Sürətlə dəyişən müasir dünyada innovasiyanın, iqtisadi inkişafın və cəmiyyətin tərəqqisinin təmin edilməsi, nəzəri biliklərlə yanaşı praktik bilik və bacarıqlara da yiyələnərək əmək bazarının tələblərinə cavab verən kadrların hazırlanması üçün Universitet-Biznes Əməkdaşlığı zərurətə çevrilib. Bu əməkdaşlıqlarla hər iki tərəfin unikal gücləri birləşdirilir: universitetlər tədqiqat və araşdırmalar, peşəkar məzunlar və nəzəri ekspert bilikləri təqdim edir, biznes isə praktik təcrübə, real problemlər, maliyyə dəstəyi və məşğulluq imkanları ilə ümumi fəaliyyətə töhfə verir. Əsas məqsəd təhsili və tədqiqatı iqtisadi və sosial ehtiyaclarla uzlaşdıraraq universitet və biznes sektoru arasındakı boşluğu aradan qaldıran körpü yaratmaqdır. “BERC&Partners” ilə Xəzər Universiteti arasında Universitet-Biznes Əməkdaşlığı layihəsi çərçivəsində memorandum imzalandı. Bu Memorandumda Xəzər Universiteti və “BERC&Partners” şirkətinin həyata keçirəcəyi birgə fəaliyyətləri, xüsusilə aşağıdakı istiqamətləri əhatə edən fəaliyyət planı razılaşdırılıb:
- Xəzər Universitetinin Davamlı İqtisadi İnkişaf və Tədqiqat Mərkəzi ilə birgə korporativ və fərdi istiqamətdə təlim və xidmət fəaliyyətlərinin təşkili və həyata keçirilməsi;
- Təhsil, tədqiqat və texnologiya inkişafı sahələrində innovasiya fəaliyyətlərinin Universitet ilə birgə həyata keçirilməsi;
- Xəzər Universiteti tələbələrinin “BERC&Partners”-də və ya onun portfel layihələrində müxtəlif təcrübə proqramlarına cəlb edilməsi;
- Qarşılıqlı razılaşma ilə “BERC&Partners”-in mütəxəssis və təlimçi heyətinin Xəzər Universitetinin tədris fəaliyyətlərində qonaq müəllim qismində cəlb olunması;
- Tələbələri “BERC&Partners”-in fəaliyyəti və mövcud kadr tələbatı haqda məlumatlandırmaq məqsədilə Xəzər Universitetində “Karyera günləri”nin keçirilməsi.
Layihənin idarəetmə operatoru “BERC&Partners” şirkətinin nəzdində fəaliyyət göstərən “Universitet Biznes Əməkdaşlığı Mərkəzi “-dir (UBƏM). UBƏM akademik institutlar və biznes sektoru arasında ələqalər quran, cəmiyyətin və iqtisadiyyatın real problem və ehtiyaclarını müəyyənləşdirən və ya həll yolları təqdim edən layihələrin birgə həyata keçirilməsini təşkil və idarə edən, layihələrin maliyyələşmə modellərinin işlənməsini həyata keçirən layihə idarəetmə və tədqiqat mərkəzidir.