Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-cu ildönümünə həsr olunmuş “Kiçik və Orta Biznesin (KOB) Gələcəyi: Potensial, Çağırışlar və İnnovativ Həllər” mövzusunda III BANM Biznes Forumu keçirilib.
KOBİA, Bakı Ali Neft Məktəbi və “BERC&Partners”-in birgə təşkilatçılığı ilə 30 aprel tarixində keçirilən forumda 250-dən çox iş adamı, yerli və xarici akademik dairələr, dövlət qurumlarının nümayəndələri və sahibkarlar iştirak edib.
Forumda KOB sektorunun ümumi daxili məhsulda (ÜDM) töhfəsinin dinamik şəkildə artdığı qeyd olunub. Eyni zamanda, ekspertlər təqdimatlarında KOB sektorunun perspektiv inkişafı üçün böyük potensialın mövcud olduğunu vurğulayıblar. Bildirilib ki, hazırda KOB sektorunun ÜDM-də xüsusi çəkisi təxminən 18%, qeyri-neft ÜDM-də isə 28% təşkil edir. Halbuki dünyanın aparıcı ölkələrində bu göstərici 50–55%, bəzi ölkələrdə isə 60–65%-i ötür. Azərbaycan Respublikasında qəbul olunmuş yol xəritələrinə əsasən, 2025-ci ildən sonrakı dövrdə KOB sektorunun ÜDM-də payının 60%-dən yuxarı olması hədəflənir.
Təqdimatlarda 2025-ci ildən sonrakı dövr üçün KOB sektorunun strateji hədəflərinə nail olması baxımından əsas çağırışlar da təqdim olunub. Bunlara aşağıdakılar daxildir: maliyyə resurslarına çıxışın genişləndirilməsi, rəqəmsallaşma və informasiya texnologiyalarının tətbiqi, biznes idarəetmə sistemlərinin təkmilləşdirilməsi, peşəkar xidmətlərdən və resurslardan səmərəli istifadə, xarici bazarlara çıxış imkanlarının artırılması, insan kapitalının inkişafı, institusional təkmilləşmələr və dəstək mexanizmlərinin yaradılması, sahibkarlıq düşüncə tərzinin formalaşdırılması və biznes gəlirlərinin dəyər yaradan aktivlərə yönəldilməsi.
Eyni zamanda vurğulanıb ki, bu çağırışların səmərəli və sürətli şəkildə həll edilməsi üçün dövlət – universitet – biznes əməkdaşlığının inkişaf etdirilməsi mühüm əhəmiyyət daşıyır. Bu cür əməkdaşlıq intellektual resursların biznes sektoruna tətbiqinə imkan yaratmaqla yanaşı, sektorun tədqiqat, maarifləndirmə, təlim və digər intellektual məhsullara olan tələbatını ödəyəcək. Həmçinin, bu əməkdaşlıq akademik sektorda yaradılmış intellektual məhsulların kommersiyalaşdırılmasına da şərait yaradacaq.
Tədbir açılış mərasimi, I və II panel, müzakirələr və yekun bəyannamə hissələrindən ibarət oldu. Açılış mərasimində Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, KOBİA-nın idarə heyətinin sədrinin birinci müavini Samir Hümbətov, “BERC&Partners”-in həmtəsisçisi, biznes idarəedilməsi və maliyyə üzrə ekspert Kənan Ağayev və Mərkəzi Asiya Universitetinin Biznes fakültəsinin qurucu dekanı Odiljon Abdurrazakov iştirakçıları salamlayaraq öz dəyərli fikirlərini bölüşüblər.
Foruma SOCAR-ın Strateji İdarəetmə və İnnovasiyalar departamentinin rəis müavini Təbriz Əmmayev və Veysəloğlu Mərkəz üzrə korporativ kommunikasiyalar direktoru Sənubər Nəzərova moderator qismində çıxış ediblər.
Birinci panel çərçivəsində BANM-ın Biznesin idarə edilməsi kafedrasının müdiri Altay İsmayılov, “BERC&Partners”-in həmtəsisçisi, biznes idarəedilməsi və maliyyə üzrə ekspert Kənan Ağayev, KOBİA, KOB mühitinin təkmilləşdirilməsi şöbəsinin müdiri Altun Yasinli məruzələrlə çıxış ediblər.
İkinci paneldə Mərkəzi Asiya Universitetinin Biznes fakültəsinin qurucu dekanı Odiljon Abdurrazakov, Azərbaycan Fintex Assosiasiyasının (AzFina) icraçı direktoru Azər Əkbərov, İnsan Resursları, HR Tech üzrə ekspert Mübariz Şahbazlı təqdimatlarla çıxış ediblər.
Forumun yekun bəyannaməsində KOB-ların inkişafı üçün dövlət, biznes və akademik sektorlar arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyi vurğulanıb. Eyni zamanda, rəqəmsallaşma, innovasiya və peşəkar kadr hazırlığı kimi sahələrdə birgə layihələrin həyata keçirilməsinin əhəmiyyəti qeyd edilib.