fbpx
Skip links

İnsan kapitalı və onun mahiyyəti

Ən qiymətli iqtisadi resurs

İqtisadiyyatın çiçəklənməsi və əhalinin rifah səviyyəsinin artması insan kapitalından birbaşa asılıdır. Digər resurslar kimi insan kapitalı da dəyər qazana və itirə bilər.

Müasir iqtisadiyyatın təməllərindən biri qeyri-material aktivlərdir. Qeyri-material aktiv deyəndə biznesdə istifadə olunan, gəlir gətirən, lakin fiziki təbiətə malik olmayan aktivlər nəzərdə tutulur. Bunlara nümunə olaraq, elmi ixtiraları, texnologiyanı, brendləri, müəllif hüquqlarını, iş reputasiyasını göstərmək olar. Dünyanın ən böyük şirkətlərində 1990-cı illərdən günümüzə qədər keçən dövr ərzində qeyri-material aktivlərin payı material aktivlərin payını üstələyib. 1975-2020-ci illər aralığında şirkətlərin S&P 500 indeksi üzrə qeyri-material aktiv payı ümumilikdə 17%-dən 90%-ə qalxıb. Eyni zamanda material aktivlərin (binalar, torpaq sahələri, müxtəlif avadanlıqlar, maliyyə aktivlərinin) payı 83%-dən 10%-ə enib.

Ancaq qeyri-material aktivləri yüksəkixtisaslı işçilər olmadan nə yaratmaq, nə də effektiv istifadə etmək mümkündür. Bu da öz növbəsində yenilikləri və istehsalatın artmasını mümkünsüz edir. İstedadlı və bacarıqlı əməkdaşlar qeyri-material aktivlərin əsas tərkib hissəsini, bu və ya digər şirkətin uğurunu müəyyən edən faktor hesab olunurlar.

“20 ən yaxşı işçimizi xaric edin və sizi əmin edirəm ki, Microsoft əhəmiyyətsiz şirkətə çevriləcək”. Bu sözləri Bill Qeyts 1992-ci ildə “Microsoft”un fərqi barədə sualı cavablandırarkən demişdir.

10 il sonra “Microsoft” rəhbərinin sözlərini insan kapitalı nəzəriyyəsinin inkişafına görə Nobel mükafatı laureatı Qari Bekker öz “İnsan kapitalı dövrü” kitabında təkrarlayacaqdır. Bekker yazır ki, müasir kapitalizm iqtisadiyyatını insan kapitalı iqtisadiyyatı yaxud bilik kapitalı iqtisadiyyatı adlandırmaq daha düzgün olardı. Əgər texnologiya iqtisadiyyatın mühərrikidirsə, insan kapitalı onun yanacağıdır. İstər dövlətlərin, istərsə də fərdlərin iqtisadi uğurları müasir dünyanın ən vacib resursuna sərmayə qoyulmadan mümkün deyil. Tədqiqatlar göstərir ki, elmi-texniki tərəqqi və sənayeləşmə yaxud xidmət iqtisadiyyatına keçid kimi struktur dəyişikləri məhz insan kapitalının inkişafı ilə bağlıdır. Ölkələrarası gəlir fərqlərinin 20%-dən 50%-nə kimi olan hissəsi insan kapitalının payına düşür.

İnsan kapitalı nədir?

Dünya Bankının verdiyi tərifə əsasən, insan kapitalı özündə insanların vəsait xərclədikləri, həyatı boyu topladıqları və öz potensiallarını reallaşdırmağa və cəmiyyətə xeyir verməyə imkan yaradan bilik, bacarıq və sağlamlıqlarını ehtiva edir. Qida məhsullarının, tibb xidmətlərinin, təhsilin keyfiyyətinin artırılmasına, peşəkar bacarıqlara yiyələnməyə və yüksəkixtisaslı iş yerlərinin açılmasına yatırılan sərmayələr insan kapitalının inkişafına gətirib çıxarır. O da, öz növbəsində, yoxsulluğu aradan qaldırmaq və daha birləşmiş, ədalətli cəmiyyət qurmaq üçün əsas şərtdir. Bunu həyata keçirmək üçün Dünya Bankı “Human Capital Project” adlı qlobal təşəbbüs irəli sürmüşdür.

İnsan kapitalının vacibliyi haqqında hələ XVIII əsrdə Adam Smit “Xalqların zənginliyinin səbəbi və təbiəti haqqında” kitabında yazmışdır. Onun sözlərinə görə, əsas kapital ancaq maşınlardan, əmək alətlərindən, gəlirli tikililərdən və torpaq sahələrindən ibarət deyil, həmçinin cəmiyyəti formalaşdıran hər bir fərdin faydalı qabiliyyətlərindən də ibarətdir. Bu qabiliyyətlər ancaq öz sahibinin deyil, həm də bütün cəmiyyətin zənginliyinin bir hissəsinə çevrilir. “Bir işçinin çevikliyinə və məharətinə əməyi yüngülləşdirən və sərf edilən vaxtı azaldan maşın və istehsal aləti ilə eyni yanaşılmalıdır. Onlar müəyyən bir xərc tələb etsələr də, gəlirlə bu xərcləri kompensasiya edirlər”. – Smit qeyd edir.

İnsan kapitalına çəkilən xərcə gələcək gəliri artırmaq üçün yatırılan sərmayə kimi baxmaq lazım olduğunu hələ 1928-ci ildə iqtisadçı Artur Sesil Piqu “Dövlət maliyyəsinin tədqiqi” kitabında yazıb. Adətən hesab olunur ki, sərmayələr istənilən halda gəlir gətirir, istehlak xərcləri isə yox. Piqunun fikrincə isə, bu yanaşma doğru deyil. Belə ki, bəzi xərclər məsələn, qida, geyim və mənzillər insanların “əmək alətlərinin” (human instruments) effektivliyini artırır. Bunu sərmayələrin adi halda mexaniki əmək alətlərinin effektivliyini artırmaqla gələcək gəliri formalaşdırmağı ilə müqayisə etmək olar.

Yeni baxış bucağı

1950-1960-cı illərdə insan kapitalına həsr edilmiş tədqiqatlarda inqilab baş verdi. Çünki iqtisadçılar əmək bazarına yeni gözlə baxmağa başladılar. İşçilər arasındakı gəlir fərqinin onların “yaxşı” yaxud “pis” işlə məşğul olduqları ilə izah etmək əvəzinə gəliri işçilərin öz bilik və bacarıqlarına nə qədər sərmayə yatırdıqları ilə ölçməyə başladılar. Bu nəzər nöqtəsinə əsasən, təhsil və təlimlərə çəkilən xərclə bərabər gəlir də artacaqdır. Bu yanaşmaya görə, “ən yaxşı vəzifə” öz insan kapitalına çox xərc çəkmiş işçilərin tutduğu vəzifədir.

İnsan kapitalı sahəsində inqilab Bekkerin elmi işlərindən əlavə, həm də Teodor Şults (iqtisadiyyat üzrə nobel mükafatı laureatı) və əmək iqtisadiyyatının banilərindən biri Ceykob Mintserin də tədqiqatlarına əsaslanır. Şultsa qədər iqtisadi inkişafla bağlı ədəbiyyatda insan kapitalı haqda danışılarkən fiziki kapitalın toplanmasında vurğu edilirdi. Lakin Şults tədqiqatı bilik və bacarıqlara sərmayələr üzərinə çəkdi. Nobel laureatının fikrincə, onlar iqtisadi inkişaf üçün böyük əhəmiyyət daşıyırlar.

Təhsil ancaq insanların mədəni inkişafına xidmət etmir, onları bacarıqlı və məsuliyyətli vətəndaşa çevirmir, onlara sahib olduqları dəyərləri anlamağı və öz həyatlarına qiymət verməyi öyrətmir, o həm də işdə və şəxsi məsələlərin həllində lazımlı olan bacarıqları təkmilləşdirməyə imkan yaradır. Bu təkmilləşdirmələr isə milli gəliri artırır.

Müasir iqtisadi sistemin ən səciyyəvi cəhəti insan kapitalının artmasıdır. Çünki insanlara böyük vəsait yatırmadan uğurlu kənd təsərrüfatı və çiçəklənən sənayeyə sahib olmaq mümkün deyil. İnsan kapitalı konsepsiyası dolayısı ilə marksistlərin “sinfi mübarizə” nəzəriyyəsinin və kapitalı yalnız “pul gətirən pul” kimi anlayan marksist yanaşmasının tutarsızlığını da izah edir. Bu konsepsiyaya görə, işçilər də kapitalistdirlər. Ancaq şirkət hissələrinə sahib olduqlarına görə deyil, iqtisadi dəyərə malik bilik və bacarıqlara sahib olduqlarına görə kapitalistdirlər. Bu bilik və bacarıqlar böyük ölçüdə sərmayə məhsuludur və texnoloji cəhətdən inkişaf etmiş ölkələrin istehsalat üstünlüyünü izah edir. İqtisadiyyatda insan kapitalının payı artmasaydı, mülkiyyətdən gəlir əldə edənlər xaric insanlar hələ də ağır əl əməyi ilə məşğul olar və yoxsulluq içində yaşayardılar.

Mintserin yazdığına görə, fərdi insan kapitalının toplanmasının fərdi iqtisadi artıma (gəlirin artmasına) gətirdiyi kimi eyni proses sosial və milli quruluşlarda da baş verir. O qeyd edir ki, insan kapitalının artımı həm iqtisadiyyatın əsas şərti, həm də nəticəsidir. İnsan kapitalı özündə ancaq mövcud biliyin ötürülməsini yox, həmçinin yeniliyin və texnoloji dəyişikliklərin mənbəyi olan yeni biliyin yaradılmasını ehtiva edir. Yeni biliklərsə istehsalatın çarxlarını hərəkətə gətirir və qlobal iqtisadi artımı təmin edir.

Gəlirin əldə edilmiş təhsildən və iş təcrübəsindən asıllığının təhlili zamanı aşkar edilmişdir ki, insanın həyatı boyu topladığı biliklər onun gəlirinin artmasına gətirib çıxarır. Lakin təqaüd yaşına yaxınlaşdıqca təlimlərə ayrılan vəsait və onların verdiyi xeyir azalır. Təhsilə ayrılan zamanla nisbi gəlir səviyyəsi arasındakı nisbət Mintserin adıyla adlandırılıb və iqtisadiyyatda geniş yayılıb.

Artım və dəyər itirmə

İnsan kapitalı qlobal rifahın vacib tərkib hissəsidir. Dünya Bankının 2021-ci ilə aid qlobal sərvət barədə hesabatında qeyd edilir ki, dünya sərvətinin yarıdan çoxu, 64% yaxud 1152 trilyon dollar, insan kapitalının payına düşür. İqtisadiyyatın inkişafı ilə ümumi sərvətdə insan kapitalının payı da artır. Lakin bəzi ölkələrdə isə (Çində və İƏİT ölkələrinə daxil olmayan yüksək gəlir səviyyəsinə malik ölkələrdə) azala bilər. Bu, əhalinin yaşlanması, gəlir səviyyəsinin ləng artımı və digər faktorlarla bağlıdır.

Yaradıcı və məhsuldar iş qüvvəsi istənilən digər resursdan fərqli olaraq dövlətlərin uzunmüddətli iqtisadi uğuruna daha böyük töhfə verir. İnsanların malik olduqları bilik və bacarıqlar onlara qlobal iqtisadi sistemdə dəyər yaratmağa kömək edir. İnsan kapitalı yalnız insanların hansı biliyə və bacarığa sahib olması ilə çərçivələnmir, o həm də insanın bacarıqlarını nə qədər tez və effektiv istifadə etməsini də əhatə edir.

Vaxt keçdikcə insan kapitalının keyfiyyəti yaxşılaşa, istifadə edildikcə arta və əksi baş verdikdə azala bilər. İnsan kapitalının keyfiyyəti karyerada fasilələr, uzun müddət işsizlik səbəbindən dəyər itirə bilər. Təhsillə işdə tələb olunan bacarıqlar arasındakı uyğunsuzluq da insan kapitalının inkişafına mənfi təsir göstərən amillərdəndir. Ölüm hallarının, yoxsulluğun və işsizliyin artması, qaçqın axını səbəbindən dini təqiblər və hərbi konfliktlər də insan kapitalını ciddi şəkildə sarsıdır. Bunun təsiri onilliklər, hətta yüzilliklər davam edə bilər. Məsələn, bəzi tədqiqatlar göstərir ki, ispan inkvizisiyasının fəaliyyətinin daha qəddar olduğu bölgələrdə 200 il keçməsinə baxmayaraq, hələ də insan kapitalının və iqtisadi aktivliyin səviyyəsi aşağı olaraq qalır.

Geniş miqyaslı böhranlar həmişə insan kapitalına mənfi təsir göstərir. Dünya Bankının yaydığı məlumata görə, koronavirus pandemiyası son 10 ildə əldə edilmiş insan kapitalının tərəqqisini təhlükə altına aldı. O insanların məhsuldarlığını azaldaraq hələ uzun illər onların həyatlarına təsir göstərməyə davam edəcək. Mütəxəssislərin qiymətləndirməsinə görə, pandemiya dövründə məktəblərin bağlanması və distant təhsilin nisbətən qeyri-effektiv olması ucbatından bugünki məktəblilər gələcək gəlirlərindən 17 trilyon dollar (2020-ci il üçün alıcılıq qabiliyyəti pariteti üzrə qlobal ÜDM 13%-ni) itirəcəklər.

COVİD-19 pandemiyası və ondan sonra həyatımıza daxil olan rəqəmsal texnologiyalar böhrandan əvvəl insan kapitalının inkişafına mane olan problemləri aşkara çıxardı. Bunlar bacarıqların uyğunsuzluğu, istedadların çatışmazlığı və işçilər üçün stimulla mükafat arasındakı uyğunsuzluğun dayanmadan artmasıdır. Nəticədə, ölkələr təlim proqramlarının dəstəklənməsi, ixtisaslılığın artırılması, dərsliklərin yenilənməsi, səhiyyə sisteminin imkanlarının artırılması, uşaqlara və yaşlılara qayğı göstərmək üçün infrastrukturun yaxşılaşdırılması kimi tədbirlər həyata keçirməli olacaqlar.

Paylaş

Digər yazılar

Yeni dövlət standartları qəbul edildi

2022-ci ildə Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən 68 yeni dövlət standartı qəbul edilib. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin