fbpx
Skip links

Brend və Brendinq. Fərqləri nədir?

Bəzən yanlış olaraq brend və brendinq terminlərini eyniləşdirirlər.

Brend deyərkən hədəf auditoriyasının əmtəə nişanını qavraması zamanı yaranan funksional, qrafik, emosional və digər assosiasiyaların vəhdəti başa düşülür.

Dövrümüzdə brendlər hər yerdədir. İnsanların əksəriyyəti, hətta marketinqdən uzaq olanlar belə, brendin nə olduğunu bilirlər.

Brendinq isə brendin bazarda təşviq edilməsini hədəfləyən hərəkətlər toplusunu bildirir.

Brendinqin bir neçə təməl hədəfini misal gətirək:

  1. Populyarlığı artırmaq və əhatə dairəsini genişləndirmək;
  2. Şirkəti oxşar məhsul təklif edən rəqiblərindən fərqləndirən xüsusiyyətləri qabartmaq;
  3. Loyallığı artırmaq və müştəri bazasını genişləndirmək;
  4. Əlavə dəyər (müsbət assosiyasiyalar, keyfiyyətində, statusunda əminlik və s.) yaratmaqla məhsulun yaxud xidmətin qiymətini artırmaq.

Brend insanlara təsir göstərə bilən intellektual məhsuldur. Misal üçün, insanlar telefonlarını yaxud geyimlərini hal-hazırda dəyişmək istəməsələr belə, müntəzəm olaraq reklamlarda yeni məhsul görəndən sonra bu fikrə düşə bilərlər. Bu zaman onlar tanınmış brendin və düzgün qoyulmuş reklamın təsiri ilə şüuraltı qərar vermiş olacaqlar.

Məhz bu, brendi sadəcə əmtəə nişanından və ya firma tərzindən fərqləndirən əsas xüsusiyyətdir. Əmtəə nişanı daha çox formal aspektə cavabdehdir. Əmtəə nişanı ilə rəsmi sənədlərdə, etiketlərdə və reklamlarda qarşılaşa bilərsiniz. Firma tərzi isə məhsulu görünüşcə digər bənzər məhsullardan fərqləndirən orijinal dizayndır. Bu qrafik qərarlar məhsulu daha tanınan və yaddaqalan edir.

Qeyd edilən brendlə bağlı terminlər onun təsvir vasitələri olsalar da, brend özü-özlüyündə emosional-assosiativ anlayış və ideyalar kompleksidir. Sadə dillə desək, brend insanların onun əmtəə nişanını, hər hansı modelini görəndə keçirdiyi hissləridir.

Brendin növləri:

Hər bir brendin təşviqi növündən asılı olaraq müxtəlif brendinq strategiyası tələb edir.

  1. Şəxsi brendinq.

Şəxsi brend yaradılarkən istehlakçının təfəkküründə formalaşan xarici görünüş, imic və obrazda vurğu edilir. Şəxsi brend üçün hər şey vacibdir: rezume, sosial şəbəkələrdə fəaliyyətiniz, veb-saytın dizaynı və s.

  1. Məhsul brendinqi.

Məhsul brendinqinin qarşısında duran əsas hədəf müəyyən bir məhsul üçün obrazın və identikliyin yaradılmasıdır. Bu məqsədlə məhsulun ümumi dizaynı, loqosu, rəng tərtibatı və s. istifadə olunur. Məqsəd məhsulun bazardakı digər məhsullardan fərqləndirilməsinə, tələbatının artırılmasına və tanınmasına nail olmaqdır.

  1. Coğrafi (regional, mədəni) brendinq.

Müəyyən ərazilərin (şəhərlərin,  ölkələrin və s.) cəlbediciliyini artırmağı hədəfləyir. Ən çox yayıldığı sahələr turizm və mehmanxana biznesidir.

Brendinqin tərkib hissələri:

  • Neyminq (ad seçimi). İlk baxışdan məhsula ad vermək önəmsiz yaxud asan bir şey kimi görünə bilər. Lakin günümüzdə istehlakçının diqqətini cəlb edən, yaddaşlarda qalan ad və sloqanlar düşünən mütəxəssislər formalaşıb.
  • Loqo yazı yaxud şəkil vasitəsilə hədəf auditoriyasında şirkətinizlə bağlı vizual assosiasiya yaradır.
  • Şrift və rəng. Bu elementlər də istehlakçının qavrayışına təsir edərək şirkətiniz yaxud müəyyən bir məhsulunuzla əlaqəli assosiasiyalar yaradır.
  • Foto, qrafika. Brendin bütün tərkib hissələri biri-birinə uyğun olmalı və vahid tərz yaratmalıdır.
  • Sloqan hətta şirkətin adı çəkilməsə belə onunla assosiasiya olunmalıdır. Mətni qısa, yaddaqalan olmalı və diqqət cəlb etməlidir. Sloqanda brendinizin fəlsəfəsi cəmləşməlidir.
  • Sloqan brendin missiyasını, fəlsəfəsini özündə ehtiva etməlidir. Bu şirkətin təməli, bünövrəsidir.

 

Keyfiyyətli brendin xüsusiyyətləri:

Hər hansı bir brendin keyfiyyət göstəriciləri onun əlavə dəyər yaratmaq, müştəri cəlb etmək və üstünlük verilən məhsul olmaq bacarığı ilə ölçülür.

  1. Brendin sağlamlığı

Brendin gücü onun satışların önündə getməsindən və şirkətə yeni müştəri cəlb etməsindən birbaşa asılıdır.

  1. Qiyməti və əlavə dəyəri

Brendinizi yaxın keyfiyyət göstəricilərinə malik lakin brend olmayan digər məhsulla müqayisə etdiyiniz zaman aşkar olunan qiymət fərqi brendinizin əlavə dəyəridir. Hədəf auditoriyası üçün əlavə dəyər yarada bilən brendin marja dəyəri də artır.

  1. Reputasiya

Dövrümüzdə müasir texnologiyalar və sosial şəbəkələr istifadəçilərin hər hansı bir məhsul barəsində rəy yazmaq, fikir bildirmək imkanlarını genişləndirməklə qalmır, bu rəylərin monitorinqini də çətinləşdirir. Mənfi rəy isə reputasiya itkisinə və brendin zərər görməsinə səbəb olur.

  1. Brendin tanınması

Yaradıcı ad və cəlbedici xarici görünüş brendinizi rəqiblərlə müqayisədə daha fərqli və yaddaqalan edir. Yaddaqalan brend yaratmaq isə uzunmüddətli brendinq strategiyası və müəyyən maliyyə qoyuluşu tələb edir. Bu cür brend xərcləri azaldır və qarşıya qoyulmuş məqsədlərə çatmağı asanlaşdırır.

Məhsul mövqeləndirməsi onu rəqiblərindən fərqləndirən xüsusiyyət, onun ətrafında yaradılan obraz, alıcıya təqdim edilən dəyərdir. Onun məqsədi, sadə dillə desək, piştaxta qarşısında tərəddüd edən alıcını məhz sizin brendi almağa sövq etməkdir.

  1. Mövqeləndirmə

Məhsul mövqeləndirməsi onu rəqiblərindən fərqləndirən xüsusiyyət, onun ətrafında yaradılan obraz, alıcıya təqdim edilən dəyərdir. Onun məqsədi, sadə dillə desək, piştaxta qarşısında tərəddüd edən alıcını məhz sizin brendi almağa sövq etməkdir.

  1. Uyğunluq

Brend mədəni və sosial kontekstə uyğun olmalıdır. Strategiyanı elə qurmaq lazımdır ki, bu uyğunluq ən az 10 il davam etsin. Hədəf auditoriyasını və biznes mühitini anlamaq, dəyişiklikləri proqnozlaşdırmaq və onlara vaxtında reaksiya vermək məqsədə çatmağa kömək edəcəkdir. Bunun üçün istehlakçılarla müntəzəm əlaqə yaratmaq, onları ünsiyyət qurmağa həvəsləndirmək, informasiya toplanması və analiz edilməsini həyata keçirmək lazımdır.

  1. Emosional əlaqə

İstehlakçı ilə emosional əlaqənin yaradılması loyal müştərilərin sayının artmasına gətirib çıxarır ki, bu da öz növbəsində şirkətin strategiyasının daha stabil və etibarlı olmasına səbəb olur.

Brend yaratmazdan öncə analitik iş aparmaq vacibdir. Bu məsuliyyət brend-menecerin öhdəsinə düşür. O ilk növbədə bazarın tutumunu, rəqibləri və istehlakçıları analiz edir və müəssisənin imkanlarını qiymətləndirir.

Paylaş

Digər yazılar

Yaxşı kreativ nədir və necə yaradılır?

Kreativ – reklam və marketinq sənayesinin aparıcı qüvvəsidir. O həm brendlə auditoriya arasında ünsiyyət vasitəsi, həm də maraqlandırmaq, təəccübləndirmək və cəlb etmək gücünə malik alətdir.