fbpx
Skip links

Zamanın qiymətləndirilməsi

Zamanla pul arasında kompromis tapmaq insanlar tərəfindən qəbul edilən bütün qərarların təməlində dayanır. Zamanın qiyməti ancaq hər hansısa bir fərd üçün deyil, bütünlükdə iqtisadiyyat üçün mühüm əhəmiyyət kəsb edir. O, sərmayələrin effektivliyini, tənzimləmə xərclərini qiymətləndirir, istehlakçının vərdişlərini müəyyən edir.

Amerikalı iqtisadçı və Beynəlxalq Əmək Araşdırmaları İnstitunun koordinatoru Deniel Hamermeş “Zamanı xərcləmək: ən qiymətli resurs” (“Spending Time: The Most Valuable Resource”) kitabında yazır: – “Hər bir insanın həyatında çatmayan iki şey var – zaman və pul”. İnsanlara müntəzəm olaraq pul və zaman məhdudluğundan qaynaqlanan seçimlər etmək lazım gəlir. Məsələn, əgər bir nəfər pulunu biqmak almağa xərcləsə, demək, onun çizburger almağa pulu qalmayacaq, yaxud konsertdə iki saat vaxt keçirmək qərarına gəlsə, demək, həmin vaxtı yuxuya və ya idmana sərf edə bilməyəcək.

Hətta insan heç bir şeylə məşğul deyilsə belə, ona məxsus zaman yenə də çox qiymətli ola bilər. Professor Hamermeş yazır ki, misal üçün, baş tutmayan görüş insanın bir saat vaxtını alır. Halbuki, o həmin vaxtı işləyə və ABŞ-dakı minimal saatlıq əmək haqqı ilə hesablasaq, 7 dollar 25 sent qazana bilərdi. Qonşuluqda aparılan tikinti işləri səbəbindən ixtiyari bir insan işdən evə gedərkən yolda 1 dəqiqə vaxt itirərsə, bu onun üçün əhəmiyyətli olmaya bilər. Amma həmin səbəbdən yüz nəfər gecikərsə və tikinti 2 il davam edərsə, insanlar ümumilikdə 1200 saat itirəcəklər. Əgər bu yüz nəfər öz vaxtlarını saatlıq minimal əmək haqqının yarısı qədər qiymətləndirirsə, tikinti şirkətinin səbəb olduğu ümumi xərc 4000 dolları ötəcəkdir.

Zamanın qiyməti sərmayə qərarlarının verilməsi üçün təməl rolunu oynamaqla, ancaq fərdi yox, həm də dövlət resurslarının paylanmasında və qeydə alınmasında mühüm yer tutur. Məsələn, nəqliyyat sahəsində sərnişin və yük daşımaları zamanı qənaət edilmiş vaxtın qiyməti növbəti infrastruktur layihəsinin faydalarını və xərclərini hesablayarkən istifadə olunan ən önəmli göstəricidir. ABŞ-ın Nəqliyyat Nazirliyi 1997-ci ildən başlayaraq dərc etdiyi iqtisadi təhlil üçün bələdçi kitabçasında qeyd edir ki, xərclərin azaldılması sərmayələrin əsas məqsədidir.

Harvard Universitetinin pofessoru Kass Sansteynin fikrincə, zamanın qiymətləndirilməsi idarəçilikdə bürokratizasiyanın səviyyəsini anlamağa imkan verir. 2015-ci ildə amerikalılar blankların, sorğuların və digər rəsmi sənədlərin doldurulmasına 9,78 milyard saat sərf ediblər. Əgər hər saatı heç olmasa 20 dollardan hesablasaq, kağız işlərinin ümumi qiyməti 195,6 milyard dollar olacaq. Bu məbləğ dövlət büdcəsindən 2 dəfə, Təhsil Nazirliyinin büdcəsindən 3 dəfə, Energetika Nazirliyinin büdcəsindən isə 8 dəfə böyükdür.

Zamanın qiyməti, həmçinin, iqtisadiyyatçılara istehlakçıların vərdişlərini öyrənmək imkanı verir. Belə ki, amerikalı iqtisadçılar Mark Agiyar və Erik Herst aşkar etmişlər ki, yaşlı insanlar heç yerə tələsmədikləri üçün hər hansı bir məhsulu alarkən daha aşağı qiymət axtarıb tapmağa meylli olurlar. Orta yaşlı işləyənlər isə, əksinə, zamana qənaət etmək üçün daha bahalı məhsul əldə edirlər.

Zaman və ÜDM

Yel Universitetinin iqtisadiyyat üzrə professoru Uilyam Nordhaus qeyd edir ki, zamanın qiymətini anlamaq makroiqtisadi statistikanı yaxşılaşdıra bilər. Çünki qeyri-bazar aktivliyini, məsələn ev işlərini, qiymətləndirməyə imkan verir. Ev işləri zamanı əsas dəyər yaradan zamandır. Misal üçün, paltar yumağın ümümi dəyəri 21 dollar qiymətləndirilirsə, bundan 20 dolları yuyulma vaxtı və yalnız 1 dolları yuyucu vasitədir.

İqtisadiyyat haqqında ən məşhur dərsliklərdən birinin müəllifi Pol Samuelson belə bir nümunə gətirir: əgər bir kişi öz xidmətçisi ilə evlənərsə, yaşadığı ölkənin ÜDM-nin azalmasına səbəb olacaq. Çünki artıq xidmətçisinə gördüyü işə görə maaş ödəməyəcək və bu fəaliyyət bazar iqtisadiyyatından kənarda olacaq, bunun nəticəsi kimi də ÜDM-in hesablanmasında nəzərə alınmayacaq.

Bazar köçürmələrinin, yəni xidmətlərin pula dəyişdirilməsinin,  olmaması iqtisadi statistikanın müasir rəqəmsal texnologiyaların iqtisadiyyata təsirini nəzərə ala bilməməsinin səbəblərindən biri ola bilər. Bir çox rəqəmsal xidmətlər, Google və Yandex axtarış sistemləri, onlayn xəritələr və tətbiqlər istifadəçilər üçün pulsuzdur. Onlar insan rifahı nöqteyi-nəzərdən mühüm rol oynayırlar və insanlar onlardan istifadə etmək müqabilində xərc çəkirlər. Onlar bunun üçün öz vaxtlarını xərcləyirlər. Rusiya İqtisadiyyat məktəbinin rektoru Ruben Yenikolopovun sözlərinə görə: – “İndi yeni növ iqtisadiyyatda ən qiymətli olan insanların diqqəti və vaxtıdır. Google sizə pulsuz xəritələr, axtarış sistemi, e-mail və s. verərkən, siz Google şirkətinə öz məlumatlarınız və ən əsası vaxtınız ilə hesab ödəyirsiniz. Bu isə çox dəyərlidir, amma nədənsə onu həmişə lazımınca qiymətləndirmirlər”.

Oxşar xidmətlərin bəzilərinin, məsələn internetdən istifadənin, qiymətini tələbdən irəli gələrək hesablanması əvəzinə istifadəçinin ona sərf etdiyi vaxtı nəzərə alıb hesablamaq daha faydalıdır. Bu fikri Çikaqo Universitetinin professoru Ostan Qulsbi və Stenford Universitetindən Piter Klenou səsləndiriblər. Onların hesablamalarına görə, adambaşına düşən internetdə keçirilən zamanın qiyməti illik ortalama 3000 dollardır. Standart məlumatlara, misalçün material xərclərə, əsasən hesablayanda isə təxminən 100 dollar alınır.

Zamanı necə qiymətləndirməli

Mütəxəssislər zamanı qiymətləndirərkən iki əsas mənbəyə əsaslanırlar: iş vaxtı və asudə vaxt. Onlardan biri iş vaxtı ilə istehsal olunan məhsulun maya dəyəri arasında kompromisdən (məsələn, iş vaxtından artıq iş üçün əlavə ödəniş), digəri isə zamana qənaət ilə pul məbləği arasında edilən seçimdən yaranır.

İş vaxtı ilə hər şey aydındır. Onu əməyin dəyəri ilə qiymətləndirirlər. Bu yanaşmanı hələ 1748-ci ildə Bencamin Franklin “Gənc tacirə nəsihət” kitabında yazmışdır: – “Yadda saxlayın, vaxt puldur. Kim ki, öz əməyi ilə gündə 10 şillinq qazana bilər, lakin bunun əvəzində günün yarısını gəzir yaxud evdə evdə boş-boşuna vaxt keçirir, ancaq öz əyləncəsi və avaralanmağı üçün xərclədiyi 6 pensi yox, havaya sovurduğu 5 şillinqi də nəzərə almalıdır”. Bu yanaşmaya görə qeyri-iş saatları heç bir qiymətə sahib deyil.

1966-cı illərdə iqtisadçılar qeyri-iş saatlarının qiymətinə diqqət yetirməyə başladılar. Bundan bir il əvvəl 1965-ci ildə Qari Bekker “Zaman bölünməsinin nəzəriyyəsi” kitabında qeyd etmişdir ki, yemək bişirməyə yaxud teatra getməyə sərf edilən vaxt daha məhsuldar istifadə oluna bilərdi. Bu fəaliyyət növlərinə sərf edilən tam xərc nəzərə alınmayan zamanın qiyməti ilə bazar qiymətlərinin cəmi hesab edilməlidir. Ev təsərrüfatlarına isə xammal, zaman və “istehlak malları”, məsələn nahar yaxud təmizlik işləri, istehsal etmək üçün ailə üzvlərinin səylərini birləşdirən “kiçik fabrika” kimi baxılmalıdır. Zaman bu prosesdə “ev istehsalı” üçün əsas resursa çevrilir. Nəticədə əldə olunan məhsulun, məsələn steykin, dəyəri isə müəyyən qiymətdən (ətin qiymətindən) və qeyri-müəyyən qiymətdən (istehsalata sərf edilən zamanın qiymətindən) ibarət olur.

“Ev” zamanının dəyərini bir ailə üzvünün ev işləri ilə məşğul olmağı üstün tutduğu üçün itirdiyi maaşın miqdarına əsasən müəyyən etmək olar. Zamanın nisbi dəyəri artanda insanlar qənaət etməyə üstünlük verirlər və daha çox vaxt tələb edən fəaliyyət növlərini daha az vaxt tələb edənləri ilə əvəzləyirlər. Məsələn, evdə körpəyə baxan ananın boş vaxtı artdıqca o iş tapmaq fikrinə düşəcək, yemək bişirməyə daha az vaxt sərf edəcək və hazır yemək alacaq. Uşağa dayə tutmaqla yaxud onu uşaq bağçasına göndərməklə ona ayırdığı zamanı da azaldacaq.

Bütün növ məhsulların və xidmətlərin qiymətini material resursların və zamanın qiymətinin cəmi hesab etmək olar, lakin müxtəlif məhsullarda zamanın qiyməti və müddəti də müxtəlif olur. Zamanın həftə sonları və axşamçağı, yəni qeyri-iş saatlarında, alternativ qiyməti az ola bilər (həftəsonları işlədiyinə görə əlavə maaş alan işçilər üçün əksinə yüksək ola bilər). Çünki bir çox şirkətlər bu vaxt bağlı olurlar. “Aralıq istehlak” olan, yəni istehsala töhfə verən, zamanın alternativ qiyməti az olur.

Aralıq istehlak deyəndə verilmiş müddət ərzində yeni məhsul və xidmətlərin istehsalı məqsədilə əsas kapitalın istehlakı istisna olmaqla, digər məhsulların və bazar xidmətlərinin istehlak edilməsi nəzərdə tutulur.

Yuxuya və ya yeməyə sərf edilən zaman ucuzdur, çünki bu “aralıq məhsullar” dolayısı yolla gəlirə kömək edir.

Kompromisin qiyməti: taksi təcrübəsi

Bekkerin təklif etdiyi yanaşmanın əsas xüsusiyyətləri olan istehlakçılar tərəfindən müxtəlif tapşırıqlar arasında zamanın çevik bölünməsi, zaman və məhsul arasında komplementarlıq (qarşılıqlı tamamlama) 2020-ci ilin sonunda bir neçə mötəbər mütəxəssislər və professorlar tərəfindən dərc edilmiş tədqiqatlarda zamanın qiymətləndirilməsi üçün istifadə olunmuşdur.

Tədqiqatçılar ABŞ-ın 13 şəhərində Lyft şirkətinə məxsus ən böyük bazarlarda təcrübələr həyata keçirirlər. Təcrübələrin məqsədi taksi sifariş etmiş müştərilərin gözləmə vaxtının qısaldılması müqabilində gediş haqqının artırılmasına razı olub-olmayacaqlarını, razı olduqları halda hansı qiymət artımına razılaşacaqlarını öyrənmək və təhlil etmək idi. 3,7 milyon istehlakçı arasında keçirilən təcrübələrin nəticələri göstərdi ki, ABŞ-da 2015-ci il üçün 1 saatın qiyməti ortalama 19 dollardır.

Zamanın qiyməti sərnişinlər üçün mühüm olan hava şəraiti və digər şərtlərdən asılı olaraq gün ərzində dəyişir. Belə ki, iş vaxtı asudə vaxtdan baha olduğundan insanlar həftəiçi bir saatı daha yüksək qiymətləndirirdi, nəinki həftəsonu. Həftəiçi ən bahalı vaxt isə pik saatlar idi. Əgər qar yaxud yağış yağardısa vaxtın qiyməti qalxırdı. İnsanlar xoşagəlməz gözləmə vaxtını qısaltmaq üçün çox ödəməyə hazır idilər. Biznesmenlər adi istehlakçılardan fərqli olaraq, vaxtı daha yüksək qiymətləndirirdilər və gediş haqqına qarşı daha az həssas idilər. Bu, ola bilsin ki, ona görədir ki, şirkət ya taman, ya da qismən gediş haqqını qarşılayırdı.

Tədqiqat onu da göstərdi ki, istehlakçılar öz vaxtını daha yüksək qiymətləndirirlər, nəinki hökümət: hal-hazırda ABŞ-da bir iş saatının minimal qiyməti 7,25 dollardır; hakimiyyət infrastruktur layihələrinin sərmayə qiymətləndirilməsi zamanı hesab edirlər ki, yolda keçirilən hər saatın dəyəri tipik ev təsərrüfatının saatlıq gəlirinin yarısı qədərdır. Bu da 14,2 dollar edir. İqtisadçıların və mütəxəssislərin hesablamalarına görə isə, bu göstərici 19 dollara bərabərdir, yəni 30 faiz çoxdur. Tədqiqatın müəlliflərindən biri Robert Metkalf yazır: – “Biz hesab edirik ki, siyasətçilər bizim vaxtımızı yetəri qədər qiymətləndirmirlər və ona bizim verdiyimiz dəyəri vermirlər. Əgər biz hökümətin pulları necə xərcləməli olduğu barədə düşünürüksə, bu çox böyük əhəmiyyət kəsb edir”.

Zaman, pul və xoşbəxtlik

Stenford universitetindən Ceffri Pfeffer və Toronto universitetindən Senford Devon qeyd edirlər ki, insanlar arasında daha dəyərli əşyaların daha defisitli olduğu düşünülür. Onların tədqiqatları göstərir ki, gəlir artdıqca zamanın da daha defisitli olduğu fikri də artır. Bu hiss stressin də artmasına gətirib çıxarır. ABŞ, Avstraliya, Kanada və Cənubi Koreyadan toplanmış məlumatlar onu deməyə əsas verir ki, insanların nə qədər çox pulu olarsa, zaman defisiti hissindən yaranmış stress hissinin səviyyəsi də bir o qədər yüksək olur.

Britaniya Kolumbiyası Universitetindən Eşli Uillansın tədqiqatına əsasən, əgər insan puldansa zamana prioritet verirsə, bu onun xoşbəxtliyi ilə assosiasiya olunur. Zamana yaxud pula yönəlmiş prioritetlər iş yerindən uzaq lakin ucuz, və ya iş yerinə yaxın lakin bahalı mənzil seçimində özünü göstərir. Tədqiqat göstərir ki, zamana yönəlmiş prioritet məvacibin miqdarından yaxud demoqrafik göstəricilərdən (məsələn ailə statusu) asılı olmayaraq, daha yüksək subyektiv rifah ilə assosiasiya olunur. Uillans London universitetindən olan Lüçiya Makkia ilə birlikdə apardıqları növbəti tədqiqat zamanı 79 ölkədən məlumat toplamış və aşkar etmişdir ki, sakinlərinin asudə vaxtlarını iş vaxtından daha çox qiymətləndirdiyi ölkələr milli və fərdi miqyasda daha yüksək subyekiv rifah göstəricisinə malikdirlər. Maraqlısı da odur ki, bu hal həm aşağı, həm də yüksək ÜDM göstəricisinə malik ölkələrdə müşahidə olunur. Amma zəngin ölkələrdə zamanı prioritet hesab edən insanların faiz göstəricisi zəngin olmayan ölkələr ilə müqayisədə daha çoxdur. Şimali Amerika və Avropada uyğun olaraq 30% və 20%, Latın Amerikasında və Afrikada isə uyğun olaraq 8% və 7%-dir.

Paylaş

Digər yazılar

Uyğunluq sertifikatı nədir?

Uyğunluq sertifikatı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən məhsulların təhlükəsizliyinə zəmanət verən uyğunluq sertifikatı verilir. Qanunvericiliyin tələblərinə əsasən, standartların tələblərinə

Zamanın qiymətləndirilməsi

Zamanla pul arasında kompromis tapmaq insanlar tərəfindən qəbul edilən bütün qərarların təməlində dayanır. Zamanın qiyməti ancaq hər hansısa bir fərd üçün deyil, bütünlükdə iqtisadiyyat üçün