fbpx
Skip links

Sahibkarların əsaslandırılmış qərar qəbul etməsində iqtisadi təhlilin əhəmiyyəti

İqtisadi məlumatlar və bazar tendensiyalarına söykənərək əsaslandırılmış qərar qəbul etmək bir sahibkarın üzərinə düşən vacib öhdəliklərdən biridir. Ancaq əlçatan informasiyanın bolluğu səbəbindən aktual olanı seçmək və qarşıya qoyulan məqsədlər üçün istifadə etmək bəzən çətin olur. Burada sahibkarın köməyinə iqtisadi təhlil gəlir. Bu yazıda biz iqtisadi təhlilin əsaslarını nəzərdən keçirəcək və sahibkarların onu necə əsaslandırılmış qərar verməkdə istifadə edə biləcəkləri barədə danışacağıq.

download

İqtisadi təhlili anlamaq

İqtisadi təhlil iqtisadi tendensiyaları anlamaq və əsaslandırılmış qərar qəbul etmək üçün məlumatların və statistik üsulların analizini özündə ehtiva edir.

Statistik üsul kəmiyyət göstəricilərindən istifadə etməklə kütləvi hadisələri öyrənən və təsvir edən elmi üsuldur.

Bu proses müxtəlif mənbələrdən (dövlət agentlikləri, sənaye hesabatları və bazarın tədqiqi ilə məşğul olan firmalardan) məlumat toplanmasından və analiz edilməsindən ibarətdir. Proses bazar meyllənmələrini, qanunauyğunluqları aşkara çıxarmağı hədəfləyir. İqtisadi təhlilin 4 növü mövcuddur:

Təsviri təhlil: Dataları alır və gündəlik istifadə üçün mütəxəssislərin anlaya və onlarla işləyə biləcəkləri formaya gətirir. Bu növ təhlilə müxtəlif növ hesabatlar daxildir.

Proqnozlaşdırıcı təhlil: Əldə olunan məlumatların təhlil edilməsi vasitəsilə gələcək dəyişikliklər və qanunauyğunluqlar barədə proqnozlar verir. Təhlil edilən məlumatın həcmi nə qədər çox olarsa, proqnozun dəqiqliyi də bir o qədər artar.

Təyinatlı təhlil: Əsasən “data scientist”lərin məşğul olduğu və böyük həcmli datanın təhlili vasitəsilə problemlərin mümkün nəticələrini proqnozlaşdıran və optimal hərəkət alqoritmi təqdim edən mürəkkəb analitika növüdür.

Diaqnostik təhlil: Bu tip analitikanın əsas məqsədi dataları təhlil etməklə əldə olunmuş nəticələrin səbəbini aşkar etməkdir.

Sahibkarlar bu üsullardan istifadə etməklə bazarın dəyişmə meylləri, istehlakçıların davranışları və iqtisadi şərtlər barədə dəyərli məlumatlar əldə etmək imkanına sahib olurlar. Əldə olunan məlumatları da sonra qərar verərkən istifadə edirlər.

Sahibkarlar üçün iqtisadi təhlilin üstünlükləri

Qərar qəbul etmə prosesinin əsaslandırılması üçün iqtisadi təhlilin bir neçə üstünlüyü var:

Qərar vermə prosesinin təkmilləşdirilməsi: Adından da göründüyü kimi iqtisadi təhlil sahibkarların qərar vermə prosesini asanlaşdırır və verilən qərarlarda daha əmin edir.

Risklərin azaldılması: Qərarların əsaslandırılması üçün iqtisadi təhlildən istifadə edilməsi, həm də biznesə mənfi təsir göstərə biləcək yanlış qərar vermə ehtimalını da minimuma endirir.

Məhsuldarlığın artırılması: İqtisadi təhlil sahibkarlara qeyri-məhsuldar əməliyyatları aşkara çıxarmağa və yekun nəticəni yaxşılaşdırmağa kömək edir.

Rəqabət üstünlüyü: Sahibkarlar iqtisadi təhlildən istifadə etməklə bazar tendensiyalarını qabaqlaya və rəqibləri qarşısında üstünlük qazanmaq imkanı əldə edirlər.

İqtisadi təhlildən istifadə yolları

Yuxarıda sadaladığımız iqtisadi təhlilin təməl müddəaları və üstünlükləri idi. İndi isə sahibkarların onu əsaslandırılmış qərar qəbul etmək üçün necə istifadə edə biləcəklərinə nəzər yetirək.

Bazar tendensiyalarının aşkar edilməsi: Bazar tendensiyalarını və qanunauyğunluqlarını öncədən təxmin etmək uğurlu biznes strategiyalarının əsasını təşkil edir. Məsələn, sahibkar istehlakçıların ekoloji təmiz məhsullar alması tendensiyasının mövcudluğundan xəbərdar olarsa, öz məhsul xəttini ekoloji çeşindlər artırmaqla genişləndirə bilərlər.

İstehlakçıların davranışlarının təhlil edilməsi: İqtisadi təhlil istehlakçıların davranışları barədə təsəvvür yaradır. Məsələn, alıcılıq vərdişləri, istəklər və ya demoqrafik göstəricilər. Bu məlumatlar sahibkarlara məhsul təkliflərini auditoriyanın tələblərinə uyğunlaşdırmağa kömək edir.

Gələcək tendensiyaların proqnozlaşdırılması: Daha əvvəlki rüblərin hesabatları yaxud bənzər dataları analiz etməklə gələcək meyllər və qanunauyğunluqlar barədə proqnoz vermək mümkündür. Bu proqnozlarsa sərmayə qoyuluşu, məhsulların işlənib hazırlanması və marketinq strategiyalarının mühüm tərkib hissəsini təşkil edir.

Biznesin məhsuldarlığının ölçülməsi: İqtisadi təhlil sahibkarlara təkmilləşdirilməyə ehtiyacı olan sahələri müəyyən etmək imkanı verir. Məsələn, mağaza sahibi satışlar barədə məlumatları təhlil etməklə hansı məhsulun satışının yüksək, hansının aşağı olduğunu aşkar edə və məhsul çeşidinə lazımi düzəlişləri etmək imkanı əldə edə bilər.

Sahibkarlar üçün iqtisadi təhlilin problemləri

İqtisadi təhlil sahibkarları qiymətli məlumatlarla təmin etməklə yanaşı bir sıra çətinliklər də yarada bilər. Nəzərə alınması labüd olan əsas məqamlar aşağıdakılardır.

Məlumatların dəqiqliyi: İqtisadi təhlil dəqiq və aktual məlumatlara əsaslanmalıdır. Məlumatlar natamam, qeyri-dəqiq yaxud köhnəlmiş olarsa, yanlış nəticələrə, ardınca isə yanlış qərarlara gətirib çıxara bilər.

Məlumatların bolluğu: Əlçatan informasiyanın həddindən artıq olması sahibkarların gərəkli və aktual olanı seçməsinə və öz maraqları çərçivəsində istifadə etməsinə mane olur.

Texniki bacarıqlar: İqtisadi təhlil ümumi data analitikasının tərkib hissəsi olduğundan mütəxəssisdən informasiyaların və statistik məlumatların təhlili kimi texniki bacarıqlar və biliklər tələb edir.

Paylaş

Digər yazılar

Marketpleys yoxsa kompleks marketinq

Son vaxtlar marketoloqlar çevrəsində mübahisə doğuran mövzulardan biri də marketpleyslərdir. İnternetdə ticarət platformaları barədə çox saylı uğur hekayələri var ki, onları oxuyan sahibkarlar kompleks marketinqdən

Yeni dövlət standartları qəbul edildi

2022-ci ildə Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən 68 yeni dövlət standartı qəbul edilib. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin