Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) benefisiarı olduğu Lənkəran KOB İnkişaf Mərkəzi və Mingəçevir KOB İnkişaf Mərkəzinin idarəetmə operatoru olaraq “BERC&Partners” fəaliyyətini regionlarda uğurla davam etdirir. “BERC&Partners” şirkəti sentyabr ayında İqtisadiyyat Nazirliyinin elan etdiyi tenderin qalibi olaraq Lənkəran və Mingəçevir KOB İnkişaf Mərkəzlərinin idarəetməsini həyata keçirən idarəedici şirkət seçilmişdir.
Lənkəran və Mingəçevir KOB İnkişaf Mərkəzləri vasitəsi ilə regionlarda olan sahibkarlar və yeni biznesə başlamaq istəyənlər biznes idarəetməsi, maliyyə və vergi, hüquq, marketinq və şəbəkələşmə ilə yanaşı digər sahələrdə məsləhət, dəstək və təlim xidmətlərindən tam ödənişsiz əsaslarla faydalana bilərlər.
Fəaliyyət çərçivəsində 26 oktyabr tarixində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi, “Bir Tələbə” könüllü ictimai birliyinin təşkilatçılığı ilə keçirilən “Ecopreneurship: Dayanıqlı Gələcək üçün Region Gənclərinin Bacarıqlarının Artırılması” layihəsi çərçivəsində Lənkəran Gənclər evində tələbə və məzun olmuş gənclərin iştirakı ilə görüş keçirilmişdir.
Görüş zamanı “BERC&Partners” şirkətinin həmtəsisçisi, maliyyə və biznes idarəetməsi üzrə ekspert Kənan Ağayev və Lənkəran KOB İnkişaf Mərkəzinin layihə direktoru Zaur Əhmədov tərəfindən iştirakçılara “Kiçik və Orta sahibkarlıqda maliyyə resurslarının cəlbinin yolları” adlı interaktiv təlim keçirilmişdir.
Bununla yanaşı sahibkarlıq fəaliyyətinə başlamağa qərar vermiş iştirakçılara məsləhət və dəstək xidmətləri də təqdim edilmişdir.