“BERC&Partners” ilə “AccessBank” Qapalı Səhmdar Cəmiyyəti arasında Universitet və Biznes Əməkdaşlığı layihəsi çərçivəsində memorandum imzalandı. “AccessBank” QSC-nin İdarə Heyətinin üzvü Renat Hümbətov və “BERC&Partners”-in direktoru Ruslan Məmmədov tərəfindən imzalanan bu Memorandum çərçivəsində birgə fəaliyyətlərə uyğun olaraq həm dövlət-özəl sektor tərəfdaşlığı, həm özəl tərəfdaşlıq, o cümlədən respublikamızın biznes sektorunda, xüsusilə mikro, kiçik və orta sahibkarlığın inkişafı layihələrində əməkdaşlıq ediləcək. Layihənin idarəetmə operatoru “BERC&Partners” şirkətinin nəzdində fəaliyyət göstərən “Universitet Biznes Əməkdaşlığı Mərkəzi“-dir (UBƏM).
Memorandumun əsas istiqamətləri aşağıdakılardır:
- Respublikamızda maliyyə və biznes sektorunun, xüsusilə mikro, kiçik və orta sahibkarlıq sektorunun inkişafına töhfə verən müxtəlif dəstək, məlumatlandırma, maarifləndirmə və məsləhət, forum, konfrans, seminar və bu qəbildən olan digər tədbir və fəaliyyətlərin birgə təşkili;
- Biznes layihələrin yaradılması və inkişaf etdirilməsi, xüsusilə Universitet, Maliyyə İnstitutu və İdarəetmə Operatorunun dəstəklədiyi İnkubasiya və Akselerasiya fəaliyyətlərinin nəticəsi olan layihələr;
- Biznes və maliyyə sektoru üçün zəruri bilik və bacarıqlara, cari bazarın tələblərinə cavab verən kadr və menecerlərin hazırlanması, təkmilləşdirilməsi üçün təhsil və təlim fəaliyyətində əməkdaşlıq;
- Biznes və maliyyə sektorunun inkişafı üçün tədqiqat və araşdırmaların aparılması, tədqiqat nəticələrinin biznes və maliyyə sektorunda tətbiqinin həyata keçirilməsi, tədqiqatların maliyyələşdirilməsi üçün müxtəlif mexanizmlərin, o cümlədən tədqiqat nəticəsində əldə olunmuş işlərin-məhsulların daxili və beynəlxalq bazarlara satışının təşkili;
- Özəl biznesin idarə edilməsi və professional məsləhət xidmətlərinin verilməsi infrastrukturunun yaradılmasının birgə təşkili sahələrində əməkdaşlıq.
Qeyd edək ki, UBƏM akademik institutlar və biznes sektoru arasında ələqalər quran, cəmiyyətin və iqtisadiyyatın real problem və ehtiyaclarını müəyyənləşdirən və ya həll yolları təqdim edən layihələrin birgə həyata keçirilməsini təşkil və idarə edən, layihələrin maliyyələşmə modellərinin işlənməsini həyata keçirən layihə idarəetmə və tədqiqat mərkəzidir.