lazım olan bütün kontaktsız kartları, açarları və buraxılış vəsiqələrini əvəz edə bilər. Onları ancaq könüllü qaydada, arzu edənlərə implantasiya edirlər.

RFID çiplərinin əsas xüsusiyyətləri:

  1. Çox kiçik, düyü dənəsi ölçüsündə, olması;
  2. Bank kartlarını, elektron cüzdanları, gediş biletlərini, buraxılış vəsiqələrini və açarları əvəz etməsi;
  3. Əl ilə kontakta girmədən məlumatların oğurlanmasının mümkünsüzlüyü;
  4. Əli terminala yüngül toxundurmaqla kodun oxunmasına nail olmaq;
  5. GPS olmaması və çip sahibinin izlənməsinin mümkünsüzlüyü;
  6. Çipin istənilən vaxt fəsadsız şəkildə çıxarıla bilməsi.

Sağlamlığa zərərləri

“Associated Press”in məlumatına görə, implantasiya edilən çiplər yüzlərlə laborator heyvanda xərçəngin yaranmasına səbəb olub. Onkoloqlar agentlik tərəfindən aparılan tədqiqatı təhlil etmiş və heyvanlar üzərində aparılan təcrübələrin insanlarda da hökmən eyni nəticəyə gətirib çıxaracağı barədə əsaslı dəlil aşkarlamamışlar. Lakin əldə edilən nəticələr, istənilən halda, onları narahat etmişdir.

Bugün mikroçiplər o qədər təhlükəsizdir ki, it və pişikləri nişanlamaq üçün də istifadə edilirlər. Əgər çip implantasiyasını lazımi alətlərə malik təcrübəli pirsinq ustası dezinfeksiya edərək yerinə yetirərsə, xəstəliyə yoluxma riski çox aşağı düşər.

Əməliyyatdan sonra çipin ətrafında şişkinlik, hətta göyərmələr yarana bilər. Bir neçə gün sonra o da keçib gedəcək. Birləşdirici kollagen toxumanın inkapsulyasiyası 2-4 həftə çəkə bilər, iki il müddətində çip olan nahiyə sağalana kimi müvəqqəti qaşınma və ya basılma hissi yarana bilər.

Həmçinin, “Dangerous Things” nümayəndələri qeyd edirlər ki, çip dəri altında hiss edilmir. Onu ancaq əlinizə iri bir şey aldığınız zaman görə bilərsiniz.

İstəsəniz, çipi rahatlıqla çıxarmaq olar. Ancaq bunu hökmən tibb müəssilərində həyata keçirməlisiniz.

Şəxsi məlumatların qorunması

2007-ci ildə Amerika Tibb Assosiasiyasının etik və məhkəmə məsələləri ilə üzrə şurasının yaydığı hesabatda deyilir ki, mikroçiplər istifadəçilərin məxfiliyini poza bilər. Çipdə olan məlumat lazımi dərəcədə qorunmaya bilər.

Məlumatların gizliliyi narahatlıq doğurur. Lakin yeni texnologiyanın tərəfdarları qeyd edirlər ki, mobil telefonlar, Google, Apple və Facebook gündəlik həyatla bağlı daha çox məlumat ötürür, nəinki RFID-implant.

Çip vasitəsilə əhalini izləməyin mümkün olacağı barədə nəzəriyyə həyat qabiliyyətli deyil, çünki çiplərdə GPS yoxdur. İzləmə funksiyasına malik implantasiya edilən cihaza enerji mənbəyi lazımdır. Üstəlik, enerji mənbəyini müntəzəm olaraq dəyişmək və yenidən doldurmaq da lazım gələcək.

Müasir çiplərdə batareya olmur. Buna görə də məlumatların oxunması üçün əli oxucu cihaza yaxınlaşdırmaq lazımdır. Bundan əlavə, GPS peyklərinin siqnalını qəbul etmək və istifadəçinin mövqeyi ilə bağlı məlumatı mobil şəbəkə yaxud Wi-Fi vasitəsilə ötürmək üçün çipin ölçüsü kifayət qədər böyük olmalıdır.

Paylaş

Digər yazılar